"Nardaran işi" məhkəməsi davam edir-TƏXRİBAT BAŞ TUTMADI-VİDEO
Featured

11 Yanvar 2017

Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə və digərlərinin məhkəməsi davam edib.

Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda Taleh Bağırzadə çıxış edib.

Bildirib ki, Azərbaycan xalqı özünə layiqli rəhbər seçməlidir:

"Biz xalqın başını aşağı edən rəhbər istəmirik. Sabah nəslimiz bizi susmaqda qınayacaq. Xalqı düşünmədilər, milyardlarını necə gəldi xərclədilər. 26 ildir müstəqilik, ancaq azadlığımız yoxdur. Azərbaycan xalqı rəhbərini özü seçməyib".

Daha sonra Fuad Qəhrəmanlı, Əli Nuriyev və Abbas Quliyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Vəkil bildirib ki, F. Qəhrəmanlı ailə üzvlərilə görüşə bilmir. O, buna şərait yaradılmasını xahiş edib, müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyib:

"İttihamlar əsassızdır. Cinayət işində faktlar uydurmadır, məntiqsizdir. Fuaddan başqa digərlərinə işgəncə verilib. Hətta buna görə Abbas Quliyev özünə qəsd etmək istəyib. Həbs ifadə azadlığı ilə bağlıdır. Fuad Qəhrəmanlının çıxışlarında talan, zorakılıq olmayıb. İttihamlar absurddur. Fuad Qəhrəmanlı intellektual insandır, ekspert kimi fikrini bildirib. Əli Nuriyev isə sinir xəstəsidir, ailəlidir, azyaşlı uşağı var və heç kimi öldürməyib. Hər üç şəxsə bəraət verilməli, iş bağlanmalıdır".

Vəkil həmiçinin polislərin zorakılığı ilə bağlı qərar qəbul edilməsini istəyib.

Digər vəkil Fariz Namazlı isə deyib ki, əməliyyata rəhbərlik edən Kərim Əlimərdanov onların yaddaşında təzadlı insan kimi qalıb:

"Deyirlər, Kərim Əlimərdanov namaz qılır. Necə olur həm də işgəncə verir? Çoxlu suallarımız var idi. Lakin o, prosesə gəlmədi. İttihamlar saxtadır. Abbas Hüseynovun telefon danışıqları dinlənilib. Orada heç nə yoxdur. Əgər onlar günahkardısa, onda onları müdafiə edən vəkillər və dəstəyə gələnlər də günahkardır. Bu şəxslərin arxasında Allah dayanıb. Sizin kölgəsinə sığındığınız adamlar isə bir gün sizə xəyanət edəcəklər".

Vəkillərdən Cavad Cavadlı təqsirləndirilən şəxslərin əməllərində cinayət təqibi olmadığını söyləyib: "26 noyabr Azərbaycan tarixində qara ləkə kimi qalacaq. Cəmiyyətdə çaşqınlıq var idi. Ancaq zaman hər şeyi həll etdi. Sizin verəcəyiniz qərar siyasidir. Yerinizdə olmaq istəməzdim. Anlayırıq ki, siyasi məhkəmədir və tam da olmasa ədalətli qərar gözləyirik. Bəraət hökmünün çıxarılmasını istəyirəm"(meydan tv).

Prosesi izləmək və təqsirləndirilənlərə dəstək məqsədilə məhkəmə binası önünə xeyli ictimai-siyasi fəal toplaşıb. AXCP sədri Əli Kərimli və partiya rəhbərliyinə daxil olan şəxslər də prosesi izləyənlər arasındadır. AXCP lideri məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verərək, bütövlükdə prosesi qiymətləndirib.

Qeyd edək ki, bu gün məhkəmənin qarşısında şəkildə gördüyünüz bu çadralı qadın təxribata əl atsa da ətradakı inanclı insanların sayəsində qarşıdurma yaranmayıb. İnanclı insanlar onu sakit olmağa və yersiz hay küy yaratmamağa çağırıb.

Ətrafdakıların nardaranlı hesab etdiyi bu qadın VETENUGRUNDA.AZ-ın müxbiri ilə söhbəti zamanı Qərbi Azərbaycanın Qafan rayonunun Şəhərcik kəndindən olduğunu bildirib. Söhbət zamanı qadın onu da deyib ki, "Nardaran işi"ndə onun yaxınları yoxdur. Sadəcə olaraq o, etiraz etmək üçün gəldiyini söyləyib.

Arzu Arzu Abdull Abdulla adlı birinin şəkli.

Diqqətimizi çəkən digər məqam isə ətrafda sipər çəkmiş polislərin bu "üsyankar" qadına reaksiya verməyərək, onun "cihad" şousunu sona çatdırmağa imkan verməsi oldu.

Digər tərəfdən səs-küylü "Nardaran işi" məhkəməsnin sona çatması ərəfəsində bu "cihad" şousunun göstərilməsi günahsız insanlara qarşı ssenariləşdirilən təxribatın anonsu idi. Səbəb bəllidir. "Nardaran işi" bütün ölkədə böyük etiraza səbəb olub. Bu etirazçıların, çoxluğu, görünür, inanclı insanlara "terrorçu", "vətən xaini" ləkəsini yaxanları çox narahat etdiyindən belə "cihad" şoularının ardı olacaq. Məqsəd isə haqsız yerə şərlənərək həbs edilən insanların yaxınlarını da "polisə müqavimət" ittihamı ilə şərləyib həbs etmək və aylarla telekanallarda "Papaq" filmindəki məşhur "bombarabatay" səhnəciyini təkrarlamaqdı.

Axı ictimaiyyətin daha çox artan marağı və məhkəmənin nəticəsini izləməyə gələnlərin sayının həddən artıq çoxalması müvafiq strukturları çox narahat edir.  

"Nardaran işi" məhkəməsinin vəkillərindən biri Fariz Namazlı facebook sosial şəbəkəsində paylaşdığı statusunda da bu barədə yazıb: "Nardaran işi üzrə məhkəmənin qarşısına yığışanlar bir-neçə rakursdan video kameralarla çəkirlər. Görünən odur ki, çaşqınlıq içindədirlər, ciddi ehtiyat edirlər".

Vəkil daha sonra Tale Bağırzadəni İran agenti adlandıranlara cavab verib: "Tale Bağırzadənin İran agenti olması barədə ittihamlar  irəli sürənlərə: 2015-ci ilin sentyabr ayında Talehin telefon danışıqlarına qulaq asılması barədə məhkəmə qərarı alınmışdı, xeyli qulaq asdılar, bir şey tapmadılar. Ayrıca Talehə vətənə xəyanət ittihamı da verilməyib"".

Top
JoomlaLock.com All4Share.net