Print this page

Vay İmam Hüseyni (ə) sevməyənlərin halına
Featured

20 Sentyabr 2018 Author :  

Uşaqlıqda Qış Sarayının qarşısında çörək əvəzinə güllə ilə qarşılanan uşaqların dilindən çıxan son sualı xatırlayırsızmı? -"Axı nə üçün?".

Uşaqlar ora valideyinləri ilə getmişdi. Uşaqlar çörək üçün getmişdi. Amma çox acıdır, ac uşağa çörək verib, başını sığallayıb, xoş sözlərlə qarşılamaq əvəzinə gülləylə vurub öldürmək...

Amma lap uşaqlıqdan anam mənə öyrətmişdi ki imamlarımızın Kərbəla döyüşündə 6 aylıq susuzluqdan yanan Əli Əsgəri düşmənlər oxla boğazından vurublar. Su vermək əvəzinə, ox vurublar. 

Tarixdə çox qiyamlar olub, çox faciələr olub, məhz Kərbəla qiyamının əsrlər boyu insanları ağlatmasının səbəbi də məhz səbəbin daha fərqli və üstün olması idi. Kərbəla üsyanına səbəb digər inqlablardakı kimi çörək deyildi. Kərbəla üsyanına səbəb daha möhtəşəm idi. İmam Hüseyn (ə) islam dinin qorumaq üçün bu dünyanı, yaşamağı deyil, Şəhadəti üstün tutdu. İslamın qorunması, yer üzündə ədalətin zəfər çalması idi. Məhz buna gör İmam Hüseyn (ə) ailəsi ilə birgə Şəhid olmağə seçdi.

Düşmən çox amansız idi. Çünki düşmən ədalətsiz idi. Ədalət hissini itirmiş insan isə insan deyil, quduzlaşmış canlıdır. Düşmən o qədər quduzlaşmışdı ki, hətta 6 aylıq körpəyə də aman vermədi.

İslamı qəbul etmiş düşmən, islamın yaşaması üçün canından keçməyə hazır olan imamı, islam dininin Peyğəmbərinin (ə) sevimli nəvələrini öldürürdü. O zaman düşmənin istəyi nə idi? Əlbəttə ki, hakimiyyət, iqtidar sahibi olmaq. Amma müxalifətsiz iqtidar. Bəli, Müaviyyə oğlu Yezidi hakimiyyətə gətirmək üçün ədalətli və əxlaqlı insanları aradan götürməli idi. Çünki Müaviyyə əxlaqsız, qumarbaz, içki və qadın düşgünü idi. Belə bir mənəvi problemləri olan birinin iqtidarını qəbul etmək insanın özünə qarşı nə qədər biganə olduğunun göstəricisidir. Müaviyyə eyni zamanda islam dünyasında hakimiyyətin atadan -oğula keçməsinin əsasını qoydu.

Tarixçi Həsən Bəsri deyirdi ki, camaatın taleyini iki nəfər zay etdi. Birincisi, Əmr ibn Asdır ki, Siffeyn savaşında Quran səhifələrini nizələrin ucuna taxmağı Müaviyəyə məsləhət gördü. Nəticədə xəvaric tayfası meydana çıxdı, həkəmeyn hadisəsi baş verdi və qiyamət gününə kimi bunun ziyanını çəkəcəyik. Ikincisi isə, Müğeyrə ibn Şöbədir ki, Müaviyəyə özündən sonra Yezidi vəliəhd etməyi məsləhət gördü. Müğeyrə Kufə valisi idi. Müaviyə ona məktub yazıb vəzifədən azad etdiyini bildirdi. Müğeyrə də Müaviyənin qəzəbini soyutmaq və vəzifədə qalmaq üçün bu hiyləni fikirləşdi, Şama gəlib Müaviyəyə məsləhət verdi ki, hakimiyyəti əldən buraxmamaq üçün camaatdan Yezidin adına beyət alsın. Müaviyə soruşdu ki, sən özün bu işə rəhbərlik edə bilərsənmi? Müğeyrə razılığını bildirdi və həqiqətən bu işin öhdəsindən uğurla gəldi. Həsən Bəsri deyirdi ki, məhz bu hadisədən sonra hakimiyyətin atadan oğula keçməsi adət halına keçdi və şura ənənəsi yaddan çıxdı.

Əslində Kərbəla döyüşü şərlə xeyrin qarşıqarşıya dayanıb döyüşməsi idi. Bu döyüşdə İmam Hüseyn (ə) öz yaxınları və ailəsi ilə 4 minlik düşmən ordusunun qarşısına çıxmışdı. Döyüşdə kimin udacağı bəlli idi. Amma qalibiyyət Şəhid Hüseynin (ə) oldu. Min illərin sevgisini qazanan Hüseyn (ə) oldu, min illərin lənətini qazanan isə islam Peyğəmbərinin (ə.s) nəvələrinin başını kəsib, tikə-tikə edənlər oldu.  

İmam Hüseyn (ə) şəxsiyyəti nəsillərdən gələn saf genlərin təlqin etdiyi yüksək əxlaqi dəyərlərin təməli üzərində qurulmuş çox möhkəm bağlardan ibarət idi. O bağlar o qədər möhkəmdir ki, aradan keçən əsirlər onu köhnəldib sıradan çıxara bilmədi. Əksinə, günübəgün bu bağlar əzəmətli ağacın rişələri kimi bütün bəşəriyyətə kök atdı.

İmam Hüseynin (ə) qiyamı ona görə əzəmətli idi ki, o, təkcə əxlaqsız namizədə deyil, bütünlükdə ədalətsiz və zülümkar hakimiyyətə qarşı üsyan etdi. Aradan keçən əsrlər isə milliyyətindən, dinindən, irqindən aslı olmayaraq içində ədalət sevgisi, insanlıq duyğusu olan hər kəsi daha çox Kərbəla üsyanındakı acıyla kövrəltdi, bu üsyandakı eşqlə içini isitdi.

Yüz illər boyunca Kərbəla Şəhidlərini unutdurmağa çalışanlar çox rəzil sonluqla həyatla vidalaşdılar. Çünki onlar xeyrin deyil, şərin tərəfində olanlar idi. Yezid tərəfdarı olan hakimiyyət başçılarının sonu elə Yezidin sonu kimi çox dəhşətli olub.

Yəqin bilirsiz ki, Yezidin 3 illik hakimiyyəti və 39 illik ömürü necə faciəli şəkildə bitib.

Qoşununu Məkkənin divarlarını dağıdır, müqəddəs örtüyünü yandırır. Məkkəni yerlə yeksan etmək istəyləri isə alınmır. Çünki Yezidin qəfil ölüm xəbəri gəlir. Yezidin ölüm xəbəri Məkkəni xilas edir. 

Yezid öz adamları ilə bir səhrada ova çıxarkən bir ceyranı ovlamaq üçün dəstədən ayrılır. Ceyranı qova-qova bir quyunun başına çatır. Görür ki, bir nəfər quyudan su çəkir. Səhrada sussuzluqdan yanan Yezid o adamdan su istəyir. Lakin quyunun başındakı adamın ona təzim etmədiyini görəndə hirslənir və deyir: "Yəqin mənim kim olduğumu bilmirsən. Mən Yezid ibn Müaviyəyəm". O adam bu sözləri eşidən kimi qılıncını çəkib Yezidin üstünə hücum edir: "Sən mənim ağam Hüseyni səhrada susuz öldürtdürmüsən. Vallahi, mən də səni o şəkildə həlak edəcəyəm". O adamın qılınc zərbəsi Yezidin atına dəyir. Hürkmüş at şaha qalxır, sonra sürətlə çapıb gedir. Yezid atın tərkində özünü saxlaya bilməyib yıxılır. Amma bir ayağı üzəngidə qaldığı üçün at onu səhra boyunca sürüyür. Bir neçə gündən sonra nökərləri səhrada Yezidin atını tapırlar. Atın üzəngisindən bir ayaq asılmışdı. Məlum olur ki, Yezidin bədəni yerə sürtünərək tikə-tikə olub dağılıb, yalnız üzəngiyə ilişmiş ayaq salamat qalıb. Onun cəsədinin qalıqlarını Şama gətirib, Babüs-səğir məntəqəsində dəfn edirlər. Hər bir halda, bu gün Yezidin qəbri kimi tanınan məzar Əməvilər məscidinin yaxınlığında, Bəni-Üməyyə soyunun mənsublarının basdırıldığı uçuq-sökük bir məqbərədə yerləşir. Atası Müaviyə kimi onun da dəfn yeri Dəməşq əhalisinin zibilxanasına çevrilib.

Başı haqq yolunda kəsiləni baş üstündə gəzdirib, Ağam Hüseyn (ə), Can Hüseyn (ə) deyilər, qolları haqq yolunda kəsiləni göylərə qaldırırlar, zalımığına görə, zülümlə öldürülənləri isə tarix ayaqlarından asır ki, dünya durduqca lənət oxunsun. 

Əslində tarix ibrət dərsidir amma götürənlərə. Vay tarixdən dərs almayıb hələ də yezidlik edənlərin halına, vay İmam Hüseyni (ə) sevməyənlərin halına. 

Arzu Abdulla

Daha çox  Arzu Xanim

Digər xəbərlər