Dolma müsibəti və türküçlərin boşboğazlığı

18 Aprel 2017 Author :  
Yəni doğrudanmı bizim dolmadan başqa dəyərimiz yoxdur? Niyə bu ölkədə özünü millətpərəst, türkçü, vətənpərvər kimi qələmə verən, amma bunların heç birindən xəbəri olmayan kimlərsə ağızlarını yekə-yekə açıb dolmadan, "Sarı gəlindən" danışırlar? Belələri üçün dəyər ancaq dolmadırmı? Guya bu ölkənin və bu xalqın ancaq bacarıb ortaya çıxardığı dolmadır, dovğadır. 
 
Niyə bizim dovğa davası edən "millət keşikçiləri" bir dəfə eyni alovlu sözlərlə doğum evlərində savadsız həkimlərin öldürdüyü ana və uşaqların haqqını müdafiə etmir? Bizim "mən türkəm, rumdan-Çinə qədər türkündür" deyən və bu boş, mənasız sözlərlə xarici ölkələrdən qrant alıb keyf edən "türkçülər" niyə indiyə qədər ermənilərin "Nemezes" terror təşkilatının qətlə yetirdiyi Fətəli Xan Xoyskinin haqqını tələb etmirlər? Axı ermənilər yüz il bundan əvvəl soyuqdəymə nəticəsində sətəlcəm olub ölənlərinin soyqırıma uğradığını iddia edirlər. 
Dolma davası edənlərə daha bir sözüm var. Əslində "dolma bizim idi, ermənilər öz adına çıxardı" deyib dad-haray etməyin özü çox böyük rüsvayçılıqdır. Bu, bilirsiniz nəyə bənzəyir? Elə bil azman cüssəli bir kişi balaca uşaq kimi gözlərini ovuşdurub ağlayır ki, əlimdə bir dolmam var idi, qorxaq, yalançı, bapbalaca qonşum başıma qapaz vurub əlimdən aldı. 
Bax, bu, əsl rəzillikdir. Sən nə gündəsən ki, "bir ovuc qorxaq" dediyin kəs əlindən hər şeyini alır-ananı, bacını, arvadını, qızını, oğlunu, atanı, vətənini, torpağını, tarixi abidələrini, mədəniyyətini, ata-ananın qəbrini  və alana qədər səsini çıxarmırsan, alıb aparandan sonra əsl qorxaq adamlar kimi qışqırmağa başlayırsan: "qoyma, apardılar". 
Bu, bilirsiniz, həm də nəyə bənzəyir? Sanki biri eybəcər uşağının üstünə özünə təskinlik vermək üçün göz muncuğu asıb. Əslində bu, təsəllidir. 
 
Amma bizim təsəlliyə ehtiyacımız yoxdur. Gerçəkdən Azərbaycana Tanrı o qədər sərvət verib ki, bunu yığıb-yığışdırmaq olmur. 
Əsrin əvvəllərində Bakıya neft iyinə gələn Nobel qardaşları Balaxanıda Qoturluq Xəstəxanası açırlar. Balaxanıda yerdən çıxan bulaqda bir dəfə çimən hər hansı dəri xəstəliyinə tutulmuş kəs o anda sağalır. 
 
Bu kimi əvəzsiz bulaqlar təkcə Balaxanıda deyil, Azərbaycanın çox bölgəsində var. Elə götürək, Astaradakı yanar suyu və ya Lənkəranda, Masallıda, Kəlbəcərdə, Naftalanda, Kürdəmirdəki İsti suyu, Zığ qəsəbəsində yerləşən Duzlu göl, Xaltan sularını.  Xarici ölkələrdən firma dərmanlarını gətirib zavallı xalqa sırıyanlar çox yaxşı bilirlər ki, bu firma dərmanlarının heç bir xeyri yoxdur. Daha ucuz və keyfiyyətli başa gələn müalicəni isə Tanrı bizə göndərib, özü də pulsuz, əziyyətsiz. 
 
Sanki uca göylərdən müqəddəs bir əl bir səbət şəfalı bulaqları, gölləri, çayları ölkəmizin üstünə səpib və bu müjdədən bütün bölgələrimizə pay düşüb. Bəs kimdir bizim ilahi payımızı yeyənlər? O kəslərdir ki, onlar bir dəstə "millətçi", "türkçü", "vətənpərvər" yetişdirib salıblar üstümüzə. Bu əslində baş qatmaq, gözdən pərdə asmaq üçün işlənmiş siyasətdir. Eynən Amerikanın siyasətinə bənzəyir. Gözümüzdən pərdə asırlar və bu pərdənin arxasında bizim hamımıza verilən sərvəti çırpışdırıb ciblərinə yığırlar. Pərdə çəkiləndə isə...
Ötənlərdə Bakı kəndlərindən birində yerləşən yüz illər yaşı olan tarixi abidələrdən birinin ətrafını bir məmur arvadı hasara aldırıb özü üçün əyləncə mərkəzinə çevirdi. Ona gözün üstə qaşın var deyən olmadı. Xalqımıza qarşı edilən bu vəhşiliyə bütün milətçilər, türkçülər, bütün xalqımızla birgə göz yumdular.
 
Bu olaylar o məmləkətdə baş verir ki, o məmləkətin insanları toyda oynamaq üstündə bir-birinə bıçaq çəkir, qanını tökür. Əslində qorxaq birisi bunu edə bilməz. Sadəcə, insanları siyasi-psixologiya deyilən və xalqdan gizlədilən bir üsulla əsl hədəfdən yayındırırlar. O zaman qan qardaşını bıçaqlayan anlamır ki, əslində bu bıçaq kimin ürəyinə saplanmalıdır? 
 
Bir dəstə ağıldankəm "qoçaqlar" isə hər gün İranı İsraillə Amerikanın nə zaman bombalayacağını gözləyir. Daha anlamır ki, onun uşağına zəhər yedirdən, təhsilini və məmləkətini viran qoyan İran deyil. Daha bu zavallılar anlamır ki, bu gün Azərbaycan təhsilini məhv edən kurikulum sistemini də ölkəmizə İran sırımayıb, Amerika sırıyıb. Kurikulum təhsil sistemi Amerikada yaradılmış və dünya ölkələrində təhsili sıradan çıxarılması üçün xüsusi olaraq hazırlanan sistemdir ki, Azərbaycan kimi ölkələrdə tətbiq etməklə xalqı məhvə sürükləyirlər.  
Tibbdə belə bir fikir var ki, dünyada heç bir xəstəlik yoxdur. Bütün xəstəliklərin başlanma səbəbi var-immun çatışmazlığı. Bütün problemlərin bir həlli var, hədəfi düz tapmaq. Bundan ötrü mütləq bəsirət gözünü açmalısan. Allah bu müqəddəs aylar xatirinə bəsirət gözünüzü açsın! İnşallah!
 
Arzu Abdulla
Top
JoomlaLock.com All4Share.net