Yolun hayanadır, yolçu qardaş?

24 Oktyabr 2016 Author :  

( "Həqiqətən də: ... sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədər­lən­mə­yə­cəklər"... Qurani-Kərim, Əhqaf surəsi, ayə 13)

Nə olsun ki, Allah insana yaranışından şüur verib. Əsas olan bu şüuru işə sal­maqdır. Bəşəriyyətin yaranışından 15 milyon il keçib, amma insan hələ də bu şü­urun, yəni qafa yükünün cəmi 3-5 faizini işə sala bilib. Ancaq bu da bəs edib ki, in­sanlıq müxtəlif məsələlər barədə dərin düşüncələrə dalmağı bacarıb. Dərin dü­şün­cələrdən fəlsəfə yaranır. Biri də yol və yolçuluq fəlsəfəsidir.
Yol dedikdə ayaqla gedilən, addımlanan yol, cığır, küçə, yolçuluq de­dik­də isə qa­pı-qapı yol ölçürmüş kimi gəzib-dolaşan və nəzir-niyaz toplayan dilən­çilər xa­tır­­lanır. Amma zaman-zaman keçilən, ayaqlar olmadan da adlanan və məq­səd­­dən məq­sədə aparan yollar var.

Yolçuluq fəlsəfəsinin insanlığa anlatdığı da bu­dur. Hərdən fi­kir­ləşirsən ki, aya dün­ya, həyat, ömür elə büsbütün yoldur ki gedirsən. Yoldan yol­lar yaranır, yola yollar qo­vu­şur, yol adamı aparır, gətirir, qovuşdurur, ayırır,.. bi­tirir. İlk baxışdan tam dəqiq və sadə düstur kimidir. Təəssüf ki, bunu anlamayan və bu yolçuluğa xələl gətirən adamlar, qüvvələr , hətta peşələr də var.
Yol fəlsəfəsinin o qədər mənasız, cəfəng, düşük və acı tərəfləri var ki, bir stə­kan aloy suyu ondan şirin qəbul edilər.


Sındırılmalı pota-pota özgə və “danabaşlar” durmuşkən adam bəzən sadə su­al­ların əksəriyyət tərəfindən cavabsız buraxıldığını gördükdə elə hiddətlənir, adam­da elə ikrah hissi yaranır ki, bu zaman o özünün gül kimi başını divara çırpmaq və qarpız kimi parala­maq istəyir. Nöşün ki, Allahın verdiyi şüur payının 0,1 faizi də kifayət edir ki, həyatın elementar tərəflərini dəqiq anlayasan. Yəni hər bir insan bu dünyada ona ayrılmış ömür payını, yəni uzunluğu 60-70 ilə bərabər olan bir yolu – ömür yolunu keçib- getməyə sərf etməlidir. Həyatda nəyəsə aludə olmağa, maddi varlığa sidqi-ürəklə bağlanmağa, dünyadan beş əllə tutub qalmağa dəyməz. Eləcə də, sən kimsən ki, ay qatil, bu ömrü qəfil bitirəsən, bir yolu tam başa çatmadan qırasan? Heç bir insanın həyat yolu bir başqasının həyat yolunu qır­maq­dan, bitirməkdən ibarət ola bilməz. Bundan ötrü ölüm mələyi Əzrayıl var, insanı öz yolundan azdırıb ölümə aparan İblis var,.. sən kimsən?! Övladına Əzrayıl və ya İblis adı qoyan valideynə rast gəlmədik.

Bəs övladının peyğəmbər, imam, övliya olmasına çalışan valideyn gördükmü? Biz övladının varlı-dövlətli olmasına çalışan insanları çox gördük. Böyük pul, böyük sərvət isə heç vaxt halal yolla qazanılmır; istər bizdə olsun, istərsə də Yaponiyada. Dünyada qazanılacaq iki cür sərvət var. Dünya malı sayılan sərvət vəfasızdır, səni tez atar, törətdiyin əclaflıqları, yalan və iftiraları tez boşa verər və səninlə son mənzilə doğru son yolu getmək istəməz. Qazanılan mənəvi sərvət isə səninlə bu dünya yolunu sonacan fəxrlə gedər, hələ üstəlik axirətdə də səninlə qalar. Bu cür çox sadə həyati həqiqətlərə gətirib çıxaran suallara kiminsə cavab tapa bil­mədiyini, tapdıqda və anladıqda bunu gerçəkləşdir­mə­diyini görən adam öz başını divara vurmasın, cin atına minməsin, bəs nə elə­sin!? Əks təqdirdə cin adama minə bilər axı.

Allahın cin atı da yol ilə çapır. Ona görə də yol hər cür varlıq üçün əhə­miy­yət­li­dir. Heç demə maye su üzərində gəmilərin, bomboş görünən havada təy­ya­rə­lərin də yolu var imiş. Hamı- hər kəs və hər nə yol gedir.
Savab işlərin sırasında yol salmaq, yol çək­mək mühüm yer tutur. Amma bu o demək deyil ki, yol idarələrinin müdirləri bir­başa Cənnətə gedəcəklər. As­val­tın bitiumunu, sementini, mazutunu və digər komponentlərini oğurlayan və basıb yeyən adamları Cənnətə buraxmaq olmaz ki. Heç yola xidmət, guya ki, yol hərə­kəti qay­da­larına nəzarət edən Yol Polisi əməkdaşlarının da hamısını o dünyada Cənnətin gözlə­diyini düşünə bilmərik. Könül istər ki, Cənnətin yolları hamı üçün hamar və açıq olsun.

Ancaq Yol Polisinin bir çox əməkdaşları Bərzəx aləminə düşərsə, kim zəmanət verə bilər ki, o yola süni sürət həddi, gizli radar, kamera, maneə və ya yoxlama postları düz­mə­yə­cək­lər. Hələ yolu kəsmələri, bağlamaları, qapatmaları da var ki, bu hal heç cür Cənnət prinsiplərinə uyğun gəlməz.

Yol kəsmək, yol bağlamaq yeni söhbət deyil. Əvvəllər də olub; həm maddi, həm də mənəvi aləmdə insanın yolunu kəsənlər, bağlayanlar var idi. Sadəcə, indiki zamanda fərqli nüanslar çoxalıb. Ən azından indi insanlar material yolları avto­mobillə, mənəvi yolları isə dini və fəlsəfi kitablar, əxlaq, iman vasitəsilə keçirlər. Məncə indiki qədər yol­bağ­la­ma da olmayıb. Hətta cadu-piti vasitəsilə (magiya ilə) də yol bağ­layanlar var. Yolbağlama məsələlərində cadukünlər (maqlar) və Yol Po­lisi ön möv­qedə durur. Avtomobillərin üzünə yol bağlamaq, yol kəsmək daha çox baş kən­dimiz Bakuda – Odlar şəhərində populyardır. Bakılılar buna öyrəncəli olub­lar. Hətta hər­dən baş küçələr bağlanmadıqda bu onları təəccübləndirir və çoxmər­tə­bəli şübhələrə yol açır.

Mənim üçün Bakı­nın ən əsas, ən böyük yolu, baş küçəsi Neft­çi­lər prospekti­dir. Xüsusən üzü “Azneft” meydanına sarı maşın sürəndə özünü Londonun, Pa­risin küçələrində hiss edirsən. Elə ki, “Azneft” meydanına çatırsan, o andaca özünü Mozambikin paytaxtı Mabutoda hiss etməyə başlayırsan. Yeri düş­müşkən bir müəmmanı da bildirim: balam, “Azneft” daha olmadığı, indi ARDNŞ mövcud ikən onun binasının önündə onun adına meydan olmasının nə mə­nası var? Mövzunu oranın əslində ARDNŞ və ya “SOCAR” adlanmalı olma­sının üstünə çək­mək istəmirəm. Sözüm onadır ki, adam maşınla “Azneft” (AR­DNŞ və ya “SOCAR”) meydanına yaxınlaşarkən orada durmuş “qaişnikləri” gör­dükdə özünü onların sərt, qıyqacı, əzazil nəzərləri altında nə üçün­sə günahkar, şüb­həli, hətta potensial cinayətkar kimi hiss edir. Sanki bura­dan paylanan yol­lar onların dədə-baba mülkiyyətidir və sən də ən azından çı­xardıb onlara pul verməli və ya baş­la­rına şabaş səpməlisənmiş.

Belə düşünürəm ki, avtomobillərə və sürücülərə bu cür yad, ögey, aşağılayıcı və sərt münasibət bəsləmək, onları müxtəlif nominasiyalı əskinas formasında görmək cəhtləri bəzi yol polislərinin öz peşəsinə özəl mül­kiy­yət kimi xüsusi rəğbətindən, sevgisindən, hətta qısqanclı­ğından qay­naq­­la­nır. Bağ­ba­nın peşəsi meyvə yetişdirmək olsa da, kiminsə əl uzadıb bir meyvə dərməsindən o qəlbən xoşhal olmaz. Gərək özü dərib verə. Eləcə də görünür yol polisi sü­rü­cü­lərin hər il büdcəyə yol haqqı ödəməsinin müqabilində avtomobillə onun yolundan və yanından saymazyana “vızz” edib keçməsini asanlıqla həzm edə bilmir...bəlkə də. Yoxsa bu qədər yuxarıdan aşağı baxmaq olmaz ki! Bəlkə də bu adamlar yol polisi yox, yol ağası adlanmalı və yola aid hər cür cərimələri, cəzaları, qadağaları şəxsən onlar müəyyən etmə­li­ və toplamalı imişlər. Niyə də yox, çörəyi ver çö­rək­çiyə, birini də üstəlik. Yol polisinin nəqliyyat nazirliyinə tabe olmamağı da doğru ab­surddur.

Necə olur, yolun salınması, təmiri, bərpası NN-ə aid olur, amma bu yol­dan avtomobillərin istifadəsinə nəzarət, bu yolu idarə etmək isə yol polisinə ( Da­xi­li İşlər Nazirliyinə) həvalı edilir!? Bəlkə də yolla bağlı polis-sürücü müna­si­bət­lərindəki anormal vəziyyətin bir əsas səbəbi məntiq etibarı ilə bundan qaynaqlanır. Bəlkə də! Onu da düşünmək olar ki, yaxşı yol polisinin əmək haq­qı təhkim olun­duğu yol ərazisində qəzaların, qanun po­zun­­tu­la­rı­nın və sü­rücü narazılıqlarının azlığına ...məhz azlığına nisbətlə mü­əy­yən edil­məlidir. Təsəvvür edirsinizmi?
Sürücü narazılıqları isə bitmir. Bir reklam çarxında deyildiyi kimi “Prok­trem­bıl...bitmir ki, bitmir!” Ötən bir ay birisi hətta əlinə çəkic alıb polis maşınını əzirdi.

Dünyəvi yollar ilə bağlı son vaxtlar qəribə və əcaib situasiyalara düşürük. Abut­ruyentlərin qibləgahı hesab edilən TQDK hər həftənin bazar günü yerlərdə sınaq imtahanları keçirdir. Bu imtahanlar bəzi şəhər məktəb­lərində təşkil olunur ki, o məktəblər də dənizin ortasında və ya göydə yerləşmir, yol kənarındadır. Bildirək ki, inkişaf et­miş ölkələrin həyatında test və sınaq imtahanları heç də mühüm yer tut­mur. Qərb­də və ya Şərqdə nə təhsil nazirini, nə də TQDK-nın sədrini əhalinin heç 1%-i tanımaz.

Bizdə isə Mikayıl Cabbarovla, Məleykə Abbaszadə Messi və Ro­naldo qədər məşhurdur. Qərbdə və Şərqdə heç test ilə imtahan da yoxdur. Test im­tahanının özü nədir ki, onun sınaq seansları nə olsun! Üstəlik, bizdə olduğu tək əcaib qəbul imtahanları dünyanın heç bir məmlə­kə­tində aparılmır. İmtahan ərə­fə­sin­də sanki ölkənin ürəyi TQDK-da döyünür. “Lap Qarabağ da yaddan çıxır!” Test üsulu kimi passiv imtahan qaydasına formalaşan abutru­yent­lərdə biliyin şifahi və yazılı ifadə tərzi kor qalır. 70-80-90-cı illərin abtruyentləri məncə daha zəkalı, da­ha bilikli idilər. Çünki onların ali məktəbə hazırlıq yolları düzgün idi. Hətta kasıb-kusubun balası da hazırlaşıb ali məktəbə qəbul oluna bilirdi. İndi kasıbın balası Məleykə Əsədovanın,..”pardon”... Abbaszadənin başına dolansın əgər ki, 11-ci si­nifi uğurla başa vura bilsə. Çünki təhsil sistemi də zaydır, qəbul sistemi də. İndi­lər­də başbilənlərimiz anlamağa başlayıb ki, heç demə ali məktəblərə test ilə qəbul sistemi müvəqqəti – üçillik nəzərdə tutulubmuş.

Yəni üç illik yol planı imiş. Am­ma bu yol 20 ildir gedilməkdədir! Niyə? Çünki üç ilə təhsil sistemi tamam dəyiş­məli imiş. 20 illik yol keçilsə də dəyişibmi? Mahiyyət eyni qalıb. Sözüm bunda deyil, rayonlarda həmin bu sınaq imtahanlarının keçirildiyi məktəbin yerləşdiyi küçənin böyük hissəsi Yol Polisi tərəfindən bağlanılır. Ki, bu da həmin ərazidə yaşayan yüzlərcə ailənin normal həyatına çox ciddi problemlər yaradır. Maşınla evindən çıxan şəxs geriyə qayıtmaq üçün saat 15-00-a kimi kənarda qalıb əsəb keçirtməlidir. Niyə? Bu sakinlərin TQDK-a normal həyat borcu varmı? Bu ərazi ilə az qala bütün sivil əlaqələr kəsilir! Bu nə əcaib və ikrah doğuran ajiotajdır!?Adi günlərdə mindən çox şagirdin oxuduğu məktəbin qarşısındakı kü­çə­yə zərrəcən əhəmiyyət verməyən Yol Polisi sınaq imtahanı zamanı bu cür qon­dar­ma və gülünc vəziyyəti yaratmaqla guya hansı effektə nail olur ? Ən kritik vəziyyətdən sığor­ta­lan­maq üçün azından yolu bir tərəfli bağlamaq müm­kündür.

Bu zaman bir qədər vaxt və məsafə itgisi yaransa da insanların həyat şəraiti tamam iflic vəziyyətə düş­mə­yəcək. Görəsən bunu başa düşmək üçün də yaxşı işləyən baş lazımdır, yoxsa sevgili Yol Polisimiz ərazidə insan yaşadığını və onların isti­rahət və fəaliyyət hü­ququ olduğunu bilmir. Dünyanın indiki çağında yol kəsmək, yol bağlamaq, mülki həyata xidmət edən yollardan digər məqsədlər üçün istifadə olunması anormal haldır! Daha betəri odur ki, tez-tez yollar hüzür mağarı ilə bir neçə günlüyə tu­tu­lur və bağlanır. Bu da sağlığında çoxlarının müx­tə­lif for­ma və me­todla yolunu kəsmiş adamların son bədxahlığının ifadəsi olur. Nə­cib adamların hüzür mərasimi də kimsənin haqqını qəsb etməz. Çox istedadlı yazar, rəssam, bəstəkar və ya mü­ğən­ninin də özündən daha çox ustedadlı olan kəslərin, xüsusən də gənclərin yo­lu­nu kəsdiyini görürük.

Əvvəllər oğrular da mərd idi, yolu kəsib oğurluq edər və oğru-quldur adlanardılar. İndi isə rüşvətlə vətən­daşın, korupsiya ilə dövlətin yolunu kəsirlər, amma nə oğru hesab olunurlar, nə də quldur. Bəlkə ona görə ki, indi yol itib, məzhəb qarışıb. Hətta yaşı 60-ı keç­miş 100 kişidən ömrü boyu bir yol tanıyıb o yolu şərəflə keçməyə çalışdığını sə­mimi etiraf edən ya bir olar, ya iki. Sonra da təpəmizi qaşıyırıq ki, bu zə­ma­nə niyə bu kökə düşüb! Zəmanəni pis kökə salanlar elə yolsuz çoxluq deyilmi? Danışmaqla qurtaran söhbət sayılmaz.Nə isə!

Adətən bu yerdə göydən üç alma düşür. Bu dəfə beş alma düşdü. Birincisi in­san­lıq üçün şərəfli yollar dü­şü­nüb tapanların, ikinci alma sonu Allaha aparan bu şə­rəfli həyat yolunu kişi ki­mi yaşaya bilənlərin, üçüncü alma yolsuzluğa cihad edən­lərin, dördüncü alma öz yolu ilə gedənlərə mane olanlara mane olanların, beşinci alma isə heyvan kimi ne­cəgəldi yaşayan yolsuzların əlindən tutan və onları düz yola çəkənlərin! Buyursun, hər kəs özünə layiq bildiyi almanı götürsün.
Hımm! Beşinci alma tamam sahibsiz qaldı!

 

Hafiz Mirzə

Yazıçı-publisist

Top
JoomlaLock.com All4Share.net