Gəncə işi məhkəməsi: "Koronavirusa görə bizə analgin verirlər"
Featured

06 Mart 2020

Bu gün Gəncə işi üzrə növbəti məhkəmə prosesi keçirildi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində Bəkrəm Əliyev və digərlərinin təmsil olunduğu qrupun məhkəməsi iki vəkilin prosesdə olmadığına görə təxirə salınıb.

Növbəti proses martın 27-i saat 14:30-a təyin edilib.

Prosesdə yaranan boşluqdan istifadə edib təqisrləndirilən şəxslərin koronavirusla bağlı necə qorunmaları sualına aldığımız cavabdan dəhşətə gəldik. Sən demə, Kürdəxanıda yerləşən Müvəqqəti Saxlanma Təcridxanasında təqsirləndirilən şəxsləri koronavirusdan qorumaq üçün hər gün bir ədəd analgin həbi verilir: "Bizə nə spirt, nə də maska vermədilər. Ancaq hər gün analgin verirlər".

Qeyd edək ki, koronavirusla bağlı bütün cəzaçəkmə müəssisələrində karantin elan edilib. Məhbuslarla görüş və onlara sovqat verilməsi qadağan edilib.

YADDAŞ

2019-30 sentyabr tarixində Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədirliyi ilə keçirilən prosesdə Bəkrəm Əliyev və digərlərinin təmsil olunduğu 8 nəfərlik qrupa hökm oxunub.

Qrupdan 4 nəfər - Şahin Verdiyev, Vüqar Yusifov, Emil Məmmədov və Elmir Hüseynzadə azadlığa buraxılıb. Onlardan üçünə şərti cəza verilib. V.Yusifovun isə həbsdə saxlandığı 1 il 2 ay 6 gün yetərli hesab edilib.

Hakim Dadaş Rzayevin sədrliyi ilə çıxarılan hökmə əsasən, digər 4 nəfərə isə 5 ildən 15 ilə qədər cəza verilib. Bəkrəm Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadovun hər biri isə 5 il azadlıqdan məhrum edilib.

Qrupda təmsil olunanlar CM-in 29.120 (qəsdən adam öldürməyə cəhd), 220.1 (kütləvi iğtişaşların təşkili), 228 (qanunsuz silah saxlama) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etmə) maddələriylə ittiham edilmişdi. Onların 2018-ci il 10 iyulda Gəncə icra hakmiyyətinin qarşısında baş tutan etiraz aksiyasından sonra həbs ediliblər.

Məhkəmə zamanı hakim və dövlət ittihamçısı qrup üzvlərini adıçəkilən aksiyada polis polkovniklərini qətlə yetirən Rəşad Böyükkişiyevə kömək etməkdə və polis zabiti Samir Bayramovu da öldürməyə cəhddə ittiham ediblər.

Hökmdə təqsirləndirilən şəxslərdən 5-nin üzərindən qəsdən adam öldürməyə cəhd ittihamı götürülüb. Yalnız Bəkrəm Əliyev, Həbib Qurbanov və həbs edilərkən cəmi 15 yaşı olan Emil Məmmədovun üzərində qalıb. İddia olunur ki, Bəkrəm polisə badalaq vuraraq onun yerə yıxılmasına şərait yaradıb. Lakin sonrakı proseslərdə onun vəkili polisə badalaq vurmadığını sübut edən videogörüntünü məhkəmə kollegiyasına təqdim edib.

B.Əliyevə qanunsuz silah saxlama ittihamıyla bəraət verilib.

Təqsirləndirilən şəxslərdən Şahin Verdiyevə 29.120-ci maddə ilə yanaşı, polisə zor tətbiq etmə ittihamıyla da bəraət verilib.

Azadlığa çıxanların valideyinləri isə hökmdən tam razı qalmadıqlarını və apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirmişdilər. 

Top
JoomlaLock.com All4Share.net