Ariflər hər zaman qəribdir

26 Oktyabr 2016 Author :  

Mən onu ilk dəfə Bakıda, İslam Universitetində tələbə olarkən bir ruhaninin görüşündə görmüşdüm. İlk baxışda ciddi, zəhimli və soyuqqanlı bir şəxs təsiri bağışlayırdı.

Amma onunla həmsöhbət olduqdan sonra nə qədər sadə və səmimi bir insan olduğunu dərk edirdin. Əli Əkbər Həsənzadə! Özü boyda bir ömür yaşadı və özü boyda bir xatirə qoydu onu tanıyanlar üçün. Həqiqi mömin həyatı yaşadı və bir soyuq payız günündə bu fani dünyaya vida etdi həmşəlik. Həm də aşiqi olduğu məzlum İmamı Hz.Hüseyn (ə) – in şəhadəti qeyd edilən məhərrəm ayında.

Hamıya təmənnasız sevgi bəsləyər, Quran elmimlərini də tələbələrinə sırf Allah rizası üçün öyrədərdi. Amma onun bu təmənnasız və əvəzsiz sevgisi və səmimiyyəti bəzən qəlbi sevgidən və insaniyyətdən məhrum olan adamcığazlar tərəfindən düzgün anlaşılmırdı. Bu belə də olmalı idi. Çünki həyatda hərə öz arşını ilə ölçür deyirlər.

Əli Əkbər müəllimi son mənzilə yola salarkən tələbələrinin necə ağız dolusu ondan qalan xatirələri dilə gətirmələri məni heyran etdi. Bu sevgini və məhəbbəti maddi marağın sayəsində deyil, yalnız həqiqi təqva və böyük ruha sahib olmaqla qazanmaq mümkündür. Bəli, Azərbaycan dini camiəsi və ictimayəti iki gün öncə özünün artıq barmaqla sayılacaq qədər azalan həqiqi ruhanilərindən birini itirdi.

Əli Əkbər müəllimə olan bu ümumxalq sevgisi onu son mənzilə yola salarkən bunun həqiqi sübutudur. O, bir Allah dostunun ömrünü yaşadı. Sovet rejimi zamanında dini elmləri təbliğ etdiyinə görə təqiblərə məruz qaldı, mühacirət etdi, böhtanlara və şərlərə məruz qaldı. Amma yenə də bu müqəddəs və şərəfli yoldan ayrılmadı.

Dünyəvi və dini elmlərə hərtərəfli bələd olmasına baxmayaraq, bəzi savadsız “ruhanilər” kimi şöhrət və dünya malı arxasınca düşmədi. O, heç zaman gözə girmədi və öz şəxsində əsl Allah istəyən təvazökarlığı ətrafdakılara və tələbələrinə təbliğ etdi. Onu tanıyanlara özünü yenidən tanıtdı bu gedişlə. Ölümü ilə də bir çoxumuza dərs verdi sanki... Ustad elə bil Hz.Əli (ə)-nin “Ariflər hər zaman qəribdir” kəlamını bizə öz sadə və ibrətli həyatı ilə doğruladı. Ruhun şad olsun böyük insan! Allah səni öz sonsuz rəhmətində və nurunda qərq eləsin!

Xərabət əhlini xor görmə zahid! Xəzinələr dolu viranələr var.

Araz Mehrəli Şiyəkəranlı

Top
JoomlaLock.com All4Share.net