Böyük şuşalı-Elman Mustafazadə
Featured

21 Avqust 2017

Azərbaycanı dünyada tanıtmağı və sevdirməyi qarşısına məqsəd qoyan və minbir əziyyətlə bu məqsədinə nail olmağı bacaran soydaşımızın "Şuşa mənə vətəni sevməyi və uğrunda döyüşməyi öyrətdi" deyən böyük şuşalının-Elman Mustafazadənin 60 yaşı tamam oldu.

Elman Mustafazadə ilə bağlı internetdəki axtarış zamanı 2011-ci ildəki müsahibəmizi tapdım. Amma zaman bu müsahibəyə, daha doğrusu, iki doğma insanın dərdləşməsinə sanki toxunmadan ötmüşdü. Axı o söhbətləşdiyimiz, dərdləşdiyimiz andan bu günümüzə qədər zaman məsafəsində dəyişən nə oldu? Aradan ötən bu qədər illər içimizi göynədən Şuşa həsrətinimi sovuşdurdu, yoxsa, Xankəndində, Şuşada, lap 7 yaşında üzləşdiyi ədalətsizlikdən qəlbi qırılan sonuncu soydaşımız oldu Elman Mustafazadə?

Arada dəyişən bir məqam var- O zaman ermənilərin 7 yaşlı Elmana qarşı etdikləri ədalətsizliyi bu gün ermənilər deyil, elə öz içimizdəki erməni xislətlilər 7-dən 77-yə bütün soydaşlarımıza qarşı edirlər. Şuşa isə əzizlərini, doğmalarını səsləməkdən yorulub yəin...

Gündəmin mənzərəsini olduğu kimi əks etdirdiyi üçün 2011-ci ildəki dərdləşməmizi oxucularımıza yenidən təqdim edirik.

Bütün dünyanı "Azərbaycan!", "Qarabağ!" hayqıraraq dolaşan Elman Mustafazadəni, keçmiş və bu günki şuşalını yubileyi münasibətilə Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının və vetenugrunda.az xəbər portalının adından təbrik edirik!  

"Şuşa mənə vətəni sevməyi və uğrunda döyüşməyi öyrətdi"

Avropadakı Azərbaycan diasporunun tanınmış nümayəndəsi Elman Mustafazadə eyni zamanda "Xudafərin" jurnalının təsisçisi kimi tanınır. 1957-ci ildə Ağcabədinin Hindarx kəndində doğulsa da uşaqlıq illəri Şuşada keçib, orta məktəbi də Şuşada bitirib.

Söhbət zamanı o, bizə keçdiyi ömür yolundan və uşaqlıq xatirələrindən danışdı. Onun təsvir etdiyi Şuşa nə indi bizim nisgillə xatırladığımız, nə də filmlərdə gördüyümüz Şuşadır. Bu, çox qəribə bir məkandır.

İndi bizdən çox uzaqda olan doğma vətənimizin ən gözəl parçası olan sirli Şuşadır.

Qeyd edim ki, Elman Mustafazadə 1990-cı ildə Polşaya mühacirət edib, 2000-ci ildən isə Hollandiyada yaşayır.


- Azərbaycandan getmənizə səbəb nə oldu? İnkişaf etmiş Avropa ölkəsində daha rahat yaşamaq həvəsi, yoxsa...


- Bildiyiniz kimi 1990-ci ildə Bakıda 20 Yanvar qırğını baş verdi. Bu zaman siyasi fəaliyyətlə məşğul olduğumdan ailəmin və özümün həyatına yaranan təhlükədən uzaqlaşmaq üçün Polşaya üz tutdum. Polşada imkan tapıb iş qura bildim və 10 il bu ölkədə yaşamalı oldum.

1991-ci ildə Polşada "Azəri" cəmiyyətini qurdum. 1994-cü ildə Varşava Universitetinin müəllimi, əslən azəri türkü olan İrfan Muratla "Azərbaycanın dostları" cəmiyyətini yaratdıq. 1995-ci ildə 50 il fasilədən sonra Avropada ilk Azərbaycan mətbuatını bərpa etdik və "Xudafərin" adlı dərgini yayımlamağa başladıq. Dərgi azəri, polyak, ingilis dillərində çap olunurdu. Bu dərgi vasitəsilə Azərbaycanın qədim tarixi, mədəniyyəti barədə maraqlı yazılarla dünyaya çıxırdıq.

Eyni zamanda Polşada "AzerPol" və "AzerLex" şirkətlərini yara bildik. Hər zaman dünyada yaşayan azəriləri bir araya yığmaq, birliyini təşkil etmək amacım olub. Bu birləşmə eyni zamanda millli düşüncə tərzinin birgə formalaşmasına, xaricdə yaşayanların birliyinə kömək olur. 1996-ci ildə Polşa hökuməti ən çox vergi ödəyən şirkət kimi "AzerPol"u mükafatlandırdı.

- Xaricdə yaşayan azərilər sizi eyni zamanda Azərbaycan mətbəxini geniş şəkildə təmsil edən insan kimi dəyərləndirirlər.

- Bilirsiniz, bu fikir hardan yaranıb? Azərbaycan mətbəxini geniş şəkildə dünyaya tanıtdırmaq, daha doğrusu, daddırmaq üçün "Araz" adlı restoran açmışdıq. Bu restoran Polşada çox sürətlə tanındı və sevildi.

- Sizcə, xarici ölkələrdə tanınmaq üçün mətbəximiz əsas və birinci amildir?

- Deməzdim birinci amil mətbəxdir və ya bir ölkənin, bir xalqın mədəniyyətini tanıtmaq üçün mətbəx bəsedəcək amildir.

Sadəcə, hər bir xalqın mətbəxi onun mədəniyyətinin bir parçasıdır və kimliyinin göstəricisidir. Çünki mətbəx məxsus olduğu xalqın yaradılışdan bu yana, min illər boyu yaşamıdır, düşüncəsidir, xarakteridir.

- 2000-ci ildən Hollandiyada yaşayırsınız? Bu ölkə haqqında söz düşəndə çoxları "arzularımın ölkəsidir" deyirlər.

- İnkişafın yüksək həddində olan və çox rahat ölkədir. Təbiəti də romantikdir, insanları da maraqlıdır.

- Uşaqlığınızın Şuşada keçdiyini deyirsiniz. Şuşaya bu gün tez-tez "Azərbaycanın mədəniyət mərkəzi" deyirlər. Amma çoxları unudub ki, Şuşa eyni zamanda Azərbaycanda şəhər mədəniyyəti olan bəlkə də yeganə məkan idi.

- Şuşa nostaligiyadan çox, yüksək mədəniyyəti, gözəl ab-havası və mənzərəsi, mehriban insanları və yüksək yumor hissi ilə yadımda qalıb.

Mən əslən şuşalı deyiləm, lakin özümü həmişə şuşalı hesab etmişəm. Çünki həyatımda bütün müsbət xüsusiyyətləri Şuşadan götürdüyümü dərk edirəm. Şuşa mənə insanlığı öyrətdi. Şuşa elə bir yer idi ki, bu məkanda heç vaxt söyüş eşitməzdin. Şuşada orta məktəblərdə partalarda qızlarla oğlanlar ayrı-ayrı oturardı və Şuşa yeganə yer idi ki, orada heç vaxt tərbiyəsiz bir olay baş verməmişdi.
Sizə bir məlumat verim. Əgər inanmasanız, gedin Daxili İşlər Nazirliyinin arxivinə müraciət edin. Şuşada tarixboyu zorlama hadisəsi olmayıb.
Şuşada səhərə kimi şəhərdə tək gəzərdin, özünə qarşı bir təhlükə hiss etməzdin. Şuşadakı qədər dünyanın heç bir yerində uşaqlara diqqət, qayğı, sevgi görmədim. Şuşalıların əksəriyyəti bəy, xan nəslinin nümayəndələri olublar. Onlarda böyük alicənablıq olardı. Şuşalılar xaraktercə çox təmkinli olur. Amma bu təmkinin bir həddi var. Hansısa şuşalının təmkinini pozdunsa, o zaman qarşında qorxubilməz, ölümün gözünə dik baxan bir cəngavəri görərdin. Oğurluq şuşalıya yad əməl idi. 1971-ci ilə qədər Şuşanı belə gördüm. 1971-ci ildə isə Bakıya gəldim.

Şuşa mənim üçün balaca Azərbaycandır. Son nəfəsimə kimi Şuşam uğrunda mücadilə edəcəyəm. Yeri gəlmişkən, bir məqama da toxunmaq istəyirəm. Mənim yaşadığım dövrdə şuşalılar maddi cəhətdən çox kasıb idilər. Şuşaya o zaman yad bir münasibət var idi. Getdikcə şuşalılara münasibət lap pisləşdi. Bilmirəm, bu münasibətin arxasında dayanan nə idi? Bunu araşdırmaq hər halda tarixçilərin və araşdırmaçıların işidir.

Uşaq da olsam, hər zaman məni bir məsələ narahat edirdi. Şuşada qədim binalar yararsız hala salınırdı, bərpa olunmurdu. 7 yaşımda Şuşada keçrilən musiqi festivalının qalibi oldum. Sonralar bu festivallara da son qoyuldu. O zaman qalib gəldiyim üçün məni Xankəndinə apardılar, guya Bakıya yarışmaya yollayacaqdılar. Amma məni göndərmədilər, iki erməni uşağını göndərdilər. 7 yaşımda mənə qarşı olan bu haqsızlıqdan çox üzüldüm və ömrümün axırına qədər heç vaxt oxumayacağıma and içdim.

Yadımdadır, o zaman Şuşa xalq çalğı alətləri ansamblı isə özfəaliyyət dərnəyinə çevrildi. Ən dəhşətlisi isə o idi ki, ermənilər öz vətənimizdə- Xankəndində bizi ələ salırdılar.

- Bu artıq "Böyük Ermənistan" iddiasının başlanğıcı, yəni psixoloji təsiri idimi? Ümumiyyətlə, o uşaqlıq illərində sizə qocalar hec 1918-ci il qırğınıdan danışırdılarmı?

- Hə, uşaq da olsam, erməni soyqrımından artıq xəbərdar idim. Bilirsiniz, hardan bilirdim? Təsəvvür edin, 6-7 yaşım olardı, uşaqlarla Şuşada dağlarda, yamaclarda oynayardıq. Uşaq vaxtı oynayan zaman o qədər atılmış gilizlər tapardıq, ciblərimiz dolardı. Bu gilizlər soyqırımın ən sirli şahidləri idi.

1918-ci ildə azərbaycanlıların başına gətirilənlərdən bütün şuşalıların xəbəri var idi. Bu barədə Bakıda və Azərbaycanın başqa bölgələrində həmyaşıdlarım arasında danışanda inanmazdılar.

Yadımdadır, uşaq idim, qəfil eşitdim ki, Şuşa Xankəndi yolu bağlanıb (təxminən 1967-68- ci illər olub). O zaman erməni-türk davası salmışdılar.

Ermənilər ayağa qalxmaq, qırğın salmaq üçün yalandan bir şou düzəltmişdilər. Guya azərbaycanlı müəllim öz şagirdi olan erməni qızını zorlayaraq öldürüb, sonra isə samanlıqda basdırıb. Xankəndidə keçrilən məhkəmə isə bunun şayiə olduğunu sübut etdi. Ermənilər iyrənc planlarının baş tutmadığını görəndə başqa cinayətə əl atdılar, həbsxanaya azərbaycanlı məhbus aparan maşına benzin töküb od vurdular. Maşında olan 3 azərbaycanlı dustaq yanıb kül oldu. O zaman bütün Şuşa ayağa qalxdı. Millətlər üz-üzə dayandı. Uşaq idim, amma bu ağrını yaşayırdım.

Bayaq şəhər mədəniyyətindən danışdıq. Doğrudan da Şuşada gördüyüm şəhər mədəniyyətini başqa heç bir şəhərimizdə, hətta paytaxtımızda da görmədim. Şuşa yeganə bir məkan idi ki, buradakı yaşlı insanlar sanki bütün Azərbaycanın canlı tarixçiləri idilər. Bu şəhərdə falçı, baxıcı, hansısa fırıldaqçı görməzdin. Şuşalılar hamısı ziyalı idilər. Şuşa indi gündüz çıraqla axtardığımız ziyalıların şəhəri idi.

- Sonrakı illərdə ermənilərdən gördüynüz və yaşlıların danışdıqları qanlı tariximizə münasibətiniz necə oldu? Heç haqqı tapdalanan, qanına qəltan edilən yüz minlərlə azərbaycanlının, türkün qanı sizi naraht etmədi?

- Bütün ömrüm boyu gördüklərim və soydaşlarımın haqsız yerə tökülən qanı məni rahatsız edəcək. İncəsənət İnstitutunda oxuduğum illərdə bu söhbətlərə görə məktəbdən xaric edilirdim. Lakin ali təhsil ocağında olan müəllimlərim Solmina Dadaşova, Afaq Quliyeva və Adil Adilov məni məktəbdə saxlaya bildilər.

Sonra İncəsənət İnsitutunun rektoru Aslan Aslanov məni öz balası kimi sevməyə başladı. Bizim institutda mən və Ənvər Börüsoy gizli milli mücadilə aparırdıq.
Bax, bu millət, xalq, Vətən sevgisini də mənə Şuşa öyrətdi. Şuşa mənə Vətəni sevməyi və uğrunda döyüşməyi öyrətdi.


Arzu Abdulla

2011-5 aprel

Top
JoomlaLock.com All4Share.net