Müsəlman Birliyi Hərəkatı Azərbaycan xalqını təbrik etdi
Featured

20 Avqust 2019

Bu gün Qədir -Xum Bayramıdır. Müsəlman Birliyi Hərəkatı (MBH) Qədir-Xum Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Vetenugrunda.az MBH-nin təbrikini oxuculara təqdim edir:

"Bu gün İslam dininin ən mötəbər və mühüm bayramlarından olan Qədir-Xum bayramıdır. Müqəddəs dinimizin izzət və davamlığı üçün vacib olan bu məsələdən ötrü İslam Peyğəmbəri (s) son həccindən geri qayıdarkən Maidə surəsinin 67-ci ayəsində buyurulduğu kimi risalətini yerinə yetirir.

Belə ki, Qədir-Xum adlanan yerdə Peyğəmbər (s) öz vəsisi olan Əli ibni Əbitalibi (ə) canişini elan edir və dini kamilləşdirir. Beləliklə bu gün vilayət bayramı kimi, Qədir-Xum bayramı adlandırılır.

İmam Əlinin özünün buyurduğu kimi, bu bayramın fəlsəfəsi İslamın digər vacibatlarına təkamül bəxş edir, hidayət təsir qoyur. Allahın yeganəliyində tövhid və imana etiraf, Peyğəmbərin (s) nübuvvəti olmadan qəbul olmaz. Peyğəmbərin (s) dini və şəriəti isə Allahın vilayət üçün əmr etdiyi kəsin vilayətini qəbul etmədən, məqbul sayılmaz.

Bütün bu işlər vilayət əhlinə təvəssül etmədən sahmana düşməz. Allah Qədir-Xum günündə seçilmişləri üçün iradə etdiyini Peyğəmbərə (s) nazil etdi. Ona əmr etdi ki, vilayət və vəsiliyi elan etsin. Kafirlərdən və münafiqlərdən bu fürsəti alsın. Qədir-Xum gününün məqamı böyükdür. O gün höccət hamıya tamam oldu.

Bu gün təkamül günü və əhdə vəfa günüdür. Bu gün küfr və nifaq müqavilələrinin üzərindən pərdələrin götürülməsi, İslamın əsl həqiqətinin aşkar olduğu bürhan və dəlil günüdür. Şeytanın xarlıq və zillət günüdür. Qəlblərdə gizlənən kinin aşkar olduğu Allah bəndələrinin imtahan günüdür. Allahın rəhməti olsun sizə, ey müsəlmanlar!

Həzrət Peyğəmbər (s) və məsum imamlarımız (ə) İslam dinini müxtəlif bəla və təhlükələrdən qoruyurdular. Bunun üçün əllərinə düşən hər bir fürsətdən bəhrələnirdilər. Həzrət Peyğəmbər (s) də əyridüşüncəli insanların fitnəsindən uzaq olmaq üçün, Qədir-Xum adlanan yerdə öz vəzifəsini yerinə yetirir.

Bu günü bayram olaraq qeyd etmək, ev əhlinə və qohumlara hədiyyə almaq, uşaqları sevindirmək, ehtiyacı olanların ziyarətinə getmək, din qardaşları ilə bayramlaşmaq, gücü çatdığı qədər yaxşılıq, Allahın verdiyi nemətlərə görə şükr etmək tövsiyə olunmuşdur.

Vilayət əqidəsilə dini kamilləşməsi- Qədir-Xum bayramınız mübarək olsun!

Müsəlman Birliyi Hərəkatı
20.08.2019".

Top
JoomlaLock.com All4Share.net