Bir insanın amalı – şəhid Ramazan Quliyev
Featured

13 Oktyabr 2017

İnsan həyatının mənası təkcə yeyib-içmək, yatmaq və bu kimi şeylərdən ibarət deyil.

Çünki eyni xüsusiyyətlər heyvanda da var. Bu dünyada kiməsə dayaq olmaq, kiminsə əlindən tutmaq, bəzən isə müqəddəs amal yolunda öz canından keçmək kimi xüsusiyyətlər insanın həyatını mənalı edir. Bütün bu ideyaları özünə ömür yolu seçərək yaşayırdı Ramazan. Hələ uşaqlıqdan atasını itirmiş 2 bacı, 2 qardaşı ilə birlikdə yetim qalmışdı.

Orta məktəbi bitirdikdən sonra Tibb İnstitutuna daxil olan Ramazan 2-ci kursda oxuyarkən təhsilini yarımçıq qoyub, doğma kəndlərinə qayıtmağa məcbur oldu. İki bacısı, anası, kiçik qardaşı kənddə başsız qalmışdı axı… Böyük qardaşı isə əsgərlikdə idi. Eybi yox, hər vaxt oxumaq olar, təki anam, bacılarım korluq çəkməsin,  bu cür düşünən Ramazan sürücü işləməyə başladı. Sarı kabinəli “MAZ” həm onun çörək ağacı oldu, həm də ki, kənddə hər bir kasıbın ümid yeri.

Evlənən, ev tikmək istəyən, bir şeyə ehtiyacı olan elə kimsə yox idi ki, Ramazan ona kömək etməsin. Atam danışır ki, bir dəfə Ramazan mənə dedi ki, gəl bir yerə gedək. Etiraz etmədim. Həyətdə iki böyük çəllək var idi. Dedi ki, kömək elə, bunları maşına qoyaq. Köməkləşib çəlləkləri maşına qaldırdıq. Cəbrayıl rayonunun  ucqar bir dağ kəndi olan Dağtumasa çatanda köhnə bir evin qarşısında Ramazan maşını saxladı. Düşüb çəlləkləri həmin evin həyətinə qoyduq.

Elə bu vaxt evdən bir qoca qadın çıxdı. Ramazanı mehribancasına qucaqlayıb, səni sabah gözləyirdim, bir gün tez gəlmisən dedi. Bu əhvalatdan əvvəlcə heç nə başa düşməyən  atam sonradan bilmişdi ki, həmin qadın kimsəsizdir və hər il qış vaxtı Ramazan ona “solyarka” aparır ki, qışda yandırsın. Bax belə oğul idi Ramazan.

Elə ölümü də həyat amalına uyğun oldu. Ermənilər torpaqlarımıza təcavüz edəndə kənddə kişiləri başına yığıb yana-yana demişdi:

– Ay kişilər! Belə iş ola?! İllərlə çörəyimizi yeyiblər, indi də gəliblər ki, torpaq verin. Deyəsən, bu dığaların üzünə xoş baxmışıq. Bir də ki, kişi gərək torpağını qorusun.

Bu sözlərdən sonra döyüşlərə yollanır Ramazan.

1992-ci ildə ağır döyüşlərin biri idi. Qrad göydən sanki yağış kimi yağırdı. Elə bu vaxt Ramazan 10 yaşlı bir qızın güllələr altında qaldığını görür. Yağış kimi yağan güllələrdən uşağı qorumaq üçün sinəsini sipər edərək onu öz bədəni ilə gizlədir. Elə bu vaxt Ramazanın 2 metrliyində partlayan qraddan qopan qəlpələr onun sinəsinə saplansa da, uşaq sağ qalır. Həkimlərin səyinə baxmayaraq, 8 dəfə əməliyyat olunduqdan sonra Ramazan bu dünyaya gözlərini əbədi yumur. İndi o hadisədən illər keçib. Həmin qız bəlkə də böyüyüb, ailə qurub. Amma onun həyatını öz həyatı bahasına xilas edən qəhrəmanı yəqin ki, xatırlayır.

Ramazanın körpə ikən yetim qalan iki oğlu və bir qızı artıq böyüyüb, ailə qurublar. Hətta böyük oğlunun indi balaca bir Ramazanı da  var. Yəqin ki, o böyüyəndə heç zaman üzünü görmədiyi babasının qəhrəmanlığına görə fəxr edəcəkdir. Necə ki, bu gün Ramazanın övladları buna görə fəxr edirlər.

Orxan Əli

Top
JoomlaLock.com All4Share.net