Şəxsiyyət vəsiqəsi olmadığı üçün "öldürdülər"-BAKIDA
Featured

13 Mart 2020

"Təngənəfəs olmuşdu, qızdırması vardı, xəstəxanaya götürmədilər, öldü"


Həyat yoldaşı: "Şəxsiyyət vəsiqəsi olmadığı üçün xəstəxanalara götürmədilər"

Martın 13-də səhər saatlarında Suraxanı rayonunun Deputat küçəsində yaşayan Vladimir Fəridoviç Akçurin həyatını itirib. Həyat yoldaşı Xalqanə Akçurina Meydan TV-yə deyib ki, onun vəziyyəti iki gün əvvəl pisləşib:

"Ciyərləri ağrıyırdı, təngənəfəs olmuşdu, qusurdu, qızdırması vardı. Dünən apardıq Ağciyər Xəstəlikləri İnstitutuna, şəxsiyyət vəsiqəsi olmadığı üçün götürmədilər. Əvvəllər onkoloji şişdən əməliyyat olunmuşdu deyə apardıq Milli Onkologiya Mərkəzinə, orda da götürmədilər.

3 saylı Şəhər Klinik Xəstəxanasından da rədd cavabı aldıq. Dünən 3 dəfə, bu səhər də 1 dəfə təcili yardım gəldi üstünə. Gecə qızdırmasına qarşı iynə vurdular, ondan sonra bəlğəm olmadı. Gecəni yatmadı, danışdıq səhərə qədər, səhər vəziyyəti ağırlaşdı. Yeni təcili yardım çağırdıq, xahiş etdik ki, xəstəxanaya aparsınlar. Dedilər, şəxsiyyət vəsiqəsi yoxdur, apara bilmərik. Poliklinika ilə əlaqə saxladıq, dedilər, sabah sidiyini gətirin analiz götürək. Çatdırmadıq, bu gün öldü".

Xalqanə xanımın sözlərinə görə, ölümünün səbəbi onlara açıqlanmayıb:

"Heç bir diaqnoz qoymadılar. Demədilər, nədən ölüb".

Xanımının sözlərinə görə, Vladimir Akçurin şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etsə də, hələ almayıb.

"Vəsiqəsi olmadığı üçün adam öldü. Virusdan ölüb-ölmədiyini də bilmirik. Heç bir dezinfeksiya işi aparılmır, ümumiyyətlə, bizə ölümün səbəbi barədə məlumat verilmir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məsələni araşdıracaqlarını bildiriblər. Təcili Tibbi Yardım Stansiyasından Vladimir Akçurinin nədən öldüyü barədə məlumat verilməyib.

Top
JoomlaLock.com All4Share.net