Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?
Featured

08 İyul 2019

Siz, Azərbaycan məmurunun kalibirindən asılı olmayaraq Qarabağ haqqında istər siyasi baxımdan, istər həssas ovqata köklənib hansısa bəyanatını oxumusunuz, eşitmisiniz? Vəzifədə olanda, bəlkə də nədənsə çəkinib, hərçənd işğal olunmuş vətəndən danışmaqdan niyə çəkinmək lazımdır, amma heç vəzifədən çıxanın da dilindən Qarabağ haqqında yaddaqalan bir təsirli söz eşitməyib bu camaat.

Məmurlar bir tərəfə, heç son on ildə Azərbaycanda ziyalı kimi tanınan, qəbul edilən şəxslərin də Qarabağ haqqında heç bir yazısını, cəmiyyətə təsir edəcək bir çıxışını, tələbini, mövqeyini bu xalq görməyib, eşitməyib. Ən uzağı, yemək süfrəsi arxasında əttökən sağlıqla Qarabağ yad edilib. Ona görə də bu gün Qarabağdan ötrü xalq ayaqda deyil. Təəssüf... Yox, təəssüfü xırda məsələlərdən ötrü edərlər, bu təəssüfedici məsələ deyil, bu faciədir.

Biz, bütöv toplum olaraq Qarabağ məsələsində elə acınacaqlı durumdayıq ki, buna yadlar təəssüf edə bilər, yeddi biyana yad təəssüf edər. Amma, biz özümüzü heç nə olmamış kimi aparırıq. Məmurun da, ziyalının da, sıravilərin də gündəmində hər şey var, Qarabağdan başqa. Axı nə etməliyik? Bu söhbət olanda ən çox verilən və ən mənasız sual da budur. Bu sualı içində vətən, Qarabağ sevgisi olmayan insanlar verir. Bu sualı bəzən qeyd etdiyimiz məmur və ziyalı təbəqəsi də verir, cavabdan yayınmaq üçün 80-ci illərin sonunda meydan hərəkatından, o vaxt yazdığı şerdən, məqalədən danışıb işini bitmiş hesab edənlər də var. 


Birbaşa Qarabağ münaqişəsi ilə məşğul olan məmurların da standart cavablarından, bəzən isə tam yanlış bəyanatlarından başqa nə eşitdik ki? Nadir hallarda bəzi keçmiş məmur mütəxəssislər, ekspertlər istisna olaraq nəsə deyirlər, o da, jurnalist sual ünvanlayanda.

Nədən bu vəziyyəti xüsusi vurğulamaq məcburiyyətində olduq? Biz məğlub vəziyyətdə olan dövlətik, xalqıq. Biz böyük bir ərazimizi itirmişik və onun geri qaytarılması, azad edilməsi uğrunda daha çox, hər gün danışmalı və iş görməliyik. Amma, əksinə proses baş verir.

Qalib düşmən daha çox iş görür, Qarabağ problemini gündəlik olaraq müzakirə edir, nəinki Dağlıq Qarabağın, hətta bütün işğal olunmuş Qarabağ torpaqlarının Azərbaycana qaytarılmayacağını hər gün xalqının beyninə yeridir. Həm də təkcə özlərinin deyil, bütün dünyanın şüuruna, düşüncəsinə yeridirlər və buna demək olar ki, nail olublar. Qeyd etdiyimiz kimi bu işdə düşmənin bütün təbəqələri fəaldır, Paşinyandan tutmuş Kəlbəcərdə məskunlaşan Yervanda qədər.

Qarabağda bu günlərdə səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “Artsax xalqının qətiyyətindən” məmnun qaldığını söyləyir. Vaşinqton görüşündən sonra Qarabağa baş çəkən nazir görünür perspektiv sülhməramlılar, hansısa ərazilərin geri qaytarılması barəsində dediklərinin süngü ilə qarşılandığını hiss edəndə bu qənaətə gəlib. İrəvandan gələn məmura sərt cavablar verilib. Onlar bu sərtliyi illərlə aparılan təbliğatdan və bizim susqunluğumuzdan ilhamlanaraq nümayiş etdirirlər.

Qarabağın təhlükəsizlik məsələləri üzrə eksperti hesab edilən Raçya Qalstyanın Mnatsakanyana cavabına diqqət edin.

“Nə sülhməramlılar, nə ərazi qaytarmaq? Yerevan ictimaiyyəti (biz yox ha, özləri!) bizim qalib gəldiyimizlə barışmalıdır. Qalib olmağa alışın və XXI əsrin təhlükələrinə və çağırışlarına hazır olun. XX əsrdən qalma bir işimizi də başa vurmalıyıq, Miatsum prosesini bitirmək lazımdır.

Erməni dövlətçiliyi arasındakı bölücülüyü, aranı ləğv edib, Birləşmiş Ermənistan yaradılmalıdır”.
Bu, bir separatçı erməninin mövqeyi deyil, buna ”əşşi, erməni qələt eləyir, nə olsun deyib” kimi mənasız yekəxana (əslində bacarıqsızlığın sığortası) əl yelləmək də lazım deyil.

Sovet dönəmindəki respublika rəhbərləri də başlarını işlətmək əvəzinə əllərini yellədib Kremlin başında yanan ulduzu özünə mayak bilib Qarabağı bu günə qoydular. Məsələdən xəbərdar ola-ola, heç bir real iş görmədilər.

Və erməninin “qalib olmağa alışın” deyiminin arxasında böyük siyasət dayanır. Ona görə ki, hər gün onun ziyalısı, məmuru bunu onların şüuruna yeridib. 25 ildir biz bu mövqeyin tam tərsi olan “məğlub olmağa alışın”durumu ilə üz-üzəyik.

Açığı, Qarabağ məsələsinin həllinə yanaşmada Qarabağ erməniləri ilə İrəvan ermənilərinin mövqeyində üst-üstə düşməyən məqamların olduğu məlum idi və güman etmək olardı ki, bizim keçmiş vətəndaşlarımız hansısa keçmiş münasibətləri yadda saxlayıb barışığa meyilli olarlar. Tam əksi imiş. Onlar indiki duruma alışıblar və burda ən çox bizim rolumuz var. Rolumuz susqunluğumuzdur.

Separatçı rejimin keçmiş məmuru da “nə işimə qalıb” fəlsəfəsindən uzaq olduğunu nazir Mnatsakanyana çatdırıb. Qondarma rejimin (özümüzə verdiyimiz təsəlli terminlərinə bax...) keçmiş xarici işlər naziri Arman Melikyan təkcə Yerevan rəsmisini yox, bəzi tərəddüd keçirən yerli erməniləri də hədəf götürür. “Bəziləri düşünür ki, ərazi güzəşti olmasa necə olacaq? Biz nəsə verməliyik ki, nəsə də alaq. Bu kommersantlar üçün olan yoldur. Bizim problem kommersiya vasitəsi ilə həll olunmur.

Ticarətçilər anlamaz ki, diplomatiyada nəsə almaq üçün ən yaxşısı heç nə verməməkdir”. Bu da, keçmiş məmurun fəlsəfəsi. Bütün həyat fəlsəfəsini maddiyyat üstündə quran keçmiş, indiki məmurlarımızın mövqeyi qolda iki milyonluq saat taxmaqdan o yana deyil. O saatı taxanın, o pulları oğurlayanın yadına Qarabağ hardan düşsün?

Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?
Картинки по запросу ilham ismayil
İlham İsmayıl

05/07/2019

Top
JoomlaLock.com All4Share.net