Müharibəyə başlamalıyıq-İLYAS İSMAYILOV
Featured

14 Dekabr 2016

İlyas İsmayılov: "ATƏT-ə Türkiyə, Pakistan da qoşulsa, Qarabağ həll olunmayacaq"

"Ona görə ki, ATƏT-in qərarı tövsiyə xarakterlidir. Bu təşkilatın bəyanatları, çağırışları dövlətlər üçün öhdəlik yaratmır"

"Biz də ərazilərimizi o terrorçulardan təmizləmək üçün, əməliyyatlara başlamalıyıq. Bunu həyata keçirmək üçün kifayət qədər gücümüz var"

"On milyonluq xalq birlikdədirsə, bu xalqın qarşısında dağ da dayana bilməz"

Ölkəmizin ictimai-siyasi həyatında bir çox proseslər gedir ki, cəmiyyətin diqqəti həmin proseslərdədir. Xüsusən də ağrılı məsələmiz olan Dağlıq Qarabağ probleminin hələ də çözülməməsi, münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarındakı qeyri-müəyyənlik vətəndaşlarımızda narahatlıq yaratmaya bilməz. Bundan başqa iqtisadi çətinlik, böhranın hiss edilməsi fonunda baş verən proseslər də diqqət mərkəzindədir.

Ədalət Partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayılovla söhbətimizdə ölkəmizdə baş verən proseslərə işıq salmağa çalışdıq. "Şərq”in bütün suallarına cavab verməyə çalışan İlyas müəllimlə müsahibəyə Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinə onun münasibəti ilə başladıq...

-İndi deyirsiz Qarabağla bağlı danışıqlar aparılır. Amma kiminlə? Ermənistan rəhbərliyi ilə? Ermənistanın Prezidenti Azərbaycanın Prezidentindən fərqli olaraq söz sahibi deyil axı. İşğalçı Ermənistan xaricdə yaşayan ermənilər tərəfindən idarə edilir. Diasporaları İrəvana pul göndərirlər, bununla da başlarını saxlayırlar. Eyni zamanda Ermənistan Rusiya tərəfindən idarə olunan, Moskvanın forpostu olan bir qondarma respublikadır. Buna görə də, Ermənistanın rəhbərliyi ilə, xarici işlər naziri ilə aparılan danışıqların heç bir əhəmiyyəti yoxdur.

- Bəs rəsmi Bakı sülh danışıqlarını hansı güclə aparmalıdır?

- Hesab edirəm ki, ümumiyyətlə sülh danışıqları mənasızdır. Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət çox pisdir. Bunda bizim də günahımız az deyil. Mən vaxtilə Qarabağla bağlı fikirlər səsləndirəndə, tənqid edirdilər. Nə deyirdim? Bildirdim ki, ATƏT və onun Minsk Qrupu Qarabağ münaqişəsini həll edə bilməz. Ona görə ki, ATƏT-in qərarı tövsiyə xarakterlidir. Bu təşkilatın bəyanatları, çağırışları dövlətlər üçün öhdəlik yaratmır. Ermənistan da öhdəlik yaratmadığını bildiyi üçün, təklifləri, bəyanatları, tövsiyələri saymır. Deyilir ki, Minsk Qrupunun formatı dəyişdirilsin, Türkiyə də bizə qardaş ölkə olaraq ora daxil edilsin. Lap tutaq ki, Türkiyə də prosesə qoşulsun. Lap elə Pakistan da bizə dost ölkə olduğu üçün Minsk Qrupunda təmsilçi olsun. Amma heç bir dəyişiklik ola bilməz. Çünki yenə də təkrar edirəm ki, bu qurumun qərarları tövsiyədən başqa bir şey deyil.

- Çıxış yolu nədir?

- Biz çalışmalıyıq ki, Dağlıq Qarabağ problemini BMT-nin Təhlükəsizlik Şurasına çıxaraq. Və bu təşkilatdan tələb etməliyik ki, münaqişənin həlli ilə bağlı verdikləri dörd qətnaməyə əməldə icra edilsin. Ermənistana BMT Təhlükəsizlik Şurası təzyiq etməlidir ki, torpaqları qeyd-şərtsiz boşaltsınlar. Əgər Təhlükəsizlik Şurası bizim çağırışlarımıza, tələbimizə məhəl qoymursa, o zaman öz başımıza özümüz çarə qılmalıyıq.

- Yəni ki, münaqişənin həllini müharibədə görürsüz?

- Ancaq və ancaq problemin həlli müharibədən keçir. Hazırkı durumda, müharibəyə alternativ görünmür.

- Amma müharibəyə də beynəlxalq güclərin təpkisi olacaq...

- Beynəlxalq güclər Azərbaycana nə deyəcək? Uzağı bir-iki bəyanat verəcəklər. Mən işğal olunmuş torpaqlarımı azad edirəmsə, mənə hansı təzyiq edilə bilər? Dediyiniz o beynəlxalq güclər bu gün gedib başqa ölkələrin vətəndaşlarını dovşan kimi ovlayırlar. Şəhərləri, kəndləri xarabalığa çevirirlər.

Onlara bir söz deyən var? Baxın, bu gün Suriyada və yaxud da İraqda nələr baş verir?! Bunu kim edir? Həmin beynəlxalq güclər deyil ki?! Bilirsiz, hesab edirəm ki, işğalda olan ərazilərimizi azad etmək üçün kimsəylə, hansısa güclə hesablaşmağımız lazım deyil. Qarabağda separatçı terrorçular qondarma rejim qurub. Biz də ərazilərimizi o terrorçulardan təmizləmək üçün, əməliyyatlara başlamalıyıq.

Bunu həyata keçirmək üçün kifayət qədər gücümüz var. Ordumuz qısa zamanda, ərazilərimizi azad edə bilər. Sadəcə hərəkət etməliyik. Azərbaycan milləti, siyasi partiyalar Qarabağ münaqişəsi ilə bağlı hər zaman bir yerdədir. On milyonluq xalq birlikdədirsə, bu xalqın qarşısında dağ da dayana bilməz.

- Belə fikirlər var ki, müharibəyə başladığımız təqdirdə, Ermənistanın ağası olan Rusiya prosesə qoşulacaq. Yəni dolayısı ilə biz işğalçı Ermənistanla deyil, Rusiya ilə müharibəyə girməli olacağıq...

- Rusiya niyə prosesə qoşulmalıdır ki? Ümumiyyətlə biz Ermənistanla müharibə etmirik ki. Rusiya ilə Ermənistan arasında müttəfiqlik var. Amma biz sabah əməliyyatlara başlayırıqsa, bunu Ermənistan dövlətinə qarşı deyil, öz ərazilərimizi terrorçu rejimin tör-töküntülərindən təmizləmək üçün edirik. Öz torpaqlarımızı azad etmək üçün hərbi yola baş vururuqsa, buna heç bir dövlətin qarışmaq ixtiyarı yoxdur.

- Ölkədə fəaliyyət göstərən siyasi təşkilatların fəaliyyətini necə qiymətləndirirsiz?

- Bilirsiz, məsələ ondadır ki, ölkədə siyasi partiyaların aktiv fəaliyyəti üçün şərait olmalıdır. Bu şərait olmadığına görə təşkilatlar durğunluqdadır. Demək olar ki, partiyalar məhv olur.

- Sizin rəhbərlik etdiyiniz partiya hazırda nə işlə məşğuldur?

- Nizamnaməmiz, məramnaməmiz var ki, ona uyğun olaraq da fəaliyyət göstəririk.

- Demək olarmı ki, gələcək seçkilərə hazırlaşırsız?

- Xeyr, gələcək seçkilərə hazırlaşmaq deyil. Gündəlik fəaliyyətimizi göstəririk. Normal seçki prosesinin keçiriləcəyinə inansaq, o zaman gücümüzü bu istiqamətə tam yönəldərik.

- Bir neçə il öncə iqtidar-müxalifət dialoqları keçirilirdi. Siz də dəfələrlə bu dialoqlarda iştirak etmisiz. Yenidən iqtidarla müxalifətin bir masa ətrafında oturması, müzakirələri mümkündürmü? Ümumiyyətlə dialoqla bağlı sizdə hansısa məlumat varmı?

- Məndə dialoqla bağlı heç bir məlumat yoxdur. Gərək müzakirələrdə iqtidar maraqlı olsun. Hazırda qütblər arasındakı münasibətlər ürəkaçan deyil. Gərək iqtidar müxalif təşkilatlara potensial alternativi kimi baxsın ki, ölkənin ümummilli problemləri ilə bağlı bir araya gəlməkdə maraqlı olsun. Təbii ki, hər zaman dialoqların keçirilməsi mümkündür. Amma münasibətlərin kəskin yox, normal olması lazımdır ki, bu müzakirələr baş tutsun.

- Parlamentin fəaliyyətini izləyirsizmi? Neçə illik deputat təcrübənizə əsasən Milli Məclisin hazırkı işini necə qiymətləndirirsiz?

- Düzünü deyim ki, izləmirəm. Necə fəaliyyət göstərməsinə də marağım yoxdur. Amma bilirəm ki, Milli Məclis öz funksiyasını həyata keçirə bilmir.

- Bunun səbəbini deputatların passivliyində görürsüz, yoxsa...

- Ümumiyyətlə, parlament qanunverici orqan kimi öz işini həyata keçirə bilmir.

- Ölkə iqtisadiyyatı ilə bağlı müəyyən problemlər var. Dolların bahalaşması, iqtisadi böhran hiss edilir. Böhrandan çıxış yolu sizcə nədədir?

- Mən iqtisadçı olmadığıma görə, bu sualınıza dolğun cavab verə bilməyəcəm. Hər halda ölkəmizdə savadlı iqtisadçı ekspertlər var və onlar təhlillərini aparıb, orijinal təkliflər verə bilərlər. Hökumət də bu təkliflərə baxa bilər. Ümumilikdə isə böhrandan çıxmaq üçün hesab edirəm ki, əsaslı islahatlar aparılmalıdır. İstər siyasi olsun, istər iqtisadi, bütün növ böhranlardan çıxmaq üçün, mütləq çıxış yolu hər zaman olub.

Sadəcə istək lazımdır, dövlətin, xalqın maraqlarına uyğun konsepsiyanı ortaya qoymaq, mexanizmləri dəqiq şəkildə həyata keçirməklə vəziyyəti düzəltmək mümkündür.

 

Anar Bayramoğlu

Şərhini daxil et

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top
JoomlaLock.com All4Share.net