Tale Bağırzadə: "Netanyahu ilə Sarkisyanın heç bir fərqi yoxdur"-VİDEO
Featured

20 Dekabr 2017

"Azərbaycan hakimiyyəti bilməlidir ki, verəcəyi cəza bizi mübarizəmizdən döndərməyəcək".

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan "Nardaran işi"nin əsas simalarından biri - Taleh Bağırzadə Meydan TV-nin suallarını cavablandırıb. 

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istədikdən sonra Meydan TV  Taleh Bağırzadəyə gündəmi tutmuş mövzularla bağlı suallar göndərmişdi.    

- Taleh bəy, prokurorun sizə ömürlük həbs cəzası istəyəcəyini gözləyirdiz?

- Mənim üçün gözlənilməz deyildi. Özümü əvvəlcədən hakimiyyətin mənə qarşı ən ağır cəza verəcəyinə hazırlamışdım. Çünki hakimiyyət xalqı güc strukturları vasitəsilə qorxu altında idarə etdiyinə görə və xalqın işindən hakimiyyətin bu qorxu basqına qarşı cəsarətlə mübarizə aparanları özünün ən böyük düşməni hesab edir. Və bu zaman hakimiyyət mübariz insanlara qarşı qeyri-insani, amansız və qəddar addımlar atır. Bizə istənilən ömürlük cəzalar da eyni məqsəd güdür.

Amma Azərbaycan hakimiyyəti bilməlidir ki, verəcəyi ömürlük həbs cəzası azadlıq və demokratiya uğrunda mübarizəmizdən bizi döndərməyəcək. 

- Azərbaycanın siyasi tarixində bu cür hökmlər olub və haqqında ömürlük qərar çıxarılanlardan azadlıqda olanlar da var. Öz taleyiniz barədə nə düşünürsünüz?

- Bizim yaşam fəlsəfəmizdə zülmlə idarə olunan cəmiyyət böyük zindan, həbsxana isə kiçik zindandır. Nə qədər ki, Azərbaycan böyük zindana çevrilib, mübariz insanlar üçün kiçik zindanda hansı cəza ilə cəzalandırılmanın heç bir fərqi yoxdur.

Bizim üçün önəmli olan kiçik zindanda hansı cəza almağımız önəmli deyil, əsas xalqımızın böyük zindandan azadlığı üçün çalışmaqdır. Bu yolda bizə ömürlük cəza ən böyük hədiyyə hesab olunur. Həm də ömürlük həbsdə qalacağımı düşünmürəm, mənim həbsimin müddəti bu hakimiyyətin ömrü qədərdir. Çünki hüquqi olaraq heç bir cinayət törətmədiyimiz hər kəsə bəllidir.

- 6 ayda keçirilən məhkəmə prosesləri yaddaşınızda hansı hisslər buraxdı? Sizin məhkəmənizdə açılmayan məqamlar oldumu?

- Əslində, buna məhkəmə demək həqiqi, ədalətli məhkəmələrə hörmətsizlikdir. Bu məhkəmə sadəcə "hüquq" adına qurulmuş sifarişli, qərəzli, ədalətsiz oyun idi. Proses zamanı mülki insanların və iki nəfər polisin hücum edən polislər tərəfdən öldürüldüyü sübut edildi. Lakin məhz konkret hansı quldur polislər tərəfindən öldürülməsini polislər gizli saxladı. 

-Növbəti ilin sosial-siyasi baxımdan ağır olacağını həm rəsmi, həm də müstəqil ekspertlər vurğulayırlar. Durum həbsxanadan necə görünür?     

- Həbsxanalar cəmiyyətlə harmoniyada olduğu üçün baş verənlər həbsxanaya da yansıyır.  

- AXCP-çi gənc məhbus Elvin Abdullayevin məktubu barədə nə deyə bilərsiniz? 

- Əvvəla, bunu Elvin Abdullayevin yazdığına inanmıram. Həmin mətn ATV və Xəzər TV-nin barəmizdə yazdığı böhtan və həqarətlərin mətnilə eynilik təşkil edir. Bu, Azərbaycan hakimiyyətinin qurduğu bir plandır və bu mətnin Elvin Abdullayevin adından yayılmasına görə onu qınamıram və anlayıram.

Azadlıq hər kəsin haqqıdır, lakin bu azadlığı vermək üçün hakimiyyət belə çirkin üsullara əl atrır. Proseslər onu göstərdi ki, cəmiyyət və AXCP daim hüquqları pozulan bizlərin yanında oldu. Bu yazının yazılması və AXCP fəalının adından təqdim edilməsi məkrli məqsədə xidmət edir. 

- Bir müddət əvvəl İran prezidenti Ruhani Ermənistana səfər etdi və "Ermənistan və İran eyni mədəniyyətə məxsusdur" deyə bildirdi. Açıqlama sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrildi və sizin də adınız hallandı. Ruhaninin bu fikrini necə qiymətləndirirsiniz? 

- Öncə onu qeyd edim ki, bizim üçün Azərbaycan xalqının və dövlətinin mənafeyi bütün maraqların fövqündədir və hesab edirik ki, Həsən Ruhaninin Ermınistana olan səfəri Azərbaycan xalqının və dövlətinin birmənalı olaraq maraqlarına uyğun olmadığına görə mən azərbaycanlı olaraq bu səfəri pisləyirəm.

Hesab edirəm ki, Netanyahu ilə Sarkisyanın heç bir fərqi yoxdur. Hər ikisinin əli körpə uşaqların qanına batıb.

Top
JoomlaLock.com All4Share.net