Bir ildə 10.000-dən artıq insanın həyatına son qoyan qara yara nədir?
Featured

31 İyul 2019

Sibir xorasını tanıyırıqmı?

El arasında "qarayara" kimi tanınan infeksiyadan necə qorunaq?

Bəzən acıqla birinə edilən "Qarayara çıxarasan" qarğışı qorxulu olduğu qədər də məşhurdur. Bəs "Qarayara"dan bu qədər qorxmağa əsas varmı? Vetenugrunda.az bu suallara cavab verəcək.

Artıq bilirik ki, "Qarayara" xəstəlik adıdır və elmi dildə adı Sibir xorası kimi çəkilir. Ümumiyyətlə, qarayara haqqında nələri bilirik? Məsələn, "Qarayara nədir" sualını yazıb, google.az axtarış saytında axtarıram və nə çıxsa yaxşıdır - "adi gavalı haqqında İbn Sinanın qeydləri". Heç dəxli yoxdur mövzuya. Sonra elmi dildə "Sibir xorası" yazıb axtarıram və "Hacı Zeynalabdin Tağıyevin günahı nədir" sualı çıxır. Maraqlı sualdır, amma bu sualın qarayaraya heç bir adiyyəti yoxdur axı. Əgər biz bu sözü rus və ya başqa dildə yazıb axtarışa versək, minlərlə məlumat taparıq. Xülasə, bu başqa yazının mövzusudur. İndilikdə xəstəlik haqqında tapdıqlarımı sizinlə bölüşürəm.

Tibbdə daha çox "Sibir xorası" adı ilə məşhur olan bu xəstəliyin mənşəyi lap uzaq əsrlərə gedib çıxır. Xəstəliyi "Bacillus antharis" adlı sporlu bakteriya yayır. Əsasən xəstə heyvanlarla təmas zamanı, eyni zamanda onların yarıbişmiş və ya çiy ətindən, südündən emal olunmuş süd və süd məhsullarından da yoluxur. Xəstəliyin Bərdə rayonunda yayılması heç də təsadüfi deyil. Çünki bu xəstəlik daha çox heyvandarlıqla məşğul olan bölgələrdə inkişaf edir.

Qeyd edək ki, 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə baş verib. Bu epidemiya 10.000-dən artıq insanın həyatına son qoyub. Xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır. Bu, 95 faiz təşkil edir.

Xoranın sporları 10 illərlə yaşayır

Sibir xorası xəstəliyinin törədicisinin sporları ətraf mühitə qarşı çox davamlıdır. Xəstəliyin sporları onillər boyu öz yoluxdurma qabiliyyətini qoruya bilir. Ancaq vegetativ formasının (kapsul) istiyə və kimyəvi maddələrə qarşı müqaviməti çox zəifdir. Sporlar 55 dərəcədə 40 dəqiqə, 60 dərəcədə 15 dəqiqə qaynadıldıqdan sonra patogenliyini itirir.

Nəzərinizə çatdıraq ki, bir neçə dəqiqə kifayət edir ki, dezinfeksiyaedici maddələr bakteriyaları tam məhv etsin. Xəstəlik insanlara infeksiyalı heyvanlardan birbaşa və yaxud dolayı yolla- əksər hallarda dəridən, nadir hallarda isə həzm sistemi və tənəffüs sistemi vasitəsilə yoluxur. Yəni heyvandakı yaraya toxunmaqla təmasda olan kəsin dərisindəki sızaq və sıyrılmış yerlər Sibir xorasının sporları üçün ən münbit ocaqdır. Sporlar xəstə heyvanın ətinin yeyilməsi ilə həzm sisteminə, xəstəlik törədicilərinin havadakı sporları vasitəsilə tənəffüs sisteminə yoluxa bilir.

Qeyd edək ki, bu xəstəlik heyvandan insana keçsə də, insandan insana keçmir.

İnkubasiya dövrü

Xəstəliyin inkubasiya dövrü dəri formasında 3-7 gün, ağciyər formasında 1-6 gün, qastrointestinal formasında isə 1-7 gündür. Tənəffüs zamanı mikrob isə (miqdarından asılı olaraq) ağciyər formasının inkubasiya dövrünü 60 günə qədər uzada bilər.

Simtomları

Simtomlar yoluxma yoluna bağlı olduğu üçün fərqli şəkildə ortaya çıxır. Xəstəliyin 3 forması mövcuddur.

1. Dəri forması: ən çox rast gəlinən formadır. Heyvanın dərisi, yunu, əti ilə sızanaqlardan yoluxma ilə ortaya çıxır. Daha çox əl, qol, boyun və üz nahiyələrində görünür. Dəri infeksiyası böcək sancmasına bənzər şəkildə qabarıq, qaşıntılı bir şişlik olaraq inkişafa başlayır. Ancaq 1-2 gün içərisində bir vezikula ortaya çıxır. Daha sonra bu, ağrısız, 1-3 sm böyüklüyündə, ortasında səciyyəvi qara nekroz sahəsi olan xoraya çevrilir. Yaxın limfa düyünlərində şişkinlik və infeksiya yerində ödem ola bilər. Xora 1-2 həftədə quruyaraq qopub tökülür və yerində iz saxlayır. Xəstəlik müalicə edilməzsə, 20 faiz ölümlə nəticələnə bilər. Ölüm hallarını azaltmaq üçün isə antibiotiklə müalicə vacibdir.

2. Ağciyər forması: ilk simptomları soyuqdəyməyə oxşayır və zəiflik, yorğunluq şəklində müşahidə olunur. Sonra yoluxmuş şəxsdə 39-40 dərəcə qızdırma, öskürək, taxikardiya, sianoz, nəfəs almaqda çətinliklər ortaya çıxır. Ağciyər forması əksər hallarda, yəni 97 faiz ölümlə nəticələnir. Bunun üçün də Sibir xorası törədicisi bakteroloji silah kimi istifadə edilə bilər.

Qeyd edək ki, Sibir xorası törədicisindən terror aktlarında da istifadə edilir. Bu fakt tarixdə dəfəlrlə təkrarlanıb. Son illər isə daha çox ABŞ rəsmlərinə bu xəsətliyin törədicisini məktub vasitəsilə yollayıblar.

3. Qastroinestinal forma: infeksiya heyvan ətinin tam bişməmiş və ya çiy yeyilməsi nəticəsində yoluxur. İlk əlamətləri ürəkbulanması, qusma, iştahasızlıq və qızdırmadır. Daha sonra xəsətlik qarın ağrısı, qanqusma və ağır ishal olaraq davam edir və çox zaman ölümlə nəticələnir.

Necə qorunmalı?

İnfeksiyanın insandan insana keçməsi normal şəraitdə mümkün deyil. Bunun üçün də xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır. Sibir xorası xəstəliyindən ölən insanları və heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən ölən heyvanların bütün təbii dəlikləri (ağız, burun, anus) tamponlanaraq, 2 metr dərinliyində çuxura atılır və üzərinə dezinfeksiyaedici maddə (əhəng və.s) tökülür, sonra torpaqlanır.

Sibir xorası yaxınlığımızdadır

Hamımız yaxşı bilirik ki, bu gün rayonlarda xəstəlikdən ölmüş heyvanların ətini rahatlıqla kolbasa sexinə verirlər. Leşdən kolbasa, sosiska və qeyri -məmulatlar heç bir sanitar qayda gözlənilmədən hazırlanır və birbaşa bazara yollanır. Belə olan halda biz sağlamlığımızı qorumaq üçün daha həssas olmalıyıq. Çünki qarayara xəstəliyinə tutulmuş heyvanın əti və südü bu infeksiyanı rahatlıqla daşıyır.

Ət və süd məhsulları alarkən ərzağın üzərindəki zəmanət göstəriciləri hələ məmulatın saflığından, sağlamlığımıza ziyanından xəbər vermir və zamin ola bilmir və ya bazarlarda, küçələrdə açıq satılan, heç bir nəzarət olmadan, kəndlərdən birbaşa satışa çıxarılan süd və süd məhsullarının gigyenik təmizliyinə heç kim söz verə bilməz.

Evlərdə kustar üsulla hazırlanmış süd məhsullarının sağlamlığımıza ziyanlı olduğu bəllidir. Amma bu gün bəzi sexlərdə istehsal edilən süd məhsullarının da hazırlıq prosesi çox çirkli, antisanitariya şəraitində baş tutur. Təmizliyə riayət olunmadan hazırlanan belə məhsullar süfrəmizə rahatlıqla yol tapır.

Müalicə necə aparılmalıdır?

Sibir xorasının müalicəsi o qədər də çətin deyil. Lakin xəstəliyin qarşısını vaxtında almaq gərəkdir. Sibir xorası penisillin antibiotiklərlə müalicə edilir. Penisillinə həssaslığı olanlar siproflokssin və ya tetrasiklin istifadə edə bilərlər. Dəri formasında yaraya toxunmamaq lazımdır. İnfeksiyaların qarşısını almaq üçün yara üzərinə 0,1 faizli rivanol məlhəmi səpilə bilər. Müalicə 5-7 gün 8.000.000 BVx2 penisillinlə aparılır.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net