Xeyriyyəçi dindar şərlənərək həbs edildi
Featured

30 İyun 2018

Daha bir ilahiyyatçı şərlənərək həbs edildi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bərdəli din xadimi və xeyriyyəçi Elşən Abbasova hökm oxunub.

Ötən ilin oktyabr ayında saxta ittihamlarla həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvü, Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasov 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib. 

Polisin bildirdiyinə görə, E.Abbasovdan 1,9 qram heroin götürülüb, onun avtomobilindən isə "Naqan" markalı tapançası, qumbara və bıçaq tapılıb. 

Bu onun ikinci məhkumluğudur. 

Elşən Abbasov bundan əvvəl 2011-ci il mayın 6-da dindarların Təhsil Nazirliyinin önündə məktəblərdə hicaba qadağanın aradan qaldırılması tələbilə keçirdikləri mitinqdə iştiraka görə ictimai asayişin pozulması ittihamı ilə 2 il azadlıqdan məhrum edilmişdi.

Fəalın doğmaları ittihamların saxta olduğunu bildiriblər və E.Abbasovun Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadəni dəstəklədiyi üçün təqib olunduğunu deyiblər. T.Bağırzadə və onun bir qrup tərəfdarı "Nardaran işi" ilə bağlı uzun müddətə azadlıqdan məhrum edilib.

Bərdədə hamının sevdiyi, xüsusi hörmət sahibi olan dindar və xeyriyyəçi Elşən Abbasov dünən 29 iyunda, Bərdə rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elşən Abbasovun həbsi yerli əhalinin narazılığına səbəb olub.

E.Abbasov son vaxtlar müxalifətin mitinqlərində də iştirak edib.

Top
JoomlaLock.com All4Share.net