Müsəlman Birliyi Hərəkati: "Aclıq aksiyasına start verməyi planlaşdırırıq"
Featured

13 Mart 2020

Müsəlman Birliyi Hərəkatının həbsdə olan İdarə Heyətinin üzvləri ictimaiyyətə məktubla müraciət ediblər.

Vetenugrunda.az məktubu olduğu kimi təqdim edir:

"Bağışlayan və Mehriban Allahın adı ilə!

Bu müraciəti ünvanlamaqda əsas məqsədimiz bizim hələ də günahsız olaraq həbsdə saxlanılmağımızdır. Əslində hamıya məlum olduğu kimi bizlər şərlənərək həbs olunmuşuq.

Ötən il bu vaxtlar iqtidar atdığı bir humanist addımı ilə bunu sübut etdi. Bizimlə həbs olunan əksər qardaşlarımızı həbsdən azad etdilər. Bu cür humanist addımın atılması cəmiyyətdə olduğu kimi bizdə də birmənalı olaraq yaxşı qarşılandı. Bu cür fikir formalaşdı ki, hansısa bir məmurun özbaşına atdığı səhv bir addımı iqtidar öz humanist addımı ilə əvəzlədi.
Bu humanist addımın davamlı olmasına ümid edib, bizlər də öz növbəmizdə sükut mərhələsində dayanmağı məsləhət bildik. Amma, bu günlərdə heç bir addımın atılmadığını görüb narahatçılıq hissi keçiririk. Bu sual da ortaya çıxdıqda daha da geniş düşünüb, tutarlı addım atmağı fikirləşirik. "Əgər günahkarıqsa bizimlə həbs olunan qardaşlarımızı niyə azadlığa buraxdılar, yox əgər günahkar deyiliksə, onda bizi niyə həbsdə saxlayırlar? Sərf edəndə həbsdən azad edirlər, sərf etməyəndə həbsdə saxlayırlar?

İnsanın son ümidləri tükənəndə səbri də tükənir və o, halda hansı addım atacağını bilmir.

Biz günahsız hayqırımızı, haqq səsimizi bütün dünyaya duyurmaq üçün "Aclıq aksiyasına" start verməyi planlaşdırırıq. Çünki səsimizin başqa cür eşidilməməsinə ümidimizi itirdiyimiz üçün bu cür addım atmağa məcburuq. Yaxınlarımızı və dostlarımızı bizim bu addımımızı dəstəkləməyə səsləyirik.


Sözümüzün sonuna Peyğəmbər (s) bir mübarək kəlamı ilə son qoyuruq: "Hər kəs imkanı olduğu halda bir müsəlmanın səsinə səs verməzsə, müsəlman deyil!"

Vəssəlamu aleykum və rəhmətullah.

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin həbsdə olan üzvləri

Top
JoomlaLock.com All4Share.net