İslamda hansı heyvanlar murdar sayılır?
Featured

14 Noyabr 2017

Ekspert: “Onların toxunduğu əşya, əgər yaş olarsa, murdar hesab olunur”

Bu gün bir çox insanlar evlərində müxtəlif heyvanlar saxlayır. Hətta elə adamlar var ki, onları bəsləyərkən bir rahatlıq tapdığını bildirir və adətən həmin heyvanlarla dost olur, onları ailələrinin bir üzvü hesab edirlər.

Bu cür heyvanlar arasında it-pişiyə daha çox rast gəlinir. Heyvan saxlayanların əksəriyyəti həyət evlərində yaşayanlar olsa da, bina evində də yaşayıb it-pişik saxlayanlar kifayət qədərdir. Ancaq bir sıra ilahiyyatçılar evdə bəzi heyvanların, xüsusən də itin saxlanmasının günah hesab edildiyini bildirir, hətta “it olan evə mələk girməz” deyə bir düşüncə də mövcuddur.

Maraqlıdır, bəs əslində necədir? İslamda hansı heyvan murdar sayılır?

İslam dinində heyvan saxlamağa pis baxılmır. Əksinə, heyvanların da haqqı olduğu, o cümlədən onlara mərhəmətli davranmaq buyurulur. İslamda murdar heyvan donuz, it və çöl siçanı hesab edilir. 

İti evdə saxlamaq günahdır, həyətdə saxlamaq isə günah deyil. İtin rütubətli halda toxunduğu hər şey murdar olur (eyni ilə donuz kimi). Yəni məsələn, it bədənini nəm şalvara sürtsə, şalvar pak edilməlidir. Ya da, məsələn, itin bədəni (və ya tükləri) hər hansı səbəbdən yaş olsa, quru əşyaya toxunanda o əşya da murdar olur və paklanmalıdır. İtin tükü yapışmış paltarda namaz qılmaq batildir. İtin yemək yediyi, su içdiyi, yaladığı qab adi su ilə yumaqla pak olmur. Onu əvvəlcə torpaqla möhkəm sürtmək, sonra suda iki dəfə pak etmək lazımdır. Ov itinin ağzı dəyən heyvanı da bişirməzdən qabaq pak etmək gərəkdir.

Ancaq həyətdə it saxlamağın dini baxımdan heç bir problemi yoxdur. Xüsusilə mühafizəyə ehtiyacı olan evləri və obyektləri itlərin köməyi ilə qorumaq olar. İtin köməyindən ovda da istifadə etmək mümkündür. Amma bu zaman bir neçə şərtə riayət etmək lazımdır. Əvvəla, it ov iti kimi tərbiyə edilməli və sahibinin tapşırıqlarına qulaq asmalıdır, ovun üzərinə özbaşına yox, sahibinin əmri ilə getməlidir. İkincisi, ov itini ovun üzərinə göndərən zaman adam “bismillah” deməlidir. Üçüncüsü, ov heyvanı itin dişlərinin yarasından ölməməlidir. Əgər it onu boğub öldürsə və ya heyvan itin əlindən qaçarkən ürəyi partlasa halal olmaz. Əgər itin tutduğu heyvan hələ ölməyibsə, ovçu onun başını kəsməlidir ki, əti halal olsun.

İnsanların evlərində daha çox saxladığı ikinci heyvan isə pişikdir. Pişiyə yemək vermək və əziyyət verməmək şərti ilə saxlamaq olar. 

Peyğəmbərin də pişiyi tumarladığı, hətta əbasının üstündə uzanmış pişik balasını narahat etməmək xatirinə əbanın ətəyini kəsməsi barədə rəvayətlər var. Pişiyin ağzının suyu şəriətə görə murdar sayılmır. Pişiyin bədəni dəyən əşyalar da pakdır. Amma diqqət yetirmək lazımdır ki, pişiyin tükü yapışmış paltarla namaz qılmaq batildir. Buna görə də evində pişik saxlayan və onu qucağına alıb tumarlamağı xoşlayan adamlar namaz qılmazdan əvvəl ya üst-başlarını təmiz çırpmalı, ya da geyimlərini dəyişməlidirlər. Evdə dağsiçanı (xomyak) və sairə bu kimi faydasız gəmiriciləri saxlamaq həm İslam baxımından məsləhət deyil, həm də sanitar-gigiyenik cəhətdən çox təhlükəlidir. Meymun saxlamaq və onunla oynamaq dinimizdə ən bəyənilməz hərəkətlərdən sayılır.


Donuz da haram sayılır. Donuzun əti yeyilmədiyi kimi onun dərisi və tükündən də istifadə edilmir. Ümumiyyətlə, donuzun bütün üzvləri haram sayılır. Dəvə isə İslam mədəniyyətində və müsəlman məişətində xüsusi yeri olan canlıdır. Ərəblər hətta gözəl qızları dəvəyə bənzədirlər. Ərəb dilində “cəməl” (dəvə) sözü ilə “cəmal” (gözəllik) sözlərinin kökü eynidir. Şərq ədəbiyyatının ən böyük nailiyyəti olan əruz vəzninin bəhrləri (ölçüləri) məhz dəvə yerişinin ritminə əsasən qurulub. Həzrət Məhəmməd Peyğəmbər (s) Qəsva adlı dəvənin tərkində Mədinəyə hicrət etdikdən sonra Onun harada yaşaması barədə mübahisə yarananda o, həzrətin göstərişi ilə Qəsvanın ovsarını sərbəst buraxdılar və dəvənin yerə çökdüyü yeri Peyğəmbərin evi üçün ayırdılar. Bununla belə, ətindən, südündən və yunundan istifadə edilən heyvanların faydası barədə İslam müqəddəslərinin rəvayətlərində ilk yeri qoyun tutur, bundan sonra iribuynuzlu mal-qara, ondan sonra dəvə gəlir. Həyətdə ev quşları saxlamağa da İslam heç bir qadağan qoymur. Toyuq, qaz, ördək, hindtoyuğu kimi ev quşları yumurta və ət baxımından faydalıdır. Heyvanların nəcasətinə (peyininə) gəlincə, əti yeyilməyən və qanı sıçrayan bütün heyvanların peyini və sidiyi murdardır (bəzi alimlər hətta əti yeyilməyən və qanı sıçramayan heyvanları da bura aid edirlər). Yəni it, pişik kimi ev heyvanlarının nəcasətinə bulanmış ayaqqabı, paltar və sairə pak edilməlidir. Əti yeyilən heyvanların nəcasətinə bulaşan əşyaları pak etmək vacib deyil (təmizlik xatirinə yumaq kifayətdir).

Ümumiyyətlə isə istənilən bir heyvana əziyyət, işgəncə etmək, onu suda boğaraq və ya atəşdə yandıraraq öldürmək caiz deyil. Heyvana işgəncə etmək, müsəlman olmayan vətəndaşa işgəncə etməkdən daha böyük günahdır.

Dini ekspert Kənan Rövşənoğlu bunun şəriət hökmləri məsələsi olduğunu dedi: “Murdar heyvan donuz, it və çöl siçanıdır. Onların toxunduğu əşya, əgər yaş olarsa, murdar hesab olunur”.(musavat)

Top
JoomlaLock.com All4Share.net