Məşhur bloqer: "Bakı narahat, ədalətsiz və təhlükəli şəhərdir"
Featured

10 Noyabr 2018

Varlamov Bakıda: "Elə edin ki, şəhər nənələr üçün rahat olsun"

Bakıdan deportasiya edilən və sonradan AZAL-ın təyyarəsi ilə geri qaytarılan rusiyalı bloqer, səyahətçi və urbanist İlya Varlamov Bakı haqqında təəssüratlarını bölüşüb.

Deportasiyası və sonradan geriyə qayıtması üçün pulsuz biletlə təmin olunmasını isə İlya Varlamov öz bloqunda yazıb və Bakı hava limanında gül-çiçəklə qarşılanmasını əks etdirən foto şəkil paylaşıb.

Azərbaycan Hava Yolları Şirkətindən İlya Varlamovun onlaırn təyyarəsində geri qaytarıldığı bildirilib, amma deportasiyanın səbəbləri haqqında məlumat verilməyib.

- Bir səyahətçi və urbanist kimi Bakı haqqında təəssüratınız nədir? Bura bir Avropa şəhəri demək olar?

- Bakı, demək olar ki, təzədən tikilir. Şəhəri maraqlı edən burada biri-birindən fərqlənən rayonların olmasıdır: köhnə şəhər, 19-cu əsrə aid olan hissə, sovet dövründən qalmış standart miras, tikintisi hazırda davam edən yeni rayonlar. Şəhər çox müxtəlifdir və onun necə inkişaf etdiyini görmək mənə maraqlı gəlir.

Şəhər mühitinə gəldikdə isə, hər şey kədərlidir, çünki Bakıda düzgün olmayan şəhərsalma planlaşdırılmasının tipik nümunəsini görürük. Bu şəhər narahat, ədalətsiz və təhlükəli şəhərdir.

Avtomobilin varsa - bəxtin gətirib, sən bu enli küçələrdə asanlıqla hərəkət edə bilirsən. Amma maşının yoxdursa, onda pis gündəsən.

Körpə arabası ilə gəzməyə çıxanlara, əlillərə, ahıllara, əllərində yükü olan turistlərə şəhərdə hərəkət etmək çətindir.

Bakı turistləri dəvət etməyi sevir. Amma belə bir test var - çemodan testi: çemodan götürüb şəhəri gəzin.

Şəhərdə xeyli yeraltı keçid var, amma onlar panduslarla təchiz olunmayıb, liftlər yoxdur. Eskalatorlar var, lakin uşaq arabası ilə gəzən qadın həmin eskalatordan istifadə edə bilməz.

Hər yerdə yeraltı keçid yoxdur, buna görə də sakinlər yolları qaça-qaça keçməli olurlar. Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən bu qədər çox adamın keçdiyini heç bir başqa şəhərdə görməmişəm. Bu şəhər cəmiyyətin zəif təbəqəsinə qarşı - uşaqlara, qocalara, aztəminatlı insanlara - ədalətsiz şəhərdir.

Onlar onsuz da zəifdirlər, hələ şəhər mühiti də onları əlavə əzir. Amma bu, belə olmamalıdır, çünki Bakının inkişaf yolu Avropa yoludur, bu - Avropa şəhəridir və demək, ədalətli şəhər olmalıdır.

- Bununla bağlı nə etmək olar?

- Burada çətin nə var ki, Avropada, Amerikada özünü təsdiqləmiş uğurlu təcrübədən istifadə etmək lazımdır. Orada şəhərlərdə yenidənqurma işləri aparıblar, şəhərləri insan üçün rahat ediblər. Şəhər mühiti üzrə, nəqliyyat və memarlıq üzrə xarici mütəxəssisləri dəvət etmək lazımdır.

Bakının xarici mütəxəssislərin dəvət edilməsinə dair yaxşı təcrübəsi var, bunu dünya miqyaslı məşhur memarların Bakıda gerçəkləşdirilmiş layihələrinin sayından görmək olar: Heydər Əliyev Mərkəzi, gözəl hava limanı və Ağ Şəhərin - keyfiyyətli şəhər inkişafının yaxşı nümunəsi.

Qəribədir ki, şəhər memarlığında bu cür təcrübə ola-ola, şəhər mühiti sahəsində bu anlayış yoxdur. Şəhər mühiti baxımından, şəhərin ədalətli olmasını istəyirəm, prioritetlər düzgün seçilməlidir, şəhər avtomobillər üçün deyil, piyadalar üçün qurulmalıdır.

Biz tərəflərdə deyirlər ki, "şəhəri nənələr üçün rahat edin", çünki nənələr üçün rahat olan şəhər hər kəs üçün də rahat olur.

- Bu, postsovet şəhərləri üçün ümumi problemdir, yoxsa gözəl istinalar da var?
- Problem ümumidir, çünki bütün post sovet şəhərlər Sovet şəhərsalma məktəbinin səhvlərini yaşayırlar. SSRİ şəhərsalmasında hər şey kədərli görünürdü, mikrorayonların arxitekturasından başlayaraq… ABŞ, Fransa, Britaniya, Almaniya hələ 60-70-ci illərdə bundan imtina edib - orada mikrorayonlar sökülüb və yenidən qurulub.

Bizdə isə bu, hələ də davam edir və şəhərləri avtomobillər üçün rahat olan qaydada layihələşdirməyə davam edirlər.

Bu, 30-cu illərdən, Stalin dövründən belə davam edir, Moskvanın baş planına, geniş prospektlərinə baxmaq kifayətdir.

Moskva ilə Bakını müqayisə edəndə görürük ki, biz də, misal üçün, Kremlə çatmaq üçün doqquz avtomobil zolağı olan Tverskaya küçəsini keçib gedə bilmirik.


Əslində, həmin küçə piyada qarşısında qurulan divardır. Turistlər də bunu görəndə, sadəcə, məəttəl qalırlar.

İş isə orasındadır ki, SSRİ dövründə belə hesab olunurdu ki, hər bir sovet vətəndaşının şəxsi avtomobili olacaq, dövlət hər bir adamı avtomobillə təmin edəcək. Şəxsi avtomobil - avtomobilsiz özünü natamam hiss edən Sovet vətəndaşının rifahının rəmzi idi.

Amerikada da avtomobilləşmə yolu inkişaf edib, lakin bu gün gördüyümüz kimi, orada avtomobilləri məhdudlaşdırırlar, prioritetləri dəyişirlər və şəhərləri sakinlər üçün rahat edirlər.

- Bizdə bunun əksidir?
- Bəli, dönək Bakıya. Mənə sual verirlər ki, yaxşı, bəs indi bu geniş yollarla nə edək? Mən də deyirəm ki, tramvayı qaytarın. Əvvəllər sizin gözəl tramvaylarınız olub və bu, prioritetlərin dəyişməsinin rəmzi olacaq.

- Sizin turist yerlərinə baş çəkməmək qərarı forumlarda bəzi iştirakçıları narazı salmışdı. Niyə, məsələn, mikrorayonlara baxmağı qərara aldınız?
- Mən bakılıları sevindirmək və ya məyus etmək üçün səyahət etmirəm. Bakıda bir çox dostum var və ümid edirəm ki, ünsiyyətimlə onları sevindirirəm. Mənim fəaliyyətimə gəldikdə isə, kiminsə xoşuna gəlib-gəlməməyi özümə məqsəd seçməmişəm.

Məqsədim şəhərlərimizlə bağlı nəyin baş verdiyini bilmək və bundan baş çıxarmaqdır.

Mən turistlər üçün nəzərdə tutulan yerləri də ziyarət edirəm, lakin həmin yerlər barədə heç nə yazmıram. Çünki həmin yerlər - artıq dondurulmuş müzey eksponatları kimidir. Şəhər isə ildən-ilə dəyişir və bu prosesi izləmək maraqlıdır.

Bakıda reallaşdırılmış uğurlu və uğrsuz nümunələr, təcrübələr axtarıram ki, başqaları həmin səhvləri təkrar etməsinlər.

- Uğurlu nümunə sizin üçün nə deməkdir?
- Bakıda yeni, rəmzi əlamətlər daşıyan obyektlərin tikilməsi olduqca xoşuma gəlir.

Ümumiyyətlə, bu, postsovet məkanında nadir haldır. Bizlərdə yenilik yaratmağın nəyə lazım olduğunu, onun mənasını başa düşmürlər.

Moskvada yeddi Stalin göydələnindən başqa nəsə gözədəyən bir şey ötən 100 il ərzində ucadılmayıb. Moskva-city tikiblər, lakin orada baxılası elə bir şey yoxdur. İndi Zaryadye Parkı salınıb, Rusiyanın qalan şəhərlərində isə ümumiyyətlə heç nə yoxdur. Bakıda şəhərin və ölkənin imicinin vacibliyinin nə olduğunu başa düşürlər - və bu, xoşuma gəlir.

Burada xeyli sayda keyfiyyətli memarlıq layihələri var, başqa yerlərdə belə halla az-az rastlaşırsan.

Köhnə Sovet panel evlərini əsas küçəyə çıxan fasadlarının təzələnməsi də xoşuma gəlir.

Əlbəttə ki, burada gözdən pərdə asmaq elementləri var, binaların yalnız fasadlarına ağ daşdan üz çəkiblər, həyətə girəndə isə, orada heç nə edilmədiyini görmək olar.

Amma ümumilikdə götürəndə, şəhərlərimizdəki panel evlərə bu yolla əl gəzdirmək pis deyil.

- Sonuncu sual bir az məişətə aiddir. Bloqunuzda kabab, antrekot və piti yeyəcəyinizi yazmışdınız. Bunu edə bildinizmi?

- Əla bir kabab yedim. Dostum məni tamamilə turistlər üçün nəzərdə tutulmayan bir yerə apardı - orada biz indiyədək ömrümdə yediyim ən dadlı kabab yedik. Piti yemək alınmadı, amma mən ümid edirəm ki, hələ bura qayıdacağam.

Odur ki, bu dəfəki təəssüratlarımı dərc edəndən sonra məni ölkəyə bir daha buraxsalar, bu dəfə mətbəxinizdən yazacam.(bbc)

Top
JoomlaLock.com All4Share.net