"Toka verəndə qolumdakı damarlar və barmağım partladı"-MƏHKƏMƏ
Featured

22 Yanvar 2019

Yanvarın 22-də AXCP üzvlərinin, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirildi. Məhkəmədə ittiham edilənlərin yaxınları, KİV nümayəndələri, siyasi-ictimai fəallar iştirak edib. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, AXCP Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Partiyanın Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənov, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Rusiyada yaşayan iş adamı, Qarabağ qazisi, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmlinin 22 yanvarda keçirilən məhkəməsində daha iki nəfərin Ruslan Nəsirlinin və Aqil Məhərrəmlinin ifadələri dinlənilib. Onlar mayın 25-də ayrı-ayrılıqda necə həbs olunmaları, daha sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində başlarına gətirilən işgəncə dolu olaydan danışdılar. 

A.Məhərrəmli ifadəsində bildirdi ki, mayın 25-də evlərinin darvazasına iri cüssəli bir nəfərin çıxıb ona baxdığını görüb. O, bu adamdan nə istədyini soruşduqda, qarşı tərəf bildirib ki, evlərinin açarı təsadüfən onların həyətinə düşüb: "Mən şübhələndim və qapını açmaq istəməsəm də adam israr etdi. Evdə heç kim yox idi. Mən tək idim və dostlarla görüşməli idim deyə tələsirdim. Qapını açan kimi 5-6 mülki geyimli həyətə doluşub məni qonşuların gözünün qabağında tutub aparsalar da, cinayət işinin materiallarında saxlanma yeri kimi başqa ərazi göstərilib: "Evimizin hər iki tərəfində kamer var idi və bütün baş verənləri çəkirdi".

Aqil Məhərrəmli deyib ki, evinə basqın edənlər otaqları ələk-vələk edib, əllərinə keçəni dəlil sübut kimi özləri ilə götürüblər: "Mənim toy şəkillərimi götürdülər ki burada AXCP sədri Əli Kərimlinin şəkili də var və bundan dəlil kimi istifadə edə bilərik".

İdarəyə gətirdikdən sonra ondan Saleh Rüstəmlidən pul alıb-almadığını soruşublar: "Dedim ki, bir dəfə 400 manat borc almışam".

Aqil Məhərrəmli tutularkən hər iki telefonun götürüldüyünü bildirib: "Telefonun yalnız birində kod var idi. Məndən telefonun kodunu tələb etdilər. Mən isə deməkdən imtina edərək vəkil tələb etdim. Mənə dedilər ki, dövlət hesabına vəkil veriləcək. Bu zaman Səfər Gülüm oğlu Hüseynov gəldi. Əslində ona vəkil deməyə adamın dili gəlmir. Çünki peşəsinə hörmət eləməyən adama necə vəkil deyim? Onun gözünün qarşısında məni işgəncə verməyə apardılar. İşgəncələrdən sonra məni o vəziyyətdə görüb dedi ki, cavan oğlansan, keçib gedəcək. Həmin vaxt müstəntiqi Sənan Paşayev də oradaydı. Məndən soruşdu ki, bilirsən səni niyə tutublar? Hələ məsələnin mahiyyətini bilmirdim, dedim ki, siyasi fəaliyyətimə görə. Onun və Səfər Hüseynovun yanında iki nəfər gəlib məni ikinci mərtəbəyə apardılar".

A.Məhərrəmli işgəncə vermək üçün gətirildiyi otaqda olan polkovnik rütbəli Vasif adlı şəxsi tanıyıb: "2018-ci ilin martında- 20 sutkalıq inzibati həbs cəzası verilmişdi mənə. Binəqədidəki təcridxanada saxlandığım vaxt bu Vsif məni AXCP-dən, Əli Kəimlinin ətrafından uzaqlaşmağa çağırırdı. Deyirdi ki AXCP-dən uzaqlaşsan hər şey yaxşı olacaq, yoxsa, 5-6 illik həbsə göndəriləcəksən. Onda uşaqlarım yeni anadan olmuşdu, iki aylıq idilər. Mənə demişdi ki, "yaxşı fikirləş, körpə uşaqların var".

İşgəncə otağına gətirilən Cəbhəçi gəncin qolları qandallı olub. Onu ayağğından təpiklə vurub dizüstə oturdublar: "Diziüstə düşdükdən sonra mənim boynumun ardından yumruqla vurdular və döyməyə başladılar. Həyətimizə gələn o iricüssəli adam məni döyürdü. Amma məndən istədiklərini ala bilməyəndə toka vermək üçün digər otağa apardılar. Naqili baş və orta barmağıma bağlayıb, tok verdilər. Birinci az idi təsiri güclü olmadı və getdikcə cəryanı artırırdılar. Gördüm, dözmək mümkün deyil, dedim ki, yaxşı, Saleh Rüstəmlidən almışam pulu, amma Əli Kərimliyə verməmişəm. Ağlıma Ramiz Kamalın adı gəldi, dedim, ona vermişəm. Biri çıxdı çölə, sonra içıri girib dedi ki, yalan deyir, Ramiz Kamala heç nə vermiyib. Toku o qədər artırdılar ki, dirsəyə qədər qollarımdakı kapilyarlar partladı. Bundan sonra məndən öz istədiyim vəkildən imtina ərizəsi aldılar, telefonun kodunu dedim. Onların tələb etdiyi formada danışdım, ifadə verdiyim zaman videoya çəkdilər. Birinci dəfə xoşlarına gəlmədi, dedilər, yaxşı danışmadın, ikinci dəfə çəkdilər".

Ən dəhşətlisi odur ki, A.Məhərrəmliyə işgəncə verənlərin hamısı oruc tutduqlarını iddia ediblər və bu işgəncəni ilahi ədalətin təntənəsi  kimi qələmə veriblər: "Mənə deyirdilər ki, əgər günahın olmasaydı, bizim kimi oruclu adamların əli ilə cəzalandırılmazdın.

Əvvəlcədən səhhətimdə ciddi problemlərin olduğunu demişdim. Ancaq buna məhəl qoymadılar. Məni elə döyürdülər ki. Axır dedim ki, mən erməni deyiləm, niyə belə döyürsüz? Dedilər ki siz ermənidən də betərsiz."

A.Məhərrəmli bildirib ki, ona bir neçə dəfə Vidadi Rüstəmlidən zərfdən külli miqdarda dollar alıb, gətirib Əli Kərimliyə çatdırması barədə ifadəyə imza atdırıblar. Ona və Vidadi Rüstəmliyə işgəncə verib, hər ikisini üzləşdiriblər: "İkimiz də robot kimi bizdən tələb olunanları deyirdik."

O, daha sonra dedi ki, bir neçə dəfə siyasi məhbus ailələrinə yardım məqsədilə xırda məbləğdə yardımlar alıb, onlara çatdırıb: "Bu cinatyət deyil. Onda gərək avtovağzaldakı bütün avtobus, taksi sürücülərini tutsunlar. Nə qədər adamın rayondan göndərdiyi pulu, bağlamanı aparıb çatdırırlar."

Gənc fəal Ruslan Nəsirli mayın 26-də Gəncədə restoranlardan birində dostu ilə nahar etmək istəyərkən zorakılıqla tutulduğunu bildirdi: "Nahar vaxtı idi. Yaxın adamımla yemək sifariş verib oturmuşduq. Qəfil koridorda səs -küy gəldi. Bir nəfər girdi içəri dalıyca 6-7 mülkigeyimli doluşdu otağa. Mənə hücum edib, qolumu burub, başımdan basıb, çöldəki qara rəngli avtomobilə tərəf sürüdülər. Maşına 1-2 metr qalmış, məni var qüvvələri ilə içəri tulladılar. Sonra yanımda div görkəmli bir nəfər oturdu. O, mənim qolumu qarıb, boynumdan basırdı. Məndən qabaqdakı sdenyanı sürücü o qədər geri basmışdı ki, sıxlıqdan əzilirdim. Gəncədən Bakıya bütün yolu ən azı saatda 200-nən sürürdülər. Məni Bakıya – Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. İdarəyə çatanda, doğrusu, elə bildim, narkotik-filan qoyacaqlar, dedilər, yox, görəcəksən nə olacaq. Müstəntiq Sənan Paşayev otaqda idi. O, çölə çıxdı, sonra içəri qayıdanda qonşu otaqlardan çox dəhşətli bağırtı səsləri gəlməyə başladı. Hiss olunurdu ki, kiməsə dəhşətli işgəncə verirlər. Məni də işgəncə və şantajla tədhdi edib, istədikləri ifadəyə imaz atmağa məcbur etdilər." 

Hakim növbəti məhkəmə prosesini sabah (yanvarın 23-də) saat 11:30-a təyin etdi.

YADDAŞ

Xatırladaq ki, Ruslan Nəsirli, Babək Həsənov və Aqil Məhərrəmli 2018-ci il mayın 25-də həbs olunub. Onların həbsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki həftə öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.

Uzun illərdir Moskvada biznes fəaliyyətilə məşğul olan S.Rüstəmli DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Ona əvvəlcə narkotik saxlama ittihamı verilmişdi. S.Rüstəmlinin vəkili ilə görüşünə, ailə üzvlərilə əlaqə saxlamasına imkan verilmirdi. Daha sonra onun qardaşı oğlu V.Rüstəmlini həmin idarənin əməkdaşları həbs elədi. Ona da eyni ittiham verildi.

Onların yaxınları narkotik ittihamının saxta olduğunu bildirirdilər. Elə həmin ərəfədə eyni gündə AXCP-nin üç funksioneri həbs olundu.

Bundan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham etdi. İddia olunurdu ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

AXCP sədri Əli Kərimli də cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib. Deyib ki, S.Rüstəmli ilə uzun illərdir dostdular. Rusiyada biznes fəaliyyətilə məşğul olan dostu bir neçə dəfə ona yardım edib.

Top
JoomlaLock.com All4Share.net