Avropa Məhkəməsi Mövsüm Səmədovun hüquqlarının pozulmasını tanıyıb
Featured

12 Dekabr 2019

Dekabrın 12-də Avropa İnsan Haqları Məhkəməsi hazırda həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədovun hüquqlarının pozulmasını tanıyıb.

Hüquqşünas Xalid Ağaliyevin yaydığı məlumata görə, məhkəmə qərara alıb ki, İslam Partiyasının həbsdəki sədri Mövsüm Səmədovun 2011-ci ildə həbs edilməsi Avropa Konvensiyasının pozuntuları ilə müşayiət olunub.

Bu iş Mövsüm Səmədovun 2011-ci ildə İslam Partiyasının toplantısındakı çıxışı ilə bağlıdır. Həmin çıxışın məzmunu məktəblərdə hicaba yasaq qoyulması ilə bağlı idi, hökumət, ölkə rəhbərliyi sərt dillə tənqid edilir, insanlar etiraza çağırılırdı. Həmin çıxış internet üzrəindən yayılmışdı. Ardınca, Səmədov Nərimanov rayon polisi tərəfindən saxlanılıb, inzibati pozuntuda (polisə müqavimət) günahlandırılıb, həbs olunub.

İnzibati həbs cəzası başa çatan gün Mövsüm Səmədova cinayət işi açılıb. O, terrorçuluqda, qanunsuz silah saxlamada və hakimiyyəti zorla dəyişdirməyə çağırışda ittiham edilib, barəsində məhkəməyə qədər həbs qərarı verilib.

Hazırda həbsdə olan Mövsüm Səmədov Avropa Məhkəməsinə 2011-ci ildə şikayət edib (vəkil Yalçın İmanov, Anar Qasımlı), şikayətin kommunikasiyası 5 il əvvəl - 2014-ci ildə başlanıb.

Avropa Məhkəməsi qərar verib ki, milli məhkəmələr Mövsüm Səmədovla bağlı qərarlar verərkən onun azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edib. Qərara görə, dövlət həbsdəki Səmədova ümumilkdə 4 min avro təzminat ödəməlidir.

Mövsüm Səmədov 2011-ci ildə hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiə təşkilatları Mövsüm Səmədovu siyasi məhbus kimi tanıyır. Ancaq, Azərbaycan rəsmiləri deyir ki, ölkədə siyasi məhbus yoxdur. Siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb edilib.

Top
JoomlaLock.com All4Share.net