Əsirikdəki Xocalıda ruhu əsir olan Cəngavər-Əlif Hacıyev-VİDEO
Featured

19 Oktyabr 2016

Əlif Hacıyevin erməni daşnakları ilə mübarizəsi Qarabağ hadisələrindən əvvəl başlayıb.

Dağlıq Qarabağda, Xankəndində erməni millətçilərinin gizli fəaliyyəti, azərbaycanlılara qarşı məkrli niyyətləri onun diqqətindən yayınmayıb. Bacarıqlı və qorxmaz polis işçisi Əlif Hacıyev heç nədən və heç kimdən qorxmadan erməniləri ifşa etməkdən çəkinməyib. Təbii ki, onun bu cəsarəti və çevikliyi vilayətdə erməni rəhbərliyi üçün təhlükə və maneə sayılıb.

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. 1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. 1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub və 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

1984-cü ildə Əlif Hacıyev ermənilər tərəfindən oğurlanmış azərbaycanlı uşağı xilas edəndə, Xankəndindən Yerevana millətçi qruplara külli miqdarda pul göndərilərkən onun qarşısını alanda, ermənilərin gizli təşkilatlanma planlarına maneçilik törədəndə ona qarşı xüsusi tədbir hazırlanıb. Bu tədbiri böyük ustalıqla, “sübut” və “dəlillərlə” həyata keçirən ermənilər saxta ittihamla Əlif Hacıyevi həbs ediblər. Məhkəmə ona 10 il azadlıqdan məhrumetmə cəzası verib. Uzun-uzadı şikayətlərdən sonra cəza müddəti 6 ilə endirilib, sonda isə Əlif Hacıyev bəraət alıb.

Sözsüz ki, azadlığa çıxan Əlif Hacıyev 1990-cı ildə yenidən Qarabağa qayıdıb. Həmin ilin dekabr ayının 21-də onun polis orqanlarında xidməti bərpa olunub və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Əlif Hacıyev eyni zamanda Xocalı aeroportunun hərbi komendatı olub. Məhz onun bu təyinatından sonra Xocalı aeroportu ermənilərin əlindən çıxıb.

Xocalının müdafiəsi üçün Əlif Hacıyev bütün qüvvəsini səfərbər edib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə o digər qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılıb. Qüvvələrin qeyri-bərabər olmasından qorxmayan Əlif Hacıyev geri çəkilməyib. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Əlif Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdıb.

Təslim olmaq Əlif Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif Hacıyev doğulub boya-başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.

Top
JoomlaLock.com All4Share.net