Şəhid kəşfiyyatçılarımız anıldı-VİDEO
Featured

10 Aprel 2019

Düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşərək Şəhid olan 7 döyüşçümüzün cismani ayrılığından 22 il keçdi. Bu gün onlar, Şəhadətlərinin ildönümündə yad edilib. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu gün II Fəxri Xiyabanda 10 aprel 1997-ci tarixində Xüsusi Təyinatlı Dəstənin Şəhid olmuş 7 üzvünün anım tədbiri təşkil olunub. Tədbiri Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova təşkil edib.

Şəhid ailələri, Qarabağ qaziləri, media nümayəndələri və ictimai fəalların toplaşdığı tədbirdə 103 saylı orta məktəbin 3 və 5-ci sinif şagirdləri və Xüsusi Təyinatlı Dəstənin sağ qalmış üzvü Aqil Əhmədov iştirak edib.

Qeyd edək ki, 10 aprel 1997-ci il tarixdə Xüsusi Təyinatlı Dəstə, (komandir, leytenant Elxan Ataxan oğlu Ağayev, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuş Dinar İbrahim oğlu Mustafayev, çavuş Anar Üzeyir oğlu Rzayev, çavuş Aqşin Əli oğlu Həsənov, çavuş Nizami Səfi oğlu Ələkbərov, çavuç Fariz Şəmil oğlu Cavadov və düşmən gülləsindən yaralanaraq meşədə saatlarla hüşsuz qalıb 1 il 11 aylıq əsirlikdən qayıdan Aqil Mürsəl oğlu Əhmədov) kəşfiyyat zamanı düşmən tərəfindən mühasirəyə alınıb, qəhrəmancasına döyüşmüş və Şəhid olmuşlar.

1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birincin qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir yaşlı erməni qadını görür. Təbii ki, döyüşçülərimiz o qadına toxunmurlar. Ancaq bir az keçmiş düşmən həmin o qadının xəbəri ilə kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü Şəhid olur, onlardan 1-i Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə hökmü çıxarır. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Aqil Əhmədov Mürsəl oğlu (Sağdır).

Top
JoomlaLock.com All4Share.net