Qarabağ qazisi Babək Həsənlinin həyatı təhlükədədir
Featured

25 Mart 2020

Siyasi məhbus, Qarabağ qazisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin sədri Babək Həsənlinin səhhətində ciddi problem yaranıb. Bu barədə vetenugrunda.az-a məhbusun qardaşı Cavid Həsənli məlumat verib.

C.Həsənli bildirib ki, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan qardaşı bir həftəyə yaxındır ki, boğaz ağrısı və qızdırmadan əziyyət çəkir: "Təkcə Babək deyil, 6 saylıda 300-ə yaxın adam eyni simptomlarla səhhətindən şikayət etsə də, onları nəinki müalicə müəssisəsinə köçürmürlər, adicə ilkin tibbi yardım da göstərmirlər.

YADDAŞ

Qeyd edək ki, Babək Həsənli 2018-ci il mayın 25-də polislər tərəfindən saxlanılıb. Onun evində axtarış aparılıb.

Daha sonra Babək Həsənli, AXCP üzvləri Ruslan Nəsirli, Aqil Məhərrəmli və Qarabağ qazisi Saleh Rüstəmli ilə birgə məhkəməyə çıxarılıb.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub. Hökmə əsasən, onlardan ikisi - AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Vidadi Rüstəmli 6 il 8 ay şərti cəza ilə həbsdən buraxılıb.

Moskvadan AXCP-yə pul göndərməkdə ittiham olunan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli 4 il, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş" adlandırıb. O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Adıçəkilən şəxslər istintaq ifadəsinin işgəncə altında alındığını bildiriblər.

P.S

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Məlumat redaksiyamıza iş saatından sonra daxil olduğu üçün Pentensiar Xidmətlə əlaqə saxlaya bilmədik.

Davamı var... 

Top
JoomlaLock.com All4Share.net