Ataxan Əbilov

Ataxan Əbilov

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ataxan ƏBILOV

NİDERLAND KRALLIĞI

Heç bilirsinizmi məkr nədir? Ölənlərinizə rəhmət, atamın "məkr" haqqında çox dürüst bir hekayəsi var idi.

Hekayə tarlada cütçülük etməklə güzəranını keçirən bir kişinin xanımına xitabən tez-tez məkrin nə olduğu barədə verdiyi sualına xanımının praktiki izahıla bağlıdır.

Növbəti dəfə belə sualla qarşılaşan xanım səhər ərini tarlaya cütə yola salır, özü isə bazara yollanaraq üç ədəd duza qoyulmuş balıq alır. Evə qayıtdıqdan sonra əri üçün hazırladığı günorta yeməyini götürüb duzlu balıqlarla tarlaya gedir. Kişinin başı yeməyə qarışan zaman xanım xəlvəti 3 duzlu balığı günün ikinci yarısında şümlanmalı olan sahədə basdırır və kənarda qalaraq mənzərəni seyr etməyə başlayır. Yeməkdən sonra işini davam etdirən kişinin xışla vurduğu növbəti şum dairələrin birində xanımının bir az əvvəl xəlvəti olaraq basdırdığı balıqları xışın gavahını üzə çıxarır. Sevincək halda onları bir-bir götürüb xanımına verən kişi onu tələm-tələsik evə yola salaraq, axşama ondan duzlu balıqla lərgə plov istəyir.

Şər qarışanda evə qayıdan kişi duzlu balıqla lərgə plovdan heç bir əsər-əslamət görmür, bu barədə etdiyi sorğu-sualı isə xanımı hər vasitələ inkar edir. Əsəbləşib özündən çıxan kişi xanımına əl qaldırmalı olur. Vay-şüvən qoparan xanım bütün el əhlini həyətlərinə yığaraq kişisinin dəliliyə tutulmasını izhar edir. Kişi nə qədər and-aman etsə də, təbii ki, ona el əhlindən kiminsə inanması mümkünsüz idi. Dənizin səviyyəsindən çox-çox hündürdə, dağ döşündə yerləşən tarlada yerin altında balığın çıxmasına kim inanar? Güman ancaq dəlilik faktoruna qala bilərdi. Bu minvalla el əhli sap-sağlam kişinin bir günün içində beləcə dəli olmasına təəssüf hissiyə evlərinə dağılışır.

Ara sakitləşəndən sonra isə xanım bütün bu həngamənin "məkr"in praktik izahı üçün etdiyini kişisinin nəzərinə çatdırır və ondan üzr istəyir. Nəhayət, kişi "məkr"in nə olduğundan bir dəfəlik olaraq agah olur.

"Məkr"i bəzən "hiylə" ilə eyniləşdirirlər. Xeyir, məkr sadəcə hiylə deyil, o hiylənin ixtisaslaşmış və daha çox pərdələnmiş formasıdır.

Məkr bu güngü Azərbaycan cəmiyyətində növbənöv, çeşidbəçeşiddir. Ona harda rast gəlməzsən? Siyasət və iqtisadiyyatımız, təhsil və səhiyyəmiz, ictimai və şəxsi münasibətlərimiz məkrin girovuna çevrilib. Məkr hər yerdədir. O, KİV-in xəbər başlıqlarında, televiziya verlişlərində, şou-biznesdə və daha haralardan keçmir.

Bəzi sahələr isə məkrin tam hökmranlığı altındadır. Ölkədə "seçki" adı ilə oynanılan oyunlar bunun ən parlaq misalıdır. Bir də görürsən ki, ölkənin televiziya məkanında, mətbuatda təmtəraqla bir hay-küy qopur, vur-çatlasın baş yarır. Güya ki, harasa seçkilər keçiriləcək. Halbuki hər şey qabaqcadan ölçülüb-biçilib və nəticələr də bəllidir. İndi gəl subut et ki, belə deyil. Adamı dəli adlandırıb beş-altı dəvə yükünü bir dəfəyə belinə yükləyəcəklər. Hələ dəlixanaya salmasalar yaxşıdır.

Kim iddia edə bilər ki, korrupsiyaya müharibə elan etmə, iqtisadi inkişaf, kasıbçılıqla mübarizə, vətənpərvərlik... kimi nağıllar belə şəraitdə məqsəd ola bilər? Bunlar heç Azərbaycanın indiki şəraitində hökmdarın məqsədəçatma üçün istifadə edə biləcəyi vasitə rolunda da deyillər. Seçki saxtalaşdırılırsa, kasıbın səsini alma istiqamətində hər hansı bir aksiyaya ehtiyac qalmır, heç varlıların pullarını da onlara hansısa bir sivil təminat vermək üçün almağa luzum yoxdur. Bunun üçün daha vəhşi və ucuz başa gələn vasitələr var.

Qeyd edilən nağıllar isə məkr statusunda hakim idealogiya şəkilində cövlan edir. Baxmayaraq ki, hamı fərdən hər şeydən agahdır, amma fərdlərin özünü qoruma instinkti məkrə qarşı kollektiv etirazın yolunu bağlayır. Prosesdə hakim elitanın digər əldə saxladığı zorun rolu təbii ki, xüsusidir. Bu mənada zor və məkr bir-birilərini tamamlayır və mövcüd vəziyyətin qarantı kimi çıxış edir.

Şarl de Qoll deyirdi ki, siyasətdə ya seçicinə xəyanət etməlisən (oxu: satmalısan), ya da ölkənə. Əgər ortada seçici yoxdursa, deməli satmağa bir obyekt qalır. Hakim elitanın bütün məkrləri də məhz onun başında olmasına Hacıbala Abutalıbovun təbirincə desək əmin ola bilərsiniz

Top
JoomlaLock.com All4Share.net