Qovun, qovun, o inəkləri!
Featured

15 Yanvar 2017 Author :  

O zaman uşaq idim, yaddaşım çox güclü idi. Yəni ətrafda baş verənlər ən kiçik detallarına qədər beynimə hopduğu kimi göz yaddaşımı da işğal edirdi. Məsələn, dədəmin, sovet dönəmində “Lenin kanalı”, müstəqillik zamanında isə “Ana kanal”a çevrilən məkandan tutduğu çox iri balığı və o anın sevincini unuda bilmirəm. Hətta bu ovda iştirak edənlərin hamısının paltarının rənglərini də xatırlayıram. Bütün məhəllə uşaqları balıq ovunu müşahidə edirdi. Hamıdan çox mən sevinirdim. Ovumuz uğurlu olmuşdu deyə...

Ov lap ilk insanın ilk məşğuliyyətlərindən olub. Mağara insanları (hətta mağara insanları) ovları daha uğurlu alınsın deyə, bir yerə cəm olar və bir yerdə plan cızardılar. Birlik və səmimi həmrəylik əliyalın insanların iri mamontları ovlamasına səbəb olurdu.

Əliyalın insanlar günlərlə meşədə mamontu güdər, onun yollarını təyin edər və bu iri, təhlükəli heyvanın yolunun üstə dərin quyu qazardılar. Bu quyuqazma işi günlərlə, bəzən həftələrlə çəkərdi. Gərək olduğu qədər dərinlik alınanda isə bütün qəbilə birlikdə, uşaqlı-böyüklü, qadınlı-kişili mamonta hücum çəkər və onu öncədən qazdıqları quyuya tərəf qovardılar. Bu qədər insanın birgə hayqırtısından, üsyanından, hücumundan hovlanan mamont özünü ona qazılmış quyuya atardı. Artıq quyuya düşmüş mamontun sonuna çıxmaq çətin deyildi. Mağara insanları onun başına iri daş-kəsəklər vurar və öldürərdilər. Birliyin, inamın qarşısında dağ dözməz, onda qalmış mamont ola.

Uşaqlıq illlərimdən bu günə qədər tez-tez xatırladığım və çox gülməli olan bir mənzərəni heç unuda bilmirəm.

Kənddə böyüyənlər bilir ki, səhər şehli havada heyvanları yoncalığa sürmək olmaz. Çünki heyvan yoncadan yeyib köpüb partlayır. Buna “yoncaya düşüb” deyirlər. Əgər yoncanı yedikdən sonra üstündən su da içsə həmin dəqiqə ölər. Odur ki, heyvan əgər yoncaya düşübsə, onu mütləq qovmaq lazımdır.

Deməli, bir yay səhəri bizim Qara adlı inəyimiz də yoncaya düşdü və o səhər baş verənlər uşaqlıq yaddaşıma hopdu.

Kənd adamları bir-birinin xeyirnə -şərinə tez qaçar. Eləcə də, bütün qonşular, uşaqlı-böyüklü, qadınlı-kişili və itli pişikli bizim inəyi qovurdu. Hamı qovur, inək qaçır, hamının qaçdığını görüb, səs-küyü eşidən itlər də bu qovhaqova qoşulub möhkəmdən hürüşürdülər. Bax beləcə, Qaranın köpünü aldılar. İnəyin köpü çıxdıqdan sonra o da, onu qovanlar da sakitləşdi.

Artıq köpü çıxmış inək insanlara baxıb, yazıq-yazıq töyşüyürdü Sanki qarnındakı köp, hava deyil, canını təslim etdiyi cin-şeytandan xilas olmuşdu və insanlara minnətdarlıq edirdi.

Bütün bunları düşünəndə yadıma Azərbaycanın qudurmuş məmurları düşür. Axı onlar da köpüb. Yerigəlmişkən, yoncanı çox yeyən heyvan zəhərlənir. Bəli, bizim bəzi məmurların zəhəri o qədər artıb ki hər kəlməsində xalqı aşağılayır, acılayır. Çünki arpaları, bağışlayın, yoncaları artıq düşüb.

Özünü xəlvəti yoncalığa salıb, partlayana qədər tıxayan inəklərə bənzəyən şüursuz və acgöz məmurlardan xilas olmaq üçün onları qovmalıyıq.

Amma qovmadan öncə, biz özümüz ayağa qalxmalıyıq. Oturan, özü də illərlə yerə yapışmış kimi yerində qalan insanlar mütləq ayağa qalxmalı və bundan sonra birləşməlidir. Çünki köpmüş heyvan canının ağrısından tək adamı buynuzuna alıb, ayaqları altına salıb məhv edir.

Qulağıma o qovhaqovun səsləri gəlir. Bəli, hamı qışqırırdı, hamı Qaranı qovurdu. Qovun, qovun, qovun!

Bu ölkənin bütün sərvətini oğurluq yonca kimi basıb yeyən harın məmur sürüsünü qovmalıyıq. O qədər qovmalıyıq ki, onların harınıdan köpləri çıxsın, o qədər qovmalıyıq ki, bəsirət gözləri açılsın və dünyada qarından, puldan başqa da dəyərlərin olduğunu görsünlər, anlasınlar. O qədər qovmalıyıq ki, bir daha xalq malına göz dikməsinlər.

O qədər qovmalıyıq ki, ruhlarını işğal etmiş iblis də bizim “Qovun!” hayqırtımızdan qorxub qaçsın. O zaman bu zavallılar da qurtulacaq və ölkə rahat nəfəs alacaq.

Yetər ki, bir olaq və inamlı olaq. O zaman harınlamış məmur da olmaz, Haydı, QALXAQ-BİRLƏŞƏK VƏ QOVAQ, QOVAQ, QOVAQ!

 

Arzu Abdulla

VETENUGRUNDA.AZ

Top
JoomlaLock.com All4Share.net