Etibar İsmayılov - 54 nəfərə ömür verən şəhid...-VİDEO
Featured

19 Oktyabr 2016

Vəfadar İsmayılov: "Etibar əsl döyüşçü idi, cəsur, qorxmaz, döyüşməyi bacaran"

Müsahibim Vəfadar İsmayılov Ağcabədidən gəlib, Hindarx kəndindən. Onunla görüşümüzün səbəbi isə çox önəmlidir. Səbəbkar Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş şəhid Etibar Bəylər oğlu İsmayılovdur. Azərbaycanın Milli Qəhrəmanı Etibarın qardaşı Vəfadar qardaşı ilə bağlı isti, doğma, uzaqda qalan o illərin xatirələrini söylədi.

"Etibar 1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində doğulub. 1981-ci ildə kənd orta məktəbini bitirib. Əsgəri xidmətini isə sovet ordusunda tank bölməsində başa vurub. Müharibə başlayana qədər kənddə çilingər işləyib. Müharibə başladığı ilk günlərdən silahsız, əliyalın soydaşlarını erməni vəhşilərindən qorumağa başlayıb. 1990-cı illərdən o, əlinə silah alıb düşmənin qarşısına çıxıb.

Sonralar Ağdam müdafiə batalyonunda döyüşüb. O, Naxçivanik, Şelli kəndlərinin müdafiəsində şəxsi döyüş nümunəsi göstərib. Xocavənd (keçmiş Martuni) rayonunun ərazisində düşmənə öldürücü zərbələr endirib. Ağcabədi özünümüdafiə taboru yaradılanda isə burda düşmənə qarşı döyüşə atılıb. 1994-cü ildə Xocavənd rayonunun Qarakənd istiqamətində əməliyyata başlayıb. O, kəşfiyyata gedər, mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar tərkibində Etibarın da olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...

Bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır, erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.

Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Meyiti döyüş meydanında qalmışdır". Vəssalam.

Doğrusu, şəhidlərimiz haqqında silsilə yazılar yazmaq çoxdankı fikirimdir. Uzun müddətdir internetdə onlarla bağlı məlumatlar axtarsam da, dolğun informasiya tapmaq mümkün olmadı. Ona görə "Vəssalam" yazdım ki, həyatını xalqı, torpaqları uğrunda qurban verən, 32 döyüşçünün xilası üçün qarnına qumbara bağlayıb, özünü tankın altına atan bir qəhrəman haqqında çox az məlumat var. Lap az. Bu, əslində onun elədiklərinin və kimliyinin heç 2 faizi deyil. Biz hər hansı şou ulduzunun adını yazıb internetdə axtaran minlərlə məlumat tapılrıq. Axı bugünkü gənclərin vətənpərvər ruhda yetişdirilməsi üçün bu, çox dəhşətli faktdır. "Göz gördüyünü sevər" deyiblər. Gözümüz bu gün kimləri daha çox görür? Və ya gözlərimizi yağır edənlər kimlərdir?

"Etibar dəfələrlə mühasirədə qaldı"

- Doğma adamın haqqında keçmiş zamanda danışmaq çox çətindir. Üstəlik, o, adamın çox yaxşı, ləyaqətli bir şəxs olması və hər an yerinin görünməsi ağrılıdır. Qardaşınızı, milli qəhrəmanımızı necə xatırlayırsınız?

- Etibar çox ürəkli, cəsur, vətənpərvər insan idi. Uşaqlıqdan onun canında qorxu deyilən nəsnə yox idi. Elə ona görə də müharibənin lap ilk günlərindən silaha sarıldı. Hələ silahlı ermənilərin qarşısında əliyalın qaldığımız vaxtlarda ov tüfəngi ilə təhlükəli vəziyyətdə olan kəndlərdə qarovul çəkirdi. Xocavənddə ermənilər azğınlaşanda evdə yatmırdı. Əlində tüfəng bütün günü ayaqüstəydi.

Sonralar müharibə şiddətləndi. O, 1991-ci ildən Azərbaycanın özünümüdafiə könüllü dəstələrinə qoşuldu. Ağdamın Şelli, Əsgəranın Xanabad istiqamətlərində döyüşlrədə iştirak edirdi. 1992-ci illərdə Ağdərənin mühasirədə olan Umudlu kəndi uğrunda qızğın döyüşlərə qatıldı. 1992-ci ilin axırına kimi Hindarxın özünmüdadiə batalyonu yarandı, Xocavənd rayonunun Əmralılar, Kuropatkin kəndində yerləşən bu batalyonda Etibar xüsusilə qəhrəmanlıq göstərdi. 2 ildə o, bir necə dəfə mühasirədə qaldı. Nərgiztəpə mühasirəsində özünü ölümə atıb, 12 nəfər əsgəri xilas etdi.

- Deyirsiz, Etibar bir neçə dəfə mühasirəyə düşüb və ölümdən qurtarıb. Səbəb yəqin onun döyüş yerlərinə yaxşı bələd olması imiş.

- Hə, həm döyüş gedən yerlərə yaxşı bələd idi, həm də döyüş taktikasını bilirdi. Yəni deməzdim ancaq o yerləri tanıdığı üçün belə bacarıqlı idi. Etibar o dövrün gəncləri kimi əsgəri xidmətini sovet odrusunda çəkmişdi. Özü də inşaat briqadasında deyil, tank bölməsində olmuşdu. Artıq bu, ona silahlarla döyüş zolağında necə rəftar ertməyi öyrətmişdi.

Çünki qardaşım o vaxt özü də deyirdi ki, milli orduya gələn əsgərlər, yəni əsgəri xidmətə gələnlər çox bacarıqsızdırlar. Çünki orta məktəbi bitirib, əlinə silah alıb, düşmən üstünə getmək çox təhülkəli idi. Yəni bu döyüşlərdə daha çox sovet ordusunda xidmət edənlər, döyüş bacarığı olanlar döyüşməyi də bacarırdılar. Bu bacarığı da onu dəfələrlə düşmən mühasirəsini yarmaqda kömək edirdi. Etibar əsl döyüşçü idi, müharibənin bütün qaydalarını bilən, bacarıqlı və cəsur döyüşçü.

Axrıncı döyüş - Qarakənd əməliyyatı...

- Etibarın son mühasirəsi sonuncu olmaya da bilərdi, əgər...

- Bilirsiniz, bu döyüşdə Etibar tək deyildi. O, ancaq özünə cavabdeh olmadığı üçün bu mühasirə sonuncu oldu. Ümumiyyətlə, Etibar ancaq özünü düşünən adam deyildi. Sadəcə olaraq, Qarakənd əməliyyatı bütünlükdə pozulmuşdu, üstəlik, bayaq dediyim səbəblər var idi. Kəşfiyyata gedənlərin arasında döyüş bacarığı olmayanlar da az deyildi. Üstəlik, o dövrdə milli ordudakı hərc-mərclik, vahid komandanlığın olmaması Qarakənd əməliyyatını uğursuzluğa düçar etdi.

- Qarakənd əməliyytaı ilə tanış olanda Daşaltı əməliyatını xatırlayırsan. Çünki hər iki əməliyyat uğursuzluq və ağır itki ilə nəticələndi. Söz yox ki, Daşaltı əməliyyatında daha çox tələfat oldu. Amma hər iki əməliyyat Etibar kimi cəsur döyüşçümüzü əlimizdən aldı.

- Hə, yeri gəlmişkən, Etibar həm də kəşfiyyatçı idi. Etibarın axırıncı döyüşü olan Qarakənd əməliyyatı 1994-cü ildə baş tutdu. Azərbaycan silahlı qüvvələrinin birgə hazırladığı əməliyyat idi. Əməliyyata əsasən Xocavənd-Qarakənd istiqamətində bizim əsgərlərimiz ermənilərin arxasına keçməli, Ağdam, Füzuli, Xocavənd istiqamətində olan yolu ələ keçirməli və erməni qoşunlarının qarşısı alınmalı idi. Əməliiyat başlanan vaxt havaya qatı duman gəlir və heç bir yan görünmür. Bundan kəşfiyyatçı əsgərlər bərk təşvişə düşürlər. Duman çəkiləndə isə əməliyyatçılar nəzərdə tutulan mövqedən çox uzaqlaşdıqlarını anlayırlar.

Dumanlı havada 150 nəfərdən ibarət olan kəşfiyyatçı dəstəsi erməninin üç, dörd postunu arxada buraxaraq irəliləyiblər. Mingəçevir və Hindrax batalyonundan ibarət olan dəstəyə Etibar komandirlik edib. Etibar bu dəstənin komandiri olub. Dəstə Piribulağın üstündə qərarlaşıb. Bu zaman bir ağ "Niva" gəlir və ermənicə nəsə soruşur. Bizim əsgərlər də atəş açıb erməni komandirini öldürürlər. Səsə tez bir zamanda erməni zirehli tankları, BMP-ləri gəlir və kəşfiyyatçılarımızı mühasirəyə alır. Kəşfiyyatçılarımızın olduğu mövqe coğrafi baxımdan ermənilər üçün əlverişli olub. Bura dağətəyi ərazi olub. Ermənilər hər tərəfdən hündürlükdən bizimkiləri asanlıqla vura biliblər. Bu yer dağətəyi təpəlikdir.

- Yəqin ki, o dövrün başqa əməliyyatları kimi burda da bizimkilər köməyə gecikib?

- Ümumiyyətlə, köməyə gələn olmayıb. Hətta çox da uzaqda olmayan Ağdam tank batalyonu kömək edə bilərdi. Sadəcə, bayaq dediyim problem, yəni ordudakı özbaşınalıq buna imkan vermirdi. Etibar öz batalyonunu müdafiə etməyə çalışır. Xeyli itki verilir. Bütün axşamı yol gedən kəşfiyyatçılar səhər açılan kimi səhv etdiklərini anlayırlar və döyüş başlayır. Yəni səhərdən saat üçə, dördə kimi döyüş getsə də, köməyə gələn olmur.

Qarakənd əməliyyatında təkcə Hindarx kəndindən 17 nəfər şəhid olub

Amma deyim ki, kəşfiyyatçılarımız itki vermədən bu mühasirədən salamat qurtara bilərdilər. Çünki döyüş baş verən Piribulağı deyilən yerdə hündür otluq vardı. Adamdan hündür olan bu otluqda rahatca gizlənib geri qayıtmaq da olardı. Əgər erməni komandirini güllələməsəydilər, kimsə kəşfiyyatçılarımızı tanımayacaqdı. Elə yolu yaxşı bilənlər hündür otluqla sürünə-sürünə salamat geri qayıda bilmişdilər. Onlar sovet odrusunda döyüş hazırlığı keçənlər idi. Onlar belə qəfil döyüşə hazırlıqlı idilər.

- Bu Etibarın sonuncu döyüşü oldu...

- Hə, Etibar görür ki, erməni BMP-ləri, tankları bizim uşaqlara gözünü açmağa imkan vermir. Xüsusilə bir BMP-nin üstündəki atıcılar başını qaldıran əsgərlərimizi həmin anda vururmuş. Etibar qranatı sinəsinə sıxıb özünü tankın altına atmışdı. BMP- partlayandan sonra 32 nəfər xilas ola bilmişdi.

Onu da deyim ki, Xocavənddə yerləşən Qarakənd coğrafi baxımdan çox qapalıdır. Hətta 1905-ci ildə Azərbaycanı ermənilərin caynağından xilas etməyə çalışan türk qoşunları da bu kəndə girə bilməyib. Kəndə girmək üçün ancaq bir yol var. Sovet dövründə bu kənddə ermənilər bir qadın heykəli də qoyublar. Gün çıxanda bu heykəl bərq vurur və heykəlin parıltısını Ağdamdan, Hindarxdan indi də baxanda görmək olur. Bu heykəl guya azad qadın üçün qoyulmuşdu.

Qardaşım həmişə ordunun pərakəndəliyindən gileylənirdi. Deyirdi ki, 200 nəfər əsgərlə Xocavəndi ermənilərdən rahatlıqla almaq olar. Atam Böyük Vətən Müharibəsində döyüşmüşdü. Veteran idi. O zaman döyüş bölgələrinə tez- tez baş çəkirdi. Və ordumuzun durumundan çox narazıydı. Bax belə, baxımsızlıq Etibar kimi minlərlə oğullarımzıla yanaşı, torpaqlarımızı da əlimizdən aldı. Vətən uğrunda ölmək şərəfdir. Qardaşım həyatını şərəflə başa vurdu. Amma biz itirdiklərimizin müqabilində daha çox uğur əldə edə bilərdik. Ən azından, torpaqlarımız işğal altında qalmazdı.

Arzu Abdulla

 

Top
JoomlaLock.com All4Share.net