"Niyə Azərbaycan hələ də münaqişə zonasına hücum etməyib"
Featured

07 Avqust 2019

"Əgər Qarabağ Ermənistandırsa, onda Nikol Paşinyanın danışıqlar prosesində Qarabağın nümayəndələrinin xüsusi və ayrıca iştirak ehtiyacına dair tələbini necə başa düşmək lazımdır?"

Bunu Eurasia Diary-ə eksklüziv açıqlamasında xarici siyasət, təhlükəsizlik və müdafiə məsələləri üzrə analitik Qriqori Trofimçuk Ermənistanın Baş naziri Nikol Paşinyanın pan-erməni oyunlarını izləmək üçün Azərbaycanın işğal altındakı Xankəndi şəhərinə səfəri zamanı səsləndirdiyi "Artsax (Qarabağ) Ermənistandır və alternativi yoxdur" bəyanatını şərh edərkən bildirib.

O düşünür ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanı müharibəyə çəkəcək təxribatlardan çəkinmir və anklavın bu cür müstəqillik formasının görüntüsünü yaratmağa çalışır.

"Üstəlik, bu, ilk hadisə deyil, bütövlükdə bu cür hadisələr silsiləsindəndir. Bu məsələ Azərbaycanın əsəblərini tarıma çəkir. Eyni zamanda, bizi təəccübləndirdi ki, niyə Azərbaycan hələ də münaqişə zonasına hücum etməyib. Bir daha təkrar edirəm: düşünmürəm ki, Paşinyan bütün Cənubi Qafqazı sarsıda biləcək problemləri təkbaşına müstəqil həll etmək iqtidarındadır. Burada artıq məsələn KTMT kimi təşkilatlarla nələrin baş verdiyini düşünməliyik".

Politoloq Paşinyanın çıxışının danışıqlar prosesinə ehtimal olunan təsirlərinə də toxunub. Onun fikrincə, hazırda bütün danışıqlar prosesi Bakıdan asılıdır.

"Bakı Ermənistandakı hakimiyyət dəyişikliyini gözlədi və bundan sonra İlham Əliyevin Nikol Paşinyanla Qarabağla bağlı ilk görüşü baş tutdu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri mütəmadi görüşürlər. Bu, Bakının problemi dinc, siyasi, diplomatik yolla həll etməyə hazır olduğunu göstərir".

Analitikin fikrincə, Azərbaycanın bu addımları, əsasən Ermənistanın yeni hökumətinin tanınması da çox qiymətlidir.

"Bütün bunlardan sonra, həqiqətən anlaşılmaz bir şəkildə və tamamilə dəqiq son məqsədləri olmayan, hətta Rusiya üçün də küçədən çıxanların legitimliyini tanımaq qərarına gəlindiyini təsəvvür edə bilərsinizmi? Buna baxmayaraq, Paşinyan bu jesti qiymətləndirmədi və daha çoxunu istəyir. Kənardan baxsaq, Azərbaycanın 2016-cı il "Aprel döyüşləri"ndən sonra özünü saxlamağı bacarması, yəni müharibəni davam etdirməməsi qəribədir. Buna baxmayaraq, Azərbaycan tərəfindən danışıqlara xitam verilməsi ilə bağlı heç bir açıqlama verilməyib. Bakı ümid edir ki, Moskva vəziyyətin mürəkkəbliyini başa düşəcək və məsuliyyətli müşahidəçi kimi gərgin vəziyyətdən çıxış yolu tapacaq".

Azərbaycanın bu vəziyyətdə nə etməli olduğuna gəlincə Trofimçuk belə cavab verib:

"Mən bu suala dəfələrlə cavab vermişəm. Əvvəlcə etməli olduğum ən vacib məqam - Qarabağla bağlı beynəlxalq müşahidəçilər qrupu ilə ATƏT-in Minsk Qrupunu yoxlayardım ki, onlar Nikol Paşinyanın danışıqlar formatını dəyişdirməyə yönəlmiş bəyanatlarını eşidiblərmi və buna necə reaksiya verməyi düşünürlər.

Mən onlardan xahiş edərdim ki, bütün digər məsələləri kənara qoysunlar. İkincisi, Bakının dəfələrlə qaldırdığı ATƏT-in Minsk Qrupunun daxilində rotasiya məsələsidir. Ancaq yenə də hamı öz yerində qalmaqda davam edir və əslində hələ də münaqişənin kəskinləşməsini dayandırmaq üçün heç nə etmirlər.

Başqa təkliflərim də var, amma hələlik müşahidəçilərdən aydın cavabları eşitmək istərdim. Yoxsa aydın şəkildə demək lazımdır ki, müşahidəçilər (Rusiya istisna olmaqla) Qarabağda və bütövlükdə Cənubi Qafqazda genişmiqyaslı müharibədən faydalanırlar".

Top
JoomlaLock.com All4Share.net