Fərhad Əhmədov ölkəyə kömək etmək istəyir, deputat olmaq yox
Featured

19 Dekabr 2019

Oğlunun çiçəklənən Azərbaycanda yaşaması arzusu ilə...

"Exo Moskvı" qəzetindən Sergey Fesenkonun "Moskvanın əli kimə görünür?" məqaləsi Rusiya KİV-də təkrar nəşr olunur. Nəşrin mahiyyəti yarımbaşlıqda əksini tapıb: "Parlament seçkiləri ərəfəsində Azərbaycanda seçiciləri "yadellilər" ilə qorxutmağa başlayıblar.

Müəllif "yadelli" sözü altında istehza ilə rusiyalı milyarder Fərhad Əhmədovu nəzərdə tutur. Onun Facebook səhifəsindəki iki yazısı Azərbaycanın bəzi saytlarında tənqidi fikirlərə səbəb olub. Tənqidçilərin ümumi qənaəti budur ki, F.Əhmədov milyonlarını Azərbaycandakı növbədənkənar parlament seçkilərinə müdaxiləyə xərcləmək niyyətindədir.

"Dərhal bir neçə informasiya portalı, 1News, "Minval" və başqaları mahiyyətcə eyni olan və rusiyalı sabiq senator və milyarder Fərhad Əhmədovu "ifşa edə" məqalələrlə çıxış etdilər. Guya o, Azərbaycanın siyasi məkanına daxil olmağa cəhd edir. Bu pulsuz piarın sayəsində minlərlə azərbaycanlı F.Əhmədovun öz Facebook səhifəsində yerləşdirdiyi "Müxalifətin faydaları haqqında" yazısını oxudu: məhz bu məlumat ilə məqalə müəllifləri "Moskvanın bədxah əli"ni gördülər. Nəticədə sosial şəbəkədə söylənilən şəxsi rəy Azərbaycanın siyasi səhnəsində baş verənləri uyğun rəngdə göstərən lakmus kağızına çevrildi", -Fesenko izah edir.

"Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq-müdafiə təşkilatının hazırladığı "Söz azadlığı indeksi" xəritəsində Azərbaycan qara rənglə göstərilib. Keçmiş SSRİ-nin digər respublikalarından yalnız Türkmənistan eyni "şərəf"ə layiq görülüb. Sonuncu reytinqdə Azərbaycan 180 yerdən 166-cı yeri tutub, Şimali Koreya, Yəmən, Sudanı bir qədər qabaqlayaraq... Buna görə də F.Əhmədovun sosial şəbəkədə Azərbaycanda radikal yox, necə deyərlər, konstruktiv müxalifətin olmasının vacibliyi barədə fikirlərinin yerli məmurlar arasında əsl çaxnaşma yaratması təəccüblü deyil", - Fesenko yazır.

"Öz adamlarını" "Milli Məclisə gətirmək", özünün isə Azərbaycan hakimiyyətinin üst qatına yüksəlməsi niyyəti ilə Bakıdakı saray politoloqları Fərhad Əhmədovun Facebook-da "geniş əsəri"in yer almasına açıqlama verdilər. "Geniş əsər" ifadəsi çox güman ki, "həmin tapşırıqlarda"da vardı, çünki bu və ya digər məqalədə də adı keçir", - müəllif yazıb. Eyni zamanda qeyd edib ki, şərhçilərin böyük əksəriyyəti Fərhad Əhmədovun mövqeyini dəstəkləyib.

Dekabrın 17-də Fərhad Əhmədov veb səhifəsində üçüncü məqaləni yerləşdirib, öz mövqeyini açıqlayıb və tənqidçilərə cavab verib. F.Əhmədovun hər hansı bir şəkildə parlamentə düşərək (bu, mümkün deyil, çünki F.Əhmədov Rusiya vətəndaşıdır –K.Ə.) Azərbaycandan pul çəkmək niyyətində olması barədə bakılı müəlliflərin fikirlərilə bağlı F.Əhmədov bildirib ki, məqaləni yazarkən BƏƏ-də öz yaxtasında olub və hazırda ailəsi ilə orada dincəlir. Bildirib ki, o, Azərbaycan iqtisadiyyatında böyük qeyri-neft, özəl investordur (turizmə və kənd təsərrüfatına 200 mln. dollar yatırılıb).

Bəs niyə "birdən" müxalifət haqda məktub yazdı? "Çünki problemlərin çoxaldığını görüncə səssiz qala bilmirəm. "Boz kardinallar"ın prezident və xalq arasında yaratdığı boşluq "qopma"ya çevrilə bilər. Əgər bu boşluğu aradan qaldırmaq üçün yuxarıdan islahatlar planlaşdırılıb həyata keçirilməsə, islahatlar aşağıdan başlayacaq.

Tarixin qanunu budur. Hesab edirəm ki, işgüzar və siyasi təcrübəm olduğundan böhrandan necə çıxmaq barədə anlayışım var. Ölkəni doğru yola yönəltməyə kömək etmək mənim vətənpərvərlik borcumdur. Burada ikitirəlik və ya mənə rəhbərlik edən kiminsə əlini axtarmaq lazım deyil. Bu, mənim öz qərarımdır. Heç kim məni buna məcbur etmir və mən heç nə əldə etmək istəmirəm", -F.Əhmədov yazır.

O, qeyri-vətənpərvərliklə bağlı tənələri öz tənqidçilərinə geri ünvanlayaraq bildirib ki, xaricdə qazandığı pulları Azərbaycana sərmayə yatırır. Halbuki, Azərbaycanda çoxları milyardlarla büdcə pulunu "taladı", o cümlədən ən müqəddəs iş, ölkənin müdafiəsi üçün ayrılan vəsaiti mənimsədilər, sonra da xarici hesablara yatırdılar.

Bu pulların ölkəyə qaytarılmaması F.Əhmədovu təəccübləndirir. Əbəs yerə kimsə düşünür ki, bu hesablar heç kimə məlum deyil. Ölkənin dünyaya səpələnmiş oğurluq pullarının və aktivlərin bloklanması asan və hətta yaxşı işdir.

Bu proses yaxşı məlumdur, artıq Böyük Briyaniyada başlayıb, "var-dövlətin aydın olmayan mənşəyi haqqında sorğu" göndərilir.

Aktual parlament seçkiləri mövzusuna qayıdan F.Əhmədov qeyd edir ki, "əvvəlki Milli Məclisin qanunvericilik fəaliyyəti çox effektli olmayıb". Əminəm ki, köklü islahatlar dövründə bizə düşüncələrsiz və diskussiyalarsız qanunları "çap edən" "printer" yox, peşəkar qanunvericilər kollekitvi lazımdır.

F.Əhmədov əsas iqtisadi, sosial, hətta kadr məsələləri ilə bağlı prezidentə bir neçə məktub göndərib. Ancaq bu məktublara reaksiya haqda bildirmir. Cavab alıbmı?

Hakimiyyət və cəmiyyət bölümündə F.Əhmədov deyir ki, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə iqtidarla cəmiyyət arasındakı boşluğun aradan qaldırılmasıdır. "İstisnasız bütün qərarlar bir şəxs tərəfindən qəbul edildikdə bu, onun üzərinə böyük məsuliyyət qoyur"... Ancaq bir şəxsin qərar verməsinin əks tərəfi də var – xalq ölkədə baş verənlərə görə öz məsuliyyətini hiss etməməyə başlayır.

Xalq prezidentə səs verib və elə bil bununla da onun rolu bitib - indi də ancaq lider düşünsün və məsuliyyət daşısın. Qoy, prezident islahatları düşünsün, Qarabağı qaytarsın, biz də kənardan müşahidə edək. Belə olduğu halda prezidentin mövqeləri də obyektiv şəkildə zəifləyir, möhkəmlənmək üçün öz xalqından dəstək almır.

Daha bir vacib mülahizə var: Qərbin qavrayışında Ermənistanla ayaqlaşmaq üçün ölkəyə maksimum legitim, rəqabətlə seçilmiş parlament lazımdır. Son seçkilərin legitimliyi hamı tərəfindən tanınmasaydı indiki Yerevan bu cür həyasızcasına bəyanatlar verə bilməzdi. "Bratislavadakı son uğursuz danışıqlar hamını ayıltmalı və birləşdirməlidir", -F.Əhmədov vurğulayıb.

Bakılı tənqidçilər ilə polemikaya girən F.Əhmədov faktiki olaraq adını çəkdiyi KİV-dən sitatları təkrarlayır və deyir ki, indiki müxalifəti müxalifət hesab etmir. "Ölkədə islahatlar başlayıb, amma onlar insanları küçələrə çağırırlar. Niyə çağırırlar? Axı onların nə liderləri var, nə proqramları, nə konstruktiv fikirləri, nə də ideoloji platformaları".

Sonra F.Əhmədov qəbul etmədiyi müxalifət düşərgəsinə qayıdır, Azərbaycan müxalifətinin tələblərini təkrarlayır və qeyd edir ki, ölkə üçün ən yaxşı resept demokratiya, vətəndaş cəmiyyəti, qanunun aliliyi, şəxsi mülkiyyətin qorunması, azad seçkilər ilə birlikdə bazar iqtisadiyyatıdır.

"Bu, ən etibarlı və dayanıqlı konfiqurasiyadır, çevrilişlərdən və sarsıntılardan ən yaxşı zəmanətdir. Əgər indi ölkədə islahatlar aparmaq imkanları əldən çıxarsa, sonda ölkə məğlub olacaq, hətta Ermənistana deyil, bütün dünyaya məğlub olacaq, onun kənarında qalacaq. Və bu, tez baş verə bilər. Suriyanı yada salaq. Əsəd-böyük Əliyev-böyük ilə eyni ildə hakimiyyətə gəldi, Əsəd-kiçik isə Əliyev- kiçik ilə. Orada da işğal edilmiş Golan yüksəklikləri problemi vardı, indi də var. Çox istərdim ki, belə ssenaridən qaçmaq mümkün olsun, cəmiyyət tələsir və öz sıralarından ekstremistləri irəli sürür, hakimiyyət isə əksinə, geri qalır.

Milyarderin məqaləsi dünyaya gəlişini gözlədiyi üçüncü oğlunun öz birliyini bərpa edən, regionun lideri, qonşu ölkələr üçün mayak ola biləcək çiçəklənən Azərbaycanda yaşaya bilməsi arzusu ilə bitir.

Qeyd edək ki, dekabrın 17-də Ednews.info-da digər rusiyalı milyarder Füzuli Məmmədovun müsahibəsi dərc edilib. Milli Məclisin deputatı olmaq istəməyən F.Məmmədov Azərbaycanda aparılan islahatlar barədə öz fikirlərini bildirib.

"Deputatın ən mühüm vəzifələrindən biri Konstitusiyada göstərildiyi kimi, "hakimiyyətin mənbəyi vətəndaşlardır" ideyasının reallaşmasına səy göstərmək ola bilər. Vətəndaşların bizim dövlətimizin siyasi həyatında iştirak formaları genişləndirilməli, vətəndaş cəmiyyətinin inkişafı təşviq edilməlidir. İcra orqanlarına ictimai nəzarəti gücləndirmək üçün tədbirlər görülməlidir. Həmçinin prezident yanında İctimai Şura yaradılmalıdır.

İqtisadi sahədə kiçik və orta biznesin inkişafını stimullaşdıran qanunvericilik təkmilləşdirilməli və antiinhisar nəzarəti təmin edilməlidir. Azərbaycan iqtisadiyyatına diaspor yatırımları sürətləndirilməlidir. Gündəlikdə duran vacib mövzu rüşvətxorluğa qarşı mübarizə və təhlükəsizlik xidmətləri üzərində ictimai və informasiya nəzarətinin gücləndirilməsidir. Beynəlxalq münasibətlər baxımından Azərbaycanla Rusiya arasında iqtisadi, siyasi və hərbi əməkdaşlıq alyans səviyyəsinə çatdırılmalıdır", - F.Məmmədov təklif edib.

Beləliklə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycan əsilli Rusiya milyarderləri hərəkətə gətirib. Onlar Rusiya qanunlarına uyğun olaraq fəal şəkildə "Vətənin daxili işlərinə müdaxilə edirlər" ki, bu da Azərbaycan KİV-də mütəşəkkil tənqidçilər tərəfindən birbaşa, dırnaq işarəsi olmadan müdaxilə kimi qəbul edilir. Ötən illərdə keçmiş hökumət məmuru Abbas Abbasovun rəhbərlik etdiyi azərbaycanlı milyarderlər klubu haqda mif yayan Azərbaycan elitasında qorxu tarixi təkrarlanır. Məlum olduğu kimi, mif dağıldı, klub yox imiş. (turan)

Top
JoomlaLock.com All4Share.net