Məhəmməd Əsədov: "Sonacan SAVAŞIN!..."
Featured

07 Mart 2019

"Sonacan Laçın torpağı uğrunda savaşın!..- Heç bir siyasi təşkilata qoşulmayın…"

Şəhid Daxili İşlər naziri Məhəmməd Əsədovun Laçında sovet generalının yanında etdiyi sərt çıxış üzə çıxdı...

"Artur Rasizadə isə çıxışında laçınlılardan tələb etdi ki, silahlarını rus qoşunlarına təhvil versinlər..."

Laçın rayonunun tanınmış ziyalılarından olan Qəzənfər Hüseynov sosial şəbəkədə özünün "Xəyallarda qalan Laçın" xatirə-gündəliyindən növbəti hissəni təqdim edib (Xatırladaq ki, həmin gündəlikdən bəzi parçaları nəzərinizə çatdırmışıq). Bu dəfəki parçada müəllif Laçının işğalından bir neçə il öncə şahidi olduğu, SSRİ-nin yüksək çinli şəxslərinin də iştirak etdiyi maraqlı bir ictimai-siyasi olaydan bəhs edib.

Sözügedən materialı diqqətinizə çatdırırıq: 

"Sonacan Laçın torpağı uğrunda savaşın!..- Heç bir siyasi təşkilata qoşulmayın…"

"1990-cı ilin yay ayları olardı. Dağlıq Qarabağ ermənilərinin mitinqlə başlayan etirazları artıq silahlı hücuma keçməklə nəticələnmişdi; erməni yaraqlıları azərbaycanlılar yaşayan kəndlərə hücum edir, günahsız adamlarımızı qətl edirdilər... 

Həmin vaxt ŞSRİ DİN Daxili Qoşunları hərbçiləri Dağlıq Qarabağ və ətraf rayonların mühafizəsini öz üzərinə götürmüşdü...

Laçın Rayon Partiya Komitəsinin iclas salonunda Moskvadan və Bakıdan gəlmiş yüksək vəzifəli məmurların iştirakıyla geniş tərkibdə yığıncaq çağırılmışdı. Mən də müəssisə rəhbəri kimi iştirak edirdim.

Tədbirə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini Artur Rasizadə, Azərbaycan KP MK katibi Telman Orucov, Azərbaycan SSR Daxili İşlər naziri Məhəmməd Əsədov, Prezident Ayaz Mütəllibovun DQMV üzrə səlahiyyətli nümayəndəsi Əlsahib Orucov, SSRİ DİN Daxili Qoşunlarının komandiri general Yuri Şatalin və digər məsul vəzifəlilərdən ibarət mümayəndə heyəti qatılmışdı.

Laçın Rayon Partiya Komitəsinin rəhmətlik birinci katibi Xanlar Məmmədov yığıncağı giriş sözü ilə açaraq rayondakı vəziyyəti geniş təhlil etdi. O, general Şatalinə üzünü tutaraq bildirdi ki, mərkəzi hökümət qəti və prinsipial mövqe tutmasa, həm Ermənistan, həm də DQMV tərəfdən bizə edilən silahlı hücumların qarşısını ala bilməyəcəyik. Siz hərbçilər kömək etməsəniz, bizim vəziyyətimiz çox ağır olacaq, öz gücümüzlə əhalinin təhlükəsizliyini müdafiə edə bilməyəcəyik, çünki SSRİ Daxili İşlər Nazirliyinin əmri ilə əhalimizdə olan ov silahları yığılmağa başlanıb...

Qara eynəkli general Şatalin çıxış edərək aşağıdakı fikirləri bizə çatdırdı: 

"Bu münaqişə müvəqqətidir, sonda ağıl qalıb gələcək, hər iki xalq əvvəlki kimi dostluq və qardaşlıq münasibətində yaşayacaq. Siz azərbaycanlılar sülhsevər xalqsınız, qətiyyən təxribata uymayın, kimdə ov silahı varsa, dövlətə təhvil verməlidir…Sonda isə əlavə etdi ki, erməni tərəfi məni ittiham edir ki, Şatalinin qızının əri azərbaycanlıdır..."

Çox sonralar xalqımızın böyük dostu, Dağlıq Qarabağ Muxtar vilayətinin və ətraf rayonların komendantı olmuş general Vladislav Safonov bildirdi ki, haqqı -azərbaycanlıları müdafiə etdiyimə görə Şatalin məni çox incidirdi, həm də onun qızının əri erməni idi...

Sonra çıxış edən Artur Rasizadə də elə bir fərqli fikir bildirmədi. Ümumi sözlərdən sonra əlavə etdi ki, mərkəzi hökümət sizin təhlükəsizliyinizi müdafiə etdiyindən bütün ov silahlarınızı təhvil verməlisiniz. Mərkəzi Komitə katibi Telman Orucov da təxminən eyni fikirləri səsləndirdi. Əlsahib Orucov isə çıxış eləmədi...

Laçının o vaxtkı polis rəisi Ələsgər Əliyev, prokuror Dürhəsən İmanov və digər yerli çıxışçılar vəziyyətin olduqca acınacaqlı olduğunu, erməni silahlılarına qarşı qəti tədbirlər görülmədiyini, xüsusən də Laçın-Şuşa yolunun üstündə olan erməni kəndlərindəki terrorçular tərəfindən magistral yolla gedib-gələn azərbaycanlıların qətl edildiyini Moskvadan gələn generalın diqqətinə çatdırdılar...

Sonda Azərbaycan Respublikası Daxili İşlər Naziri Məhəmməd Əsədov çıxış üçün tribunaya qalxaraq üzünü general Şatalinə tutub vəziyyəti ümumi sözlərlə təhlil etdi. Sonra rəhmətlik Şatalinin yanında oturan azərbaycanlı tərcüməçiyə dedi ki, bundan sonrakı çıxışımı dediyim kimi tərcümə etmə...

Daha sonra şəhid Daxili işlər naziri üzünü salonda əyləşənlərə tutaraq dedi:

"Sonacan Laçın torpağı uğrunda savaşın!..- Heç bir siyasi təşkilata qoşulmayın…"

"Əziz laçınlılar, mən də əslən bu dərənin oğluyam, sizinlə açıq danışacam. İsrail-Fələstin münaqişəsi 30 ildən çoxdur ki, davam edir, hələ nə qədər davam edəcəyi də bilinmir... Ermənilər bu münaqişəyə uzun illərdir hazırlaşıblar. Kim sizə nə deyirsə, desin, heç də inanmayın ki, bu münaqişə tezliklə başa çatacaq... Heç kəsə silah verməyin, heç bir siyasi təşkilatda birləşməyin, bir olun, sona qədər bu torpaq uğrunda savaşın. Bizim polis orqanları da Sizinlə olacaq..." 

Sonrakı hadisələr onun nə qədər haqlı olduğunu göstərdi. Qətiyyətli, millətsevər mövqeyinə görə də şatalinlər onu və digər bu cür qeyrətli oğullarımızı məlum 20 Noyabr vertolyot terroru ilə şəhid etdilər... 

Allah rəhmət eləsin!."

Sultan Laçın

http://vetenugrunda.az/azaerbaydzan/dzaemiyyaet/item/4002-8-mart-iranl-aman-n-zhanl-zhulazhlar-zhatil-esfirin-zhiymaetli-bash-video

Top
JoomlaLock.com All4Share.net