Düşmən əlinə keçməmək üçün zəhər içən Şəhidimiz
Featured

04 Aprel 2019

1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açanda valideyinləri nə zamansa qızlarının Şəhid olacağını yəqin ki ağıllarına da gətirmirdilər. Çünki İkinci Dünya Savaşından qələbə ilə çıxan sovet adamları idi onlar. Qarşıda onları daha dəhşətli müharibənin gözlədiyini hardan biləydilər.

Qaratel Hacımahmudova 1962-ci ildə Aşağı Əskipara kəndin orta məktəbini bitirdikdən sonra Bakı Ticarət Texnikumuna daxil olub. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. O, daha sonra Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub. Mübarizə aparmaq, döyüşmək bu cəsur xanımın alın yazısıydı.

1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar. Qaratel Hacımahmudova ondan fikrini soruşur. Hümbət Qarabağa gedəcəyini deyir. Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağ döyüşlərinə yollanır. O, isə öz kəndlərinə gəlir və kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur.

O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirərdi ki, döyüşçülər ac qalmasın. Qaratel Hacımahmudova həm də Azərbaycan döyüşçüləri ilə birgə səngərdə bərabər döyüşürdü. 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər. O, hərəyə bir avtomat və 2 ədəd qumbaraatan verilən, 28 nəfərlik dəstədə idi. Bütün çətinlikliyə baxmayaraq, dəstə ermənilərin hücumu dəf edə bildi. Lakin ermənilər iyunun 14-də səhər tezdən rus hərbi bölmələrinin köməyi ilə növbəti güclü hücuma keçdilər. O, komandir Yaşar Qasımovun taqımımda döyüşürdü. Fələməz deyilən mövqe hər tərəfdən top və tank atəşinə tutulmuşdu. Qaratel Hacımahmudova komandirin çətin tapşırığı yerinə yetirərək başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi. 

Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr etmişdi. Lakin o, geri çəkilmir, arabir mövqeyini dəyişirdi. Qaratel Mərdan Əsgərovla eyni səngərdə döyüşürdü. Bu son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də onların yanındaydı. Ermənilər Vəli kişini əsir götürürlər.

Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu. O həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurmuşdu. Komandir Yaşar Qasımovun sözlərinə görə, o uzaqdan Hacımahmudovanın bərkdən qışqırtısını eşitmişdi. Sən demə, ermənilər Qaratelin saçından tutub sürüyə-sürüyə komandirin yanına aparıblar.

Ermənilər onunla bərabər həlak olmuş Alıyev Alı, Əsgərov Mərdan, Əmiraslanov Şəmistanın meyitlərini də götürüb aparırlar. Həmin ilin iyunun 26-da, onun cəsədi, Mərdan Əsgərovun, Şəmistan Əmiraslanovun, Surxay Məmmədovun və Alı Alıyevin cəsədləri və əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilir.

Subay idi. O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyüdmüşdü. Ömrünü qardaşının balalarına həsr etmişdi.

Qaratel Şəmi qızı Hacımahmudova Şəhid olduqdan sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Ruhu şad olsun!

Top
JoomlaLock.com All4Share.net