“21 ildir, uşaqları məktəbə özüm aparıb-gətirirəm”
Featured

06 Fevral 2017
Yardımlı rayonunda müəllim işləyən Nəcəf Məhərrəmov bir nüçə gündür ki, sosial şəbəkələrin və medianın fenomeninə çevrilib.
Onun məşhurlaşmasına səbəb isə qarlı hava şəraitində şagirdlərini dərsə apararkən çəkilmiş fotosu olub. Bəs bir anda hər kəsin sevimlisinə çevrilən Nəcəf müəllim kimdir? 
Nəcəf Məhərrəmov 1969-cu ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. 1991-96-cı illərdə Nəsrəddin Tusi adına Pedaqoji Universitetin İbtidai təlimin pedaqogikası və metodikası ixtisasını bitirib. 1996-cı ildən Mahir İmanov adına Ostayr kənd orta məktəbində çalışıb. Heydər Əliyev Fondu 2005-ci ildə Dəlləkli kənd orta məktəbini inşa etdikdən sonra isə öz kəndində müəllim kimi fəaliyyətə başlayıb.
N. Məhərrəmov söhbətində öz fəaliyyəti və onu fenomenə çevirən fotosu barədə danışıb.
-Nəcəf müəllim, foto harada çəkilib?
-Biz Yardımlının Dəlləkli kəndində yaşayırıq. Foto da kəndimizin məktəbə gedən yolunun lap yuxarı başında çəkilib. Evimizlə məktəbin arasında bir az məsafə var. Uşaqlar kəndin aşağı başından gəlirlər. Hər gün dərsə gedəndə uşaqlarla yığışırıq, yavaş-yavaş, köməkləşə-köməkləşə, söhbətləşə-söhbətləşə qalxırıq. Hazırda kəndimizə 1 metrə kimi qar yağıb. Fotodakı uşaqlar da öz sinfimin şagirdləridir. 
-Bəs məktəb yolunda şagirdlərinizlə təsadüfənmi qarşılaşırsınız, yoxsa əvvəlcədən koordinasiya edirsiniz? 
-Əvvəlcədən vaxt danışırıq. Dərsimiz 8:30-da başladığı üçün, 7:50-də evdən çıxıram. Mənim evim məktəbə yaxın olduğu üçün uşaqlarla 8-ə 10 dəqiqə qalmış düz evin yanında görüşürük. Sonra düzəlirik yola. Palçıqda, qarda yağışda, fərq etməz, eyni vaxtda görüşüb gəlirik məktəbimizə. Gücü çatmayanın çantasını daşıyıram, zəif uşaqlara, boydan balaca olanlara kömək edirəm. Tək foto çəkilən gün deyil, biz elə ilin hər günü belə gəlirik. Yollarımıza təzə çınqıl döşənib. Əvvəl lap pis gündə idi. İndi yollar qarlıdır, yaxşıdır, lakin əriyəndən sonra palçıq olacaq. 
-Fotonuz təsadüfən çəkilib, yoxsa xəbəriniz var idi?
-Bizdə Mədəniyyət evində Sakit Ziyadov adlı bir nəfər işləyir. O heç özümün də xəbərim olmadan çəkib. Sonradan gördüm ki, kənddə hamı o şəkildən danışır. Deyirlər, müəllim, sizin şəkliniz yayılıb. Onda xəbərim oldu. Tələbə yoldaşlarım da zəng elədilər. Sakitdən soruşdum ki, nə vaxt çəkmisən, ay qardaş? Dedi ki xəbəriniz yox idi, siz dərsə gedirdiz, mən də çəkdim. 
-Neçə ildir uşaqları aparıb-gətirirsiniz?
-21 ildir ki, eyni formada işləyirəm. Yaz, payız aylarında nisbətən isti olur, amma yenə də yığışırıq. Onda daha rahat olur. Köhnə dərsləri soruşa-soruşa, uşaqları maarifləndirə-maarifləndirə qalxırıq məktəbə. Nağıllar, rəvayətlər danışıram yolda. Uşaqlarla mütəmadi məşğul oluram.
-Sinfinizdə neçə uşaq var?
-Sinfimdə 10 uşaq var. Hamısına hər mənada köməklik edirəm. Elə olur kiminsə qələmi olmur, alıb verirəm, dəftəri olmur, alıb verirəm. Əlimdən nə gəlir, kömək edirəm. Müəllim adamam, maaşa baxıram. Nəyə imkanım çatırsa onu da edirəm.
-Nə qədər maaş alırsınız?
-300 manata yaxındır. Elə də çox deyil. Lakin qələm 20 qəpikdir, dəftər də elə bir o qədər. Bu şagirdin təhsilinə kömək edəcəksə, əlbəttə almalıyam. Demirəm ki, güclü bir şey edirəm, amma əlimdən bu gəlir.
-Uşaqların təhsil səviyyəsindən razısınızmı?
-Əlbəttə. 10 şagirdimin hamısı yaxşı oxuyur. Yaxşı yazı qabiliyyətləri var, yaxşı nitq qabiliyyətləri var. Dərsə də davamiyyətləri çox yaxşıdır. Tək bizim sinifdə yox, ümumiyyətlə məktəbdə davamiyyət çox yaxşıdır. 
-Şagirdlərinizdən uğur qazananları varmı?
-Əlbəttə ki. Əksəriyyəti ali təhsil alıblar. Rayonda işləyənləri var. Məktəbdə müəllim işləyənləri də var. 2 şagirdim özümlə çiyin-çiyinə müəllim işləyir indi məktəbimizdə. Biri riyaziyyat, biri də Azərbaycan dili və ədəbiyyat müəllimidir. Hər ikisi bu il gəliblər. Mən onlara ibtidai sinifdə dərs keçmişəm.(bakipost.az)
 
Top
JoomlaLock.com All4Share.net