"Dırnaqları çıxarılıb, ağzına "tok verilib", butulka ilə boğulub..."-VİDEO
Featured

21 İyun 2019

Natəvan Qafarova əkdiyi güllər, çiçək açdıqca, onları dərib həyat yoldaşının məzarına aparır.
"Dəfn olunanda "vətən xainidir" deyib gətirmişdilər. Bizə hədə-qorxu da gəlirdilər ki, hələ şükür edin, meyidinizi veririk, torpağa tapşırırıq. Mollalar da gəlib "Quran" oxumağa qorxurdu. Sonradan məlum oldu ki, o, günahsız imiş. Gəlib başdaşı ucaltdılar,"-Natavan Qafarova deyir.

Polkovnik Saleh Qafarov 2017-ci ildə casusluq ittihamı ilə həsb edilən, daha sonra döyülərək öldürülən hərbçilərdən biridir. Ölümündən 1 il sonra məhkəmədə günahı sübuta yetirilmədiyi üçün ona bərabət verilib.

"Salehin yaşadıqlarını düşündükcə, insan havalanar. Adicə bir az barmağın kəsilir, onun yarası sağalınca, necə göynəyir insan... Siz indi təsəvvür edin ki, sizin dırnaqlarınız çəkilir, həmin yerdən sizə tok verilir. Ağzınızdan tok verilir. Butulka ilə sizi boğurlar. Almaturlarla döyülürsünüz. Zabitlər məhkəmədə deyirlər: "Bizi düzürdülər, sonra deyirdilər, dala qayıdın. Əl-gözümüz bağlı. Necə qayıdasan? Bir-birin yıxan kim, tapdalayan kim..." 3 yol qoyublar qarşılarına: ya ittihamı boynuna almalısan, ya kiminsə adın çəkməlisən, ya da ölməlisən. Saleh ölümü seçib".

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər Nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbçi və mülki şəxs tutulub. Bundan az sonra həbs edilən hərbçilərin ölüm xəbərləri gəlib. Həbs edilən və istintaq vaxtı öldürülən hərbçilərin yaxınları dəfələrlə etiraz aksiyası keçirib, hadisələrin düzgün araşdırılmasını tələb ediblər.

Rəsmi qurumlar bu işdə hakim önünə çıxarılanlar və məhkəmə qərarları ilə bağlı məlumatlar yaymayıblar.
Natəvan Qafarova deyir ki, hərbçilərə işgəncə verənlər arasında da həbs edilənlər var. Lakin onlara bu göstərişi verənlər cəzalandırılmayıb:
"8 nəfəri tutub salıblar içəri. Əsl günahkarlar onlar deyil axı. Zabitlər məhkəmədə deyir ki, biz əmrə tabe olmuşuq. Əmri Hikmət Həsənov verib. Bəs, o, niyə məsuliyyətə cəlb olunmur?"

Polkovnik Saleh Qafarov ömrünün 22 ilini orduda keçirib. Ailənin son istəyi ona şəhidlik statusu verilməsidir.

Top
JoomlaLock.com All4Share.net