Moskvada üç nazirin Qarabağ görüşü başlayıb
Featured

15 Aprel 2019

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.

Rusiyanın TASS rəsmi dövlət informasiya agentliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bu gün Moskvada baş tutacaq danışıqlar barədə məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivlərini müzakirə etmək üçün görüşəcək.

"Qapalı məsləhətləşmələr Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da baş tutmuş danışıqlar fonunda keçiriləcək. Nazirlərə ATƏT-in Minsk Qrupunun həmsədrləri-İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) qoşulacaqlar"-məlumatda deyilir.

Xatırladılır ki, Əliyevin və Paşinyanın Avstriya paytaxtında baş tutmuş söhbəti onların sayca dördüncü şəxsi görüşü, lakin ilk rəsmi danışıqları olub. Daha əvvəl onlar Düşənbə və Sankt-Peterburqda MDB sammitləri çərçivəsində, habelə Davosda görüşüblər.

"Vyana raundunun başlıca yekunu tərəflərin münaqişənin dinc nizamlanmasına dair birbaşa dialoqu davam etdirməyə hazırlıq ifadə etmələridir.

Minsk Qrupunun həmsədrləri bəyan ediblər ki, tərəflər sülhə yol açan şəraitin yaradılmasını və münaqişənin dinc yolla həlli üçün sonrakı danışıqlar prosesində konkret, nəzərəçarpan addımların atılmasının vacibliyini qeyd ediblər. Bundan başqa Əliyev və Paşinyan münaqişənin nizamlanması üzrə humanitar addımlar barədə razılığa gəliblər, atəşkəsin zəruriliyini təsdiq ediblər və birbaşa rabitə mexanizminin təkmilləşdirilməsi barədə anlaşıblar"-TASS bildirir.

Xatırladılır ki, Vyana danışıqlarının yekununu Rusiya prezidenti Vladimir Putin Əliyev və paşinyanla telefon söhbəti zamanı müzakirə edib.(virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net