Şeyx Sərdar azadlığa çıxdı-Polis basqısı davam edir-VİDEO
Featured

22 Fevral 2020

Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, onu səhər saat 5-də saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsindən azad ediblər.  

Şeyxlə görüşmək istəyənlərin çoxluğunu nəzərə alıb evinin yaxınlığındakı Yasamal mərasim evində görüş keçirilməsi nəzərdə tutulub. Lakin Şeyx Sərdar görüş yerinə gələndən bir neçə dəqiqə sonra Yasamal Rayon Polis İdarəsinin əməkdaşları mərasim evinə gələrək, burada İcra Hakimiyyətinin tədbirinin keçiriləcəyini deyib,  insanlardan zalı tərk etməyi tələb ediblər.

Əlacsız qalan qonaqlar və Şeyx Sərdar mərasim evini tərk ediblər. Hazırda Şeyxi görmək istəyən inanclılar və media mənsubları onun evinə üz tutublar. 

YADDAŞ


Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 2017-ci ilin 22 fevralında Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, maide.az saytının baş redaktoru, din alimi Şeyx Sərdar Hacıhəsənli Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında polisi tərəfindən saxlanılıb.

İcra başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. Elə buna görə də Şeyx Sərdar tariximizə namaz məhbusu kimi düşən ilk şəxs olub. 

2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.

2018-ci il fevralın 13-də Ali Məhkəmədə namaz məhbusu Şeyx Sərdar Babayev həbsindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadovun qaldırdığı vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin olunmayıb. Prosesdə Hacı Sərdar çıxış edərək günahsız olduğunu və həbsdə saxlanmasının hüquqa zidd olduğunu vurğulayıb.

"Həbs edildiyimdən bu günə qədər keçirilən bütün məhkəmə proseslərində vəkillərin tərəfindən verilən haqlı vəsatətlərin heç biri təmin edilməyib. İstintaq orqanından həbsimin səbəbini soruşduqda mənə dedilər ki, cümə namazı qıldığım və xütbə söylədiyimə görə həbs edilmişəm. Əvvəlkilər kimi bu məhkəmədən də xüsusi bir gözləntim yoxdur. Çünki, həbs edilməyimin səbəbini hələ də başa düşə bilmirəm. Gah cümə namazı, gah xütbə, gah da xaricdə oxuduğumu əsas gətiriblər. Yəqin ki, İslam əxlaqını deyil, ateistliyi, bütpərəstliyi yaxud əxlaqsızlığı təbliğ etsəydim bəlkə də məni həbs etməyəcəkdilər."

Şeyx Sərdar Hacıhəsənli istintaq və məhkəmə proseslərinin hüquq normalarına uyğun aparılmadığını vurğulayıb: "Təsəvvür edin məhkəmədə şahidlərin dediyi ilə istintaqa verdiyi ifadələr bir-birini təkzib edir. Ancaq məhkəmə bunu nəinki nəzərə almır, hətta şahidlərə istiqamət verməkdən belə çəkinmir".

Müşavirədən sonra hakim Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə (yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdi.

Top
JoomlaLock.com All4Share.net