RİƏK-in Fuad İsmayılovla bağlı BƏYANATI
Featured

13 Mart 2020

Repressiya və İşgəncələr Əleyhinə Komitənin (RİƏK) İsmayılov Fuad Ələkbər oğluna polis orqanlarında işgəncələr verilməsi ilə bağlı

B Ə Y A N A T I

Yenicə başa çatmış Parlament seçkiləri zamanı 32 saylı Suraxanı üçüncü Seçki Dairəsinin 8 saylı seçki məntəqəsi üzrə məşvərətçi səs hüququ ilə komissiya üzvü olmuş, İsmayılov Fuad Ələkbər oğlu 07 mart 2020-ci il tarixdə yaşadığı mənzildən çıxarkən polis əməkdaşları tərəfindən oğurlanaraq, naməlum istiqamətdə aparılmışdı. Onun harada olması, kimlər tərəfindən saxlanılması, saxlanmasının səbəbləri barədə ailə üzvülərinə heç bir məlumat verilməmişdi. Yalnız 3 gündən sonra müəyyən edildi ki, F.Ə. İsmayılov 07 mart 2020-ci il tarixdə Suraxanı rayonu 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə iki ay həbs edilmişdir.

Bu gün həmin qərardan verilmiş Apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsində baxılarkən F.Ə.İsmayılov həbsə alındığı 07 mart 2020-ci il tarixdən başlayaraq, bu günə kimi davam edən ağır işgəncələrə məruz qaldığı və bu səbəbdən həbs olunan gündən başlayaraq aclıq aksiyası keçirdiyi barədə məlumat verib.

Məhkəmə prosesinə toplaşan ictimaiyyət nümayəndələri və jurnalistlərə müraciət edən F.Ə.İsmayılov ona qarşı tətbiq edilən işgəncələr nəticəsində qulaq pərdəsinin tamlığının pozulduğunu, dişlərinin sındırıldığını, daim fiziki və psixoloji işgəncələr altında saxlandığını, ona vəkili ilə görüşmək imkanı verilmədiyini, təcili tədbirlər görülməzsə həyatının təhlükə qarşısında olduğunu bildirib.

Məlum olduğu kimi, F. Ə. İsmayılov parlament seçkilərində baş vermiş total saxtakarlığa qarşı aktiv etiraz aksiyalarına qoşulduğu üçün, fevralın 21-də MSK-nın qarşısında saxlanılaraq, yalnız bir neçə saatdan sonra sərbəst buraxılmışdı. Hal-hazırda ona qarşı tətbiq edilən fiziki işgəncələrin polis orqanlarının ona qarşı olan qərəzli münasibətinin davamlı nəticəsi olduğu şübhəsizdir.

Göstərilənləri nəzərə alaraq Repressiyalar və İşgəncələr Əleyhinə Komitə olaraq, İsmayılov Fuad Ələkbər oğlunun qanunsuz və əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmaqla, 2 ay müddətinə həbsə alınmasını, həbs yerində polis əməkdaşları tərəfindən ağır fiziki və psixoloji işgəncələrə məruz qalması faktını sərt şəkildə pisləyir, onun dərhal həbsdən azad olunmasını, ona qarşı fiziki işgəncələrə yol vermiş polis əməkdaşlarının aşkar edilərək cəzalandırılmalarını və gələcəkdə bu kimi əməllərə son qoyulmasını tələb edirik.
Bakı ş. 13 mart 2020.

Top
JoomlaLock.com All4Share.net