Dünya bizim evimizdir

24 Oktyabr 2016 Author :  

Onda ağaclara sevgi çoxdan yaranmışdı, lap çoxdan. Hər gün ikinci evi sayılan uşaq bağçasından gələndə ərköyünlük edir, yolüstü mağazaların yanından keçərkən nəsə aldırırdı anasına. Bir gün lap gülməli oldu. Mağazadakı oyuncaqları ani bir baxışla nəzərdən keçirən Əli nə aldıracağını bilmədi, çünki burdakı bütün oyuncaqların “bir nüsxəsi” evlərində idi: top, maşın, təyyarə, batareyayla işləyən musiqili sükan, kaleydoskop... Ancaq təzə oyuncaq arzusundan vaz keçmək də mümkün deyildi. Odur ki, istəyini çox maraqlı şəkildə ifadə etdi:

-Bir şey istəyirəm!

Gülməkdən özünü güclə saxlayan anası bu dəfə də oğluna yardımçı oldu – vitrində qalıb tozlanan, yəqin ki, heç kimin diqqətini cəlb etməyən bir oyuncağa əl uzatdı. Oyuncaq, sellefon kağızda yerləşdirilmiş balaca, süni lifdən hazırlanmış (kapron) ağaclardan ibarət idi. Burda nə yox idi: şam, küknar, qovaq, çinar, hətta akasiya...

Əli sevincək ağac fiqurlarını bağrına basdı. O gündən edəki başqa oyuncaqlar yerini ağaclara verdi. Uşaq bütün günü onları qucağına yığaraq o otaqdan bu otağa daşıyır, gah pəncərəyə, gah kamodun üstünə, gah da kresloların ətrafında yerə düzürdü. İndi onun öz dünyası vardı – yaşıl dünyası.

... Xeyli vaxt keçmişdi. Altıncı sinif şagirdi Əli uşaqlıqdan uzaqlaşmışdı. Bağça dövründə aldığı oyuncaqların salamat qalanlarını qohumda, qonşuda olan balacalara paylamışdı, təkcə həmişə sevimli olan ağac fiqurları qalırdı; dekor kimi qonaq otağını bəzəyirdi.

... Şəhərdə aparılan abaqdlıq işləri hamının diqqətini cəlb edirdi. Az qala hər ay müxtəlif küçələrdə yeni körpülər, yeraltı, yerüstü keçidlər tikilib istifadəyə verilirdi. Paytaxtın gözəlliyi qayğısına qalan “əmilər” yaşıllaşdırmanı da unutmurdular. Demək olar ki, hər yerdə ağac əkilirdi. Axı ağaclar gözəllikdən əlavə, həm də şəhərin ağ ciyərləri idi.  Bu haqda Əli biologiya kitabında oxumuşdu və bənzətmə çox xoşuna gəlmişdi.  Amma səkilərdə tələm-tələsik, başdansovdu əkilən ağacların taleyi sonralar, deyəsən, heç kimi maraqlandırmadı. Çoxu küknar ağacı idi bunların. Əkiləndən bir, ya iki dəfə suvarılan ağacların dibini belləmək isə nadir hallarda yada düşürdü.

Əli hər gün bu balaca “yolka”larla görüşürdü, onların yanından ötüb yolu keçir, dərsə, yaxud mağazaya çörək almağa gedirdi. Amma evdəki ağac fiqurları kimi, deyəsən, bu ağaclar da böyümür, inkişaf etmirdi. Biologiya kitabından oxuduğu sözlər yenə yadına düşdü: bitkilər də tənəffüs edir, böyüyür, çoxalır və məhv olurlar. Yanından keçdiyi balaca küknara baxdı. Yazıq ağac elə vəziyyətdə idi ki,.. kökünün az qala yarısı torpaqdan kənarda qalıb qurumuşdu. Yarpaqlarını o qədər toz basmışdı ki, nə vaxtsa bu ağacın yaşıl olduğunu təsəvvür etmək olmurdu.

Axı onlar da canlıdır! – Əli həyəcanla düşündü, - bu şəraitdə necə böyüyüb inkişaf edə bilərlər?!

 Əyilib torpaqdan aralanan, toz basmış balaca küknara baxan Əli az qala ağlayacaqdı. Ancaq ağlamaq yox, iş görmək lazımdı. O, heç kimə bir kəlmə demədən sakitcə evə yollandı.

Bir azdan bir əlində vedrə, bir əlində bel baxımsız qalan küknarların yanında idi. Həyətlərindən gətirdiyi qara torpağı – qara torpaq ən keyfiyyətli torpaqdı, bunu da biologiya dərsliyindən oxumuşdu – körpə küknarların dibinə tökür, belləyir, vedrə-vedrə su verirdi.

Pəncərədən bütün bunları seyr edən ana nə qədər fərəhlənsə də, oğluna bir söz demədi.

...Günlər keçdikcə “sahibsiz” ağaclara qulluq Əlinin sevimli məşğuliyyətinə çevrildi. O, hər gün təxminən saat 5-də ağacların qulluğundaydı. Bir vaxt baxımsız qalan fidanlar canlanmış, xeyli böyüyüb qol-budaq atmışdı. Əlinin sevinci yerə-göyə sığmırdı,gördüyü işin nəticəsi göz qabağındaydı. Ən başlıcası isə o idi ki, indi ağacların dostu təkcə Əli yox, bütün məhlə uşaqları idi.

Hicran Hüseynova

“Ulduz” jurnalı,

publisistika şöbəsinin redaktoru

Top
JoomlaLock.com All4Share.net