Print this page

Tərtər məhbusu: Hərbiçini butulkanın üstündə oturda-oturda "toka" verirdilər
Featured

09 Yanvar 2020

Tərtər olayları ilə bağlı həbs edilən Müşfiq Əhmədli istintaq zamanı ona verilən işgəncələrlə bağlı Repressiya və İşgəncələr Əleyhinə Komitəyə məktub yazıb.

Vetenugrunda.az məktubu olduğu kimi təqdim edir: 

"Repressiya və İşgəncələr Əleyhinə Komitəyə 

Mən 2017-ci il aprel ayının 29-u xidmət etdiyim N saylı hərbi hissənin manqa komandiri kimi öz tağım komandirim leytnant Əliyev Nasif və öz manqamın əsgərləri Ağayev Şəhriyar, Gülməmmədov Aqşin, Quliyev Elşən, Yasərli Kərim, Baxşıyev Bayram və Qurbanov Rasif ilə döyüş mövqeyinə döyüş növbətçiliyi aparmaq üçün qalxdıq. Döyüş mövqeyini təhvil -təslim etdik ki, postu mövqeydə olan manqadan təhvil aldıq. Təhvil-təslimdən sonra hərbi hissənin idarə heyətinin zabiti, mayor Zeynalov da iştirak etdi. O, əsgərləri sorğu-sual edib, hər şeyin yüksək səviyyədə olduğunu döyüş növbətçiliyinin aparılması kitabına qeyd etdi.

Səhəri gün (2017-ci ilin 30 aprel tarixində) bölüyün ŞHİLİ müavini, baş leytnant Sadıqov Anar əsgər Quliyev Elşənin bölüyün dayaq məntəqəsində olmağını qeyd edib, tapşırıq verdi. Həmən vaxt bölük komandiri əvəzi, baş leytnant Əsədov Yusif idi.

Mən də tağım komandirinə məruzə edib, əsgər Quliyev Elşənə 6 manat pul verib, 2 patrul nəfəri əsgərlə bölüyün dayaq məntəqəsinə yola saldım. Onun yerinə əsgər Fərhadi Mirsahib Mirdamət oğlunu verdilər.

Döyüş növbətçiliyi öz qaydasında gedirdi. Hətta, mən anamın əməliyyat stolunda olduğunu bilə-bilə vətəni borcumu hər şeydən üstün tutub posta qalxmışdım.

Postda 30 aprel 2017-ci il tarixdə dükanda bir az kolbasa, sosiska, kartof, sok, siqaret, irniyyat aldıq. Tağım komandiri ilə mənim adıma dükançı Emin (Memi deyirdik) yazıb gətirdi. Bəlkə hələ də Meminin nisyə dəftərində mənim adıma borc var.

Xidmət davam edirdi. 30 apreldə gecə istirahət vaxtım idi. Mən gündüzlər oyaq olur, gecə “21-22”dən sonra istirahət edirdim. İstirahət edirdim, yəni yatmışdım. Saat 23 olardı. Leytnant Əliyev Nasif məni oyadıb dedi ki, əsgər İbrahimli Turan xidmət etdiyi bölüyün döyüş növbətçiliyi mövqeyindən yoxa çıxıb. Bölüyə həyacan siqnalı verib, onu axtarırlar. Yuxulu idim deyə, bunu zarafat saydım və təzədən yerimə uzandım. Məni yenidən oyadıb, zarafat etmədiyini dedi. Dərhal durub paltarımı geyindim, hazır vəziyyətə gəldim ki, postlarda həyacan, basqın komandası verib, gücləndirilmiş xidmətə keçək. Bizə əlaqəylə çıxıb məlumat vermişdilər ki, postlara tərəf gəlsə tutub saxlayıb, məlumat verək. Məncə bu hadisə 30 apeldən 1 maya keçən tarixdə baş verdi.

Saat təxminən 1-ə işləyirdi. Nasif gəldi dedi ki, postun sağ tərəfindən iz buraxan (trassel) və adi güllələrdən havaya, sağa-sola güllə atılır. Nasif xəbər elədi. Rabitə vasitəsilə özü də çıxıb özünün dediyinə görə həmin istiqamətdə güllə atıb ki, bölükdən yerin harda olduğunu bilsinlər. Təxminən 15-20 dəiqiqədən sonra əsgər İbrahimli Turanı N saylı döyüş bölgəsindən tapıblar. 
Düzü, Turanın tapılmasına çox sevindik. Hər halda daha bir ana gözüyaşlı qalmayacaqdı.

Səhər idi. Əlaqədə baş leytnant Anar Sadıqov dedi ki, İbrahimli Turan gah deyirmiş ki, özüm getmişdim, seyyid Şəhid Mübariz İbrahimov kimi Şəhid olmaq istəyirdim. Gah da deyir ki, başıma torba keçirib məni bölükdən ora apardılar.

Sonra xəbər gəldi ki, Turan guya qəhrəmanlıq edib, düşmən öldürməyə getmək istədiyi üçün general-mayor, korpus komandiri Hikmət Həsənov ona pul mükafatı, fəxri-fərman və 10 gün nümunəvi məzuniyyət verib. Düzü, mən, mənim kimi çox xidmət edən hərbiçilər bu qədər xidmət etmişik, düşmən də öldürmüşük, ancaq bizə belə bir şey olunmayıb. Hətta 2016-cı il “şanlı aprel döyüşlərinin” iştirakçısı olduğumuz halda bizə heç təşəkkür də verməyblər. Bizə bunlar heç inandırıcı gəlmədi.

Aprelin 30-u, səhər tezdən zampalit Anar Sadıqov bütün postlarla danışdıqdan sonra N saylı mövqeydə olan kiçik çavuş Hüseynov Mehmana (Tərtər hadisələri ilə bağlı həbs edilib, işgəncə altında öldürülən MAXE) “sən təcili hərbi hissənin qərarhagında olmalısan, postdan düş, təcili ora get” əmrini verdi. Mehman Hüseynovun yerində əvəzedici baş atıcı Şahpələngov Ağa qaldı.

2017-ci il, may ayının 1-dən 2-sinə keçən gecə “hazırlaşın, bölüyün dayaq məntəqəsinə düşün. Sizi növbətçilikdə kəşfiyyat gəlib əvəz edəcək”. Elə də oldu, kəşfiyyat gəldi. Bir anlıq biz elə bildik ki, yenə döyüş başlayır. Ancaq “silahlarınızı postda qoyun, gedin” deyəndə pis olduq. Leytnant Əliyev Nasiflə dedik ki, “ bunlar bizi aizmi bilir döyüşə göndərmir? Guya biz düşmənə bir güllə ata bilməyəcəkmiyik, bizə belə deyirlər?” Dedilər “əmr belədir, bizlik heç nə yoxdur”. Dedilər ki, hərbi hissənin qərargah rəisi mayor Bəyov Firdovsi bölükdədi. Əliyev Nasiflə fikirləşdik ki, onun yanına gedək deyək ki, biz də posta qayıdaq, döyüşək. Ancaq gördüyümüz mənzərə başqa oldu. Bölüyü kəşfiyyat bölüyünün əsgərləri bürümüşdü.

Postda olanlarla birgə hamımızı düşürüb, yoxlayıb, bir yerə yığıb, qoyun sürüsü kimi qabaqlarına salıb, hərbi hissənin qərargah rəisi başda olmaqla hərbi hissənin köhnə dislokasiya olunmuş Marquşavan adlanan yerə gətirdilər.

Mayın 2-si səhər saat 5-6 olardı, çatdıq Marquşavana. Bizi N saylı hərbi hissənin yerləşdiyi yerə aparıb oranın sıra meydanında düzdülər. Başladılar telefonları yığmağa. Sonra dedilər ki, sizdən erməniyə işləyən var? Sonra günorta hərbi hissənin, korpusun komandirlərinin müavinləri gəldi. Bizi düzüb söhbət etdilər. Soruşdular ki, kimin bizə sözü var. Hamı bir-birinin üzünə baxır ki, nə sözü ola bilər ki?

Axırı açıq dedilər ki, sizdən erməniyə işləyən var. Heç kim heç nə demirdi. Belə bir şey mənlə olmayıb və belə bir şeyin olmağına inanmıram. Bu onların-Hikmət Həsənovun, Baş Prokurorun müavini Şəfayət İmranovun, hərbi hissə komandiri Məmmədov Teymur David oğlunun və onun müavinlərinin N saylı planı idi, iyrənc planı.

Günorta hərbi həkim komissiyası gəldi. Mayın 2-si, 2017-ci ildə bizim hər birimizin arxa anal dəliyimizi yoxladılar. Heç kimin belə bir probleminin olduğu deyilmədi. Mənim manqamda olan əsgərlərin də da belə problemi çıxmadı. Sonradan öyrədilmə ekspertlər necə rəy veriblər, bilmirəm. Mən bu haqda işə beynəlxalq klinikada ekspertizanın keçirilməsini tələb edirəm.

Axşam tərəfi saat 06-07 olardı. Leytnant Əliyev Nasifi hamının qarşısında maşına mindirib apardılar. Gecə saat 21-22 arası olardı, məni, əsgər Hacıyev Elnuru və bir də Əlili Dursunu birlikdə apardılar. Köhnə qərargahın binasına çatan kimi böyrümüzə silah dirəyib bizi tez-tez maşından düşürüb pilləkənlə ikinci mərtəbəyə qaldırıdılar. Hərbi hissə komandiri Məmmədov Teymurun adı yazılan otağın qarşısına. Ordan məni mayor, korpusun hüquqşunası Ağayev Fuad qaranlıq bir otağa apardı. Otağa girən kimi dabanlarımdan vuraraq məni yerə yıxdı. Sonra maskalı şəxslər gəldi, mənim paltarlarımı cırıb əynimdən çıxardılar. Üzümə kağız qoyub, böyük skoçla gözlərimi, əllərimi bağlayıb, yerə yıxıb üstümə su tökdülər. Sonra rezin şlanklarla döyməyə başladılar. Məni döyə-döyə soruşdular ki, sən MAXE kiçik çavuş Quliyev Əlizaminlə cinsi əlaqədə olmusan. Dedim yox olmamışam. Nə qədər döydülər dedim ki yox olmamışam. Sonra məni Əliyev Nasif, Abdullayev Vüsalın və bölüyün şəxsi heyyətindən bir neçə nəfərin olduğu yerə atdılar. Sonra biri mənə söyüş söydü. Mən də artıqlamasıyla cavabını verdim. Ondan sonra qızışıb mənim başıma döyməyə başladılar.

Məni döyəndə ürəyim getmişdi. Axırı əl çəkdilər. Gördülər öldürsələr də sözümü deyəcəm. Axırda soruşdular hardansan, dedim ki, Bərdədənəm. Dedilər bərdəli belə də olmalıdır. Məni yenə də ayaq üstə səhərə qədər döydülər. Döyənlərin çoxunu bu hadisədən qabaq görmüşdüm, unsiyyətdə olmuşdum deyə, səsindən tanıyırdım. Birinci döyən gizir Əliyev Elçin idi. Sonra döyən bərdəli gizir Qəhrəmanov Cabir, gizir Musayev və N saylı hərbi hissənin zabiti, gizir kiçik MAXE heyyəti idi.

Mən orda döyüləndə orda kiçik çavuş Ağazadə Elxanı da döyürdülər. O, əvvəlcə deyirdi mənim heç nədən xəbərim yoxdur. Sonradan onun gözünü açanda özünü atmaq istəmişdi. Deyəsən atmışdı da. Tutub gətirib, həmin vəziyyətdə ona ölümcül əzab verə-verə döyürdülər, toka verirdilər. Butulka və digər vasitələri anal dəliyinə yeridə -yeridə döyürdülər. Anasını, bacısını, nişanlısını söyürdülər. O söyüşləri eşidəndən sonra məncə yaşamaq istəmirdi. Məni, onu və orda olan hər bir kəsi təhqir edirdilər.

Ağazadə Elxan axırı dedi ki, məndə disk var. Döyüb soruşurdular ki, o diskin yerini de. O, da deyirdi ki, gedək evə, evə vermişəm. Bilmirəm, bəlkə də evdəkiləri görmək üçün bəhanə edirdi. Yoxsa, əsgəri öyrədib adamın üzünə qoymasınlar.

Kiçik çavuş Hüseynov Mehmanı da döyürdülər. Amma boynuna heç nə qoya bilmirdilər. Mehman aprel döyüşlərinin fəal iştirakçılarından olmuşdu. Onu döyənlərin heç biri heç bir vaxt döyüşdə olmamışdı, heç vaxt döyüşməmişdi.

Mehmanla, Elxanı döyüb leytnant Əliyev Nasifin üzünə qoydular. Hər ikisi nahaqdan dedilər ki, Nasif onları erməniyə təhvil verib. Nasifi elə günə qoydular ki. Nasifə butulka yeritdilər. Hələ də onun səsi qulağımdan getmir.

Səhər məni də onlarla üzləşdirdilər. Döyə-döyə dedilər ki, yox bunun heç nədən xəbəri yoxdur.

Bir-iki saatdan sonra gizir Əliyev Elçin mənim və yanımda döyülən baş leytnant Əsədov Yusifin gözlərini açdı. Bizə su verdilər. Əynimizi geyinməyə kömək etdilər. Bir gün gözü açıq qaldıq. İkimizi də gələnləRi, gətirilənləri, döyənləri görürdük.

Mehmanı hər gün döyüb, işgəncə verirdilər, toka verirdilər. Bölükdən 3-4 nəfər gətirirdilər yanında döyürdülər. Kimin adı yadında qalırdı, kimin adını çəkirdilər deyirdi ki,hə onu erməniyə vermişəm. Əsgərlərin əksəriyyəti işgəncəyə dözməyib, Mehmanın dediyi ilə razılaşırdılar.

Onlar razılaşdıqca onların dediyi ilə razılaşmayanları da şübhə altına salırdılar.

İki dəfə müstəntiqi baş leytnant Emin Vəliyevin yanına çıxardılar. İkisində də dedim ki, mənim heç nədən xəbərim yoxdur. Gizir Qəhrəmanov Cabir məni gözüaçıq görübhirsləndi. Mənə əl atanda burnunun üstünə bir yumruq ilişdirdim. Bunu görəndə mənim üstümə tökülüşüb yerə yıxdılar. Başladılar işgəncə verib, tok verib döyməyə.

May ayının 5-nə kimi döydülər. Heç nə boynuma qoya bilmədilər. 5-6-sı Bakıdan xüsusi təyinatlılar gəlib bizi döyürdülər, yüksək voltlu tok verdilər. Yenə heç nə demədim. Gətirib qabağıma kağız qoydular. Dedilər buna qol çək. Mən də çəkmədim. Aparıb yenidən işgəncə verdilər. Yenə demədim. Məni anam, atam və həyat yoldaşımla (o vaxt həyat yoldaşım hamilə idi) təhdid etdilər. Dedilər ki, onları bura gətirib, onlara qarşı pis hərəkətlər edəcəklər. Yəqin ki, qol çəkməyimin səbəbi hamınıza məlum oldu. Bir kişiyə namusunun ləkənələnməsindən ağır heç nə ola bilməz.

Sonra düz 2017-ci il may ayının 8-nə kimi məni yemək yemədən, su içmədən döyüb, işgəncə verib, toka verib, ölümcül hala saldılar. 
Sonra məni Ağcabədiyə hospitala, reanimasiya şöbəsinə göndərdilər. İki gündən sonra ayılanda uşaqların, həkimlərin səsindən, ləhcəsindən, bir də tibb bacılarının söhbətindən bildim ki, bura Ağcabədidi. Ona görə “eşdirdim” yazıram ki, gözlərim bağlı idi, heç nə görmürdüm. Əlllərim arxadan çarpayıya bağlanmışdı. Az qala nəfəs almağa qoymurdular. Məni xüsusi etapla, tibb maşınları ilə Bakıya Mərkəzi hərbi hospitala (Papanin) gətirdilər. Tarix 12.05.2017 idi. Deyəsən Bakıda İslam Həmrəyliyi Oyunları keçirilirdi.

Bakıda hospitalda bizi müalicə edirdilər. Məni Ağasıyevi, N saylı hərbi hissədən baş leytnant Əhmədli Sahili, MAXE Allahverdiyevi, bölüyün starşinası, baş çavuş Əliyevi, MAXE Fərzəliyevi və digərlərini müalicə edirdilər. Bizdən orada izahat aldılar. İzahatı kimin aldığını bilmirəm. Çünki əllərim arxadan çarpayıya bağlanmışdı, gözlərim də bağlı idi.

Hospitalda Bəsti adlı tibb bacısı mənim qayğıma qalırdı. Adını oradakılar çəkəndə eşitmişdim. Deyəsən, 3 uşağı var idi. 
Orada bir az özümüzə gəldikdən sonra məni və tanımadığım bir neçə nəfər şəxsi tanımadığımız yerə apardılar. Ora çatan kimi heyvani rəftarla bizi ikinci mərtəbəyə apardılar. Sonra əlimi qabaqdan bağlamışdılar deyə, gözümü açıb ətrafa baxdım. Bomboş neft iyi gələn bir otaq idi. Otağın qapısı türmə qapısı kimi bağlı idi. Gözüm o qədər bağlı qalmışdı ki, hər şeyi ala-toran görürdüm. Gördüm bir əsgər əlində silah o başa-bu başa gedir. Bildim ki, bu hərbi polisdi. (Mayın 15-də (2017) məni Papaninə yaxın hərbi polisə aparıblar.) Əsgər məni gözüaçıq görən kimi gedib xəbər verdi. Məni aparaıb vəhşi kimi döydülər. Necə vurdularsa, burnumdan elə qan gəlirdi ki, dayanmaq bilmirdi. Çətinliklə kəsdi burnumun qanı.

Sutkalarla ac saxladılqarı adama gətirib yarım ksok çörək verirdilər.

Gündə bir dəfə bizi ayaqyoluna bir birimizdən tuta-tuta aparırdılar. Əgər olduğun yeri batırsan aparıb əli, gözü bağlı döyürdülər. Sonra əli, gözü bağlı özünə təmizlədirdilər.

Hər gün söyüş, hər gün təzyiq edirdilər. Hər kəsi tək kamerya salırdılar. Bütün günü ayaqüstə saxlayırdılar. Yuyunmağa icazə vermirdilər. Hər tərəfdən meyit, üfunət iyi gəlirdi. Səhərə qədər də polun üstündə saxlayıb, bütün pəncərələri açıq qoyurdular. 
İki dəfə üstümə həkim gəldi. Titrəmədən ölürdüm. Orda da kimsə gəldi bir dəfə izahat aldı. Mən izahatımda deyirdim erməniyə işləməmişəm. Heç kimi də erməniyə işləyən görməmişəm. Ona görə qızdıralı-qızdırmalı məni aparıb döyürdülər.

Mayın 18-i, 2017-ci il tarixində, günorta saatlarında məni aparıb maşına mindirdilər. Mülki maşın idi. Gətirdilər Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəyə. Bu hərbi hissədə olmuşdum deyə, tanıyırdım. Gözümü açdılar. Ayağımda ayaqqabım da yox idi. Köhnə batinka gətirdilərş Bilmədim kimin idi. Hərəsi ayrı-ayrı ölçüdə idi.

Çatan kimi su istədim. İnsafa gəlib su verdilər. Quru bir aş yedim. Ürəyim getdi. Ayılanda soruşdular ki, verdiyin ifadəni təsdiq edirsən? Dedim ki, yox, elə bir şey olmayıb. Sizin yazdığınız ifadəni necə təsdiq edim? Qarşıma məqsəd qoymuşdum ki, öldürsələr dəifadəmi dəyişəcəm. Döysələr də, təhqir etsələr də ifadəmi dəyişdim. Ancaq əsgərləri gətirib üzləşdirəcəkləri ilə hədələdilər. Dedim gedin gətirin. Mən dedim vəkil gəlməmiş sizə bir kəlmə də demiyəcəm.

Yevlaxdan Zaur adlı arıq bir vəkil gətirdilər. O, gəldi, mənə dedilər vəkilin budur. Vəkilin yanında məni döydülər, təhqir etdilər. Sözümün üstündə durdum, ifadəmi dəyişmədim. Dediyimi deyib, birinci ifadəni inkar etdim. Heç nədən xəbərim olmadığı barədə ifadə verdim.

Çoxlarını orda döyüb boynuna qoyurdular. Gətirib əsgərlərlə üzləşdirdilər. Onlar guya baş müstəntiqin dediklərini təsdiq ediblər. Dedilər 2017-ci ilin mart ayının 11-də bizi erməniyə təhvil verib. Mən ifadəmdə MDTX aparanda orda da dedim ki, mən onlarla həmin vaxt posta çıxmamışam. Ondan sonra da, orda da məni sıxdılar. Amma ifadəmi dəyişmədim.

DTX-da mən dəfələrlə yuxarı instansiyalara müraciət etdim. Xeyri olmadı. Ombudsmanlığın nümayəndələri ilə də görüşdüm. Amma haq deyən olmadı. Prezdientə neçə dəfə məktub yazdım. Cavab gəlmədi. Məhkəmədə də haqqa nahaq dedilər.

Saxlanma təcridxanasında saxlanan da bir nəfər gəldi mənə dedi ki, oğlunu itirə bilərsən, ailənin başına oyun açıla bilər, namusun ləkələnə bilər. Mənə dedilər ki, denən ki, erməni səni zorlayıb, sənə 5 il iş verəcəklər. Mən bunlara dözdüm.

Mən heç vaxt belə təklifi kişiliyimə sığışdırıb razılaşmazdım. Razılaşmadım. Məhkəmədə mənə verilən 16 il həbs cəzasına razılaşdım. Amma şərəfsizliyə, vətən xaini ittihamına, ləkəsinə razı olmadım, olmuyacam da.

Mən kişiyəm, kişi oğluyam. Allahımı, vətənimi, xalqımı, ailəmi, əzizlərimi çox sevirəm. 
İmza Əhmədli Müşfiq Seymur oğlu".

Related items