Print this page

Qnçakyan erməniləri Azərbaycan və Türkiyəyə qarşı birləşməyə çağırdı
Featured

19 Dekabr 2019

"Qnçakyan" Partiyası bütün erməniləri Azərbaycan və Türkiyəyə qarşı birləşməyə çağırdı...

"Sosial-demokrat" adlanan, amma yaranışdan qayəsi terrorla yoğrulmuş erməni "Qnçakyan" Partiyası bütün Ermənistan ictimaiyyətini və dünya ermənilərini birliyə çağırıb.

Partiyanın işğalçı ölkə saytlarında yayılmış bəyanatında deyilir:

"...ABŞ Senatının "erməni soyqırımı"nı tanıyan bir qətnamə qəbul etməsi Türkiyə-Azərbaycan tandemini sərtləşdirdi və onlar bütün agent və lobbi şəbəkəsindən yararlanaraq Ermənistana qarşı kampaniyada uğurlar əldə etməyə, o cümlədən Qarabağ məsələsinə zərbələr vurmağa çalışırlar. Beləliklə, Ermənistan və bütün dünya ermənilərinə meydan oxunur. Buna cavab üçün isə təhlükəsiz sabit tərəqqi, Ermənistan Respublikası və erməni xalqının gələcəyi naminə şüurlu, sağlam qüvvələrin birliyi gərəkdir". Odur ki, "Qnçakyan" ölkədəki hakimiyyətdə hansı rejim və şəxslərin olmasına baxmayaraq Ermənistanda və xaricdə fəaliyyət göstərən bütün milli və siyasi qüvvələri xarici siyasət cəbhəsində Ermənistanın mövqeyini gücləndirməyə və möhkəmləndirməyə kömək etməyə çağırır..."

Qeyd edək ki, 1887-ci ildə Osmanlı dövlətini parçalamaq və "inqilab yoluyla erməni sosialist dövləti qurmaq" adı altında Türkiyədə yaradılan "Qnçakyan" sosial-demokrat partiyası XX əsrin ilk illərindən açıq şəkildə terroru və zorakılığı öz məqsədlərinə çatmaq üçün mümkün vasitə elan edib. Türkiyə və Azərbaycandakı terror, soyqırım və işğal aktlarında "Daşnaksütyun"la yanaşı, bu partiyanın da böyük rolu olub. (moderator.az)