26 illik susqunluğun arxasında dayanan Kəlbəcər faciəmiz-VİDEO
Featured

02 Aprel 2019

Bu gün Azərbaycanın ən zəngin məkanlarından olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalınını 26 yaşı tamam oldu.

26 ildir dünyanın ən müasir silahlarını alan Azərbaycan hökuməti "Biz Qafqazın ən güclü ordusuna sahibik" desə də, işğalda olan torpaqlarımızın azad edilməsi məsələsi gündəmə gələndə "lazım gələrsə" deməklə kifayətlənir. "Lazım" kimdir, nədir, nə zaman gələcək, bizim onu niyə gözləyirik və ya bizim onu gözləməyimizi bilirmi?

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. 31 mart isə soyqırım günüdür. Bizim Kəlbəcəri itirməyimizin xeyli səbəbləri var amma bəlkə də ən birincisi, bu gün də hakimiyyətin müxtəlif pillələrində təmsil olunanların erməniqarışıq olması torpaqlarımızı, vətənimizi parçaladı, insanlarımızı məhv etdi.

Kəlbəcərin malik olduğu xəzinəni, daha doğrusu, xəzinələri saymaqla bitməz. 

Kəlbəcər dünyanın ən saf, ən qiymətli, tibbi baxımdan tayı-bərabəri olamayan sulara malikdi. Təbii sərvətlərinə görə bəlkə də dünyanın elə bir ölkəsi yoxdur ki, bir məkanda bu qədər təbii sərvət qaynağları yerləşsin. Baxdıqca, oxuduqca, tanış olduqca ermənilərin bir rayona deyil, nələrə sahibləndiyini və nə qədər dəyərlərimizi itirdiyimizi fərq edirik. Bu fərqi anlamaq dərdi çox ağırdır. Çünki insan bu itkiyə çıtır-çıtır yanır.

26 ildir ermənilər Kəlbəcərin gözəl təbiətini, buz bulaqlarını, can dərmanı olan sularını reklam etməklə dünyanın hər tərəfindən turistlərin bu məkana axışına nail olur. Dünyadan Kəlbəcərimizə, cənnət məkana axışan turistlərə bu məkanı Ermənistan ərazisi kimi tanıtmaqla tariximizi məhv edən ermənilər turizmdən sərvət qazanırlar və büdcələrini doldururlar. O büdcəyə Kəlbəcərdən əldə etdikləri pullarla qazandırdıqlarına silah alır və ən yaxşı, ən cəsur övladlarımızı Şəhid edirlər. Kəlbəcərimizdən qazandıqları milyonlarla vəsaitlə erməni gəncərini dünyanın ən bahalı ali məktəblərində oxudurlar. Bu gənclər Ermənistanın gələcəyinin qüvvətlənməsi zəmanətdir. Bir ölkə üçün ən böyük sərvət onun təhsilli gəncləridir. Ermənilər bizdən aldıqları torpaqların sayəsində buna nail olurlar.

Kəlbəcərin sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları; 

Sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları; ehtiyatları 10941 min m3 olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı;
ehtiyatları 1312 min m3 olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı;
ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı; ümumi ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl qarışığı yatağı;
gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalıb.


Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir.
Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m).
Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.


Hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Onun ümumi su tutumu 560 milyon m3, bəndinin hündürlüyü 125 metrdir. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 79000 hektar əkin sahəsi suvarılırdı. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.

Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu gölləri var. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqlarına malikdir.

Bu gün Kəlbəcər sakinləri Azərbaycanın 59 rayonunda məskunlaşıb. 1936 kvadratkilometr sahəsi olan Kəlbəcərin bizə ancaq adı qalıb. Kəlbəcər işğal ediləndə əhalisi 70 minə yaxın idi. İndi yəqin ki xeyli artar əhalisi-Kəlbəcərsiz kəlbəcərlilər. 

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər Şəhid olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi ermənilərə qalıb.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net