Lənkəran iqtisadi rayonu


Azərbaycanın cənub-şərqini əhatə edən bu rayon Lənkəran təbii coğrafi vilayətinə uyğun gəlir. Tərkibinə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad kənd rayonları və respublika tabeli Lənkəran şəhəri daxildir. Bu rayon Talış dağları və Lənkəran ovalığından ibarət olub, cənubdan Iranla həmsərhəddir.

Faydalı qazıntıları çox azdır. Əsasən tikinti materialları (mişarlıq əhəngdaşı, çay daşı, qum, çınqıl), meşə və mineral sularla zəngindir. Xəzərin sahilində kurort-turizm bazaları yaratmaq imkanları böyükdür. Rayonda filiz faydalı qazıntıları yoxdur.

Əhalisi əsasən azərbaycanlılardan, qismən talış və ruslardan ibarətdir. Əhali Lənkəran ovalığında sıx, dağlarda isə seyrək məskunlaşıb. Təbii artım yüksəkdir. Əhali uzunömürlüdür (xüsusilə Lerikdə).

Təsərrüfatı. Rayonda sənaye çox zəif inkişaf edib. Rayonun sənayesi bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Sənaye məhsulunun 90%-i yeyinti sənayesi verir. Yeyinti sənayesi balıq emalı və balıq konservi, çay, tütün, meyvə-tərəvəz konservi, şərab zavodları ilə təmsil olunur. Rütubətli subtropik iqlimin və sarı torpaqların olması sitrus meyvələrin, üzümün, çayın, taxılın və faraş (tezyetişən) tərəvəzçiliyin inkişafına imkan verir. Lakin yağıntı ilin soyuq dövründə düşdüyündən süni suvarmaya böyük ehtiyac var. Azərbaycanda becərilən çayın 99%-ni, tərəvəz və bostan məhsulunun yarıdan çoxunu bu rayon verir. Ümumiyyətlə regionda hakim olan rütubətli subtropik iqlim rayonun k/t-nın ixtisaslaşmasına təsir edən əsas amildir. Bu iqtisadi rayon daxilindəki Bakı-Astara dəmir və avtomobil yolu Azərbaycanla Iran arasında yükdaşımada mühüm rol oynayır. Lənkəranda aeroport var.

 

Vətən Uğrunda © 2013