İmam Hüseyn (ə) Kərbəlada
Featured

12 Sentyabr 2018

İmam Hüseyn (ə) 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil oldu və Məhərrəm ayının 3-dən etibarən İbn Ziyadın qoşunu tədricən Kərbəlaya toplaşdılar.

İbn Ziyad imam Hüseynin (ə) şəhadətə yetəcəyi ilə gələcəkdə qisas məqsədilə baş verə biləcək qiyamların qarşısını almaq üçün bütün Kufə əhalisi və qəbilələrinin əlini Peyğəmbərin (s) övladının qanına bulaşdırmağa cəhd göstərirdi.

İbn Əsəmin nəqlinə görə, təqribən, iyirmi iki min nəfər Kufədən yola düşdü. Amma Bilazəri, Dinəvəri və İbn Sədin rəvayətlərindən aydın olduğu kimi, onların əksəriyyəti yolun yarısında ordudan ayrılıb qaçdılar.

Çünki Kufə əhalisinin əksəriyyəti Rəsulullahın (s) övladı ilə döyüşmək istəmirdi. Bu səbəbdən, İbn Ziyad belə bir göstəriş verdi: "Bu gündən etibarən orduya qatılmayan hər hansı bir şəxsin qanı mənim boynumda deyildir."

Cəmiyyət belə bir hədə-qorxudan təsirlənərək Kərbəlaya doğru üz tutdu. Hətta, Rey şəhərinin hakimi və müşrik deyləmilərlə döyüşmək məqsədilə İrana doğru hərəkətə hazırlaşan Ömər ibn Səd ibn Vəqqas, İbn Ziyad tərəfindən Hüseynin (ə) işini bitirdikdən sonra Reyin valiliyini öhdəsinə alması üçün Kərbəlaya gəlməsinə dair əmr aldı və Kufə ordusunun sərkərdəliyinə təyin edildi. O, Kərbəla məsələsi üzərində daxili nigarançılığını geridə qoyub, nəhayət, Rəsulullahın (s) övladının qanının axıdılması bahasına olsa da, Rey valiliyinə şahib olmağa üstünlük verdi və Kərbəlaya yola düşdü.

İbn Ziyad "Aşura"dan bir neçə gün əvvəl Ömər ibn Sədə məktub yazıb İmama (ə) su verilməməsi əmrini verdi: "Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər." Başqa bir məktubda da belə yazdı: "Eşitmişəm ki, Hüseyn (ə) və səhabələri sudan istifadə edirlər. Bu məktubu alan kimi, mümkün qədər onların qarşısını al və suyun onların üzünə bağlanmasında ciddi ol." ("İmamların ictimai-siyasi həyatı", Ustad Rəsul Cəfəri, imam Hüseynin (ə) həyatı.)

İmam Hüseyn (ə) ömrünün son günlərində bir neçə dəfə İbn Sədlə görüşdü və onu məmur olunduğu ağır cinayətdən imtina etdirməyə çalışdı. Amma – tarixi rəvayətlərə görə – Rey valiliyi onun ağlını əlindən almışdı.

Xətib Xarəzmi yazır: Hüseyn ibn Əli (ə) öz dostlarından olan Əmr ibn Qərəzə Ənsari ilə Ömər ibn Sədə xəbər göndərdi ki, İmam (ə) onunla görüşüb söhbət etmək istəyir. Ömər Səd bu təklifi qəbul etdi. İmam Hüseyn (ə) gecə yarısı öz dostlarından iyirmi nəfərlə birlikdə iki qoşunun arasında qurulmuş çadıra tərəf hərəkət etdi və göstəriş verdi ki, qardaşı Əbülfəzl və oğlu Əli Əkbərdən başqa heç kim çadıra girməsin.

Ömər Səd də iyirmi nəfərdən ibarət köməkçilərinə belə bir göstəriş verdi və yalnız oğlu Həfs ilə xüsusi nökəri onunla birgə çadıra daxil oldular. İmam Hüseyn (ə) bu məclisdə Ömər Sədə xitabən belə buyurdu: "Ey Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim olduğunu bildiyin halda, mənimlə müharibə etmək istəyirsən? Hüzuruna qayıdacağın Allahdan qorxmursan? Mənim tərəfimdə olmaq və bunlardan (Bəni-Üməyyə) əl çəkmək istəmirsən?"

Ömər Səd dedi: "Qorxuram ki, belə olan halda, mənim Kufədəki evimi viran etsinlər."

İmam Hüseyn (ə) buyurdu: "Mən öz hesabıma sənin üçün bir ev alaram."

Ömər Səd dedi: "Qorxuram xurma bağımı müsadirə etsinlər."

İmam Hüseyn (ə) buyurdu: "Mən sənə Hicazda Kufədəki bu bağlardan da yaxşı bağ verərəm."

Ömər Səd dedi: "Arvad-uşağım Kufədədir, qorxuram ki, onları öldürələr."

İmam onun bəhanələrini gördükdə, bu cümlələri deyə-deyə yerindən qalxdı: "Niyə şeytanın itaətinə bu qədər israrlısan?... Ümid edirəm ki, İraq buğdasından qismətin çox az olacaq! Nə sənə uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə çatacaqsan."

Kərbəla hadisəsindən sonra Ömər ibn Səd ömrünün son anlarını Kufədə keçirtdi, dünya səltənətinə – Rey mülkünə də sahib ola bilmədi. Nəhayət, Muxtar qiyam edərək, 66-cı hicri-qəməri ilinin Zil-həccə ayında onu və oğlu Həfsi qətlə yetirdi.

ÖMƏR İBN SƏDİN KEÇMİŞİ

Bir gün Əmirəlmöminin Əli (ə) minbərdə buyurdu: "Məni əldən verməmiş nə istəyirsinizsə, məndən soruşun…"

Bu vaxt Səd ibn Əbu Vəqqas (Ömərin atası) yerindən qalxıb dedi: "Ey Əmirəlmöminin! Xəbər ver görüm, mənim üz və başımda nə qədər tük var?"

İmam (ə) buyurdu: "Sənin soruşduğun məsələni Rəsuli-Əkrəm mənə xəbər verib buyurmuşdur ki, sən bu sualı məndən soruşacaqsan. Bil ki, sənin baş və üzündə elə bir tük yoxdur ki, onun dibində bir şeytan oturmasın. Eləcə də, sənin evində südəmər bir uşaq var ki, oğlum Hüseyni qətlə yetirəcəkdir." O vaxt Ömər ibn Səd balaca bir uşaq idi. (Kamiluz-ziyarat, səh.74.)

Sədin imam Əlidən (ə soruşduğu sual həqiqəti öyrənmək üçün deyil, yalnız masqara üçün idi. Niyyətlərdən agah olan Əmirəlmöminin Əli (ə) bilirdi ki, Sədin başında nə kimi planlar var.

Məhz buna görə də, Həzrət elə bir cavab verdi ki, o alçaq və yaramazın camaat içində xar olub alnına əbədi rüsvayçılıq damğası vuruldu. Xüsusən də, Əmirəlmöminin Əli (ə) bu sözləri Rəsulullahın mübarək dilindən nəql etmişdi.

Beləliklə, belə bir alçaq və rəzil bir ünsürdən Ömər Səd kimi birisinin törənməsi heç də təəccüb doğurmur.

Rza Şükürlü 

Top
JoomlaLock.com All4Share.net