Dünyada Paralimpiya Hərəkatının əsası 1948-ci ildə Böyük Britaniyanın Elsberri şəhərində, Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə qoyulmuşdur. Həmin il, Londonda keçirilən Olimpiya Oyunlarının açılış mərasimi ilə paralel olaraq, əlil arabasından istifadə edən şəxslər arasında Böyük Britaniyanın ilk milli yarışları təşkil olundu.
1960-cı ildə İtaliyanın paytaxtı Romada keçirilmiş ilk rəsmi Paralimpiya Oyunlarında artıq 23 ölkədən 400 idmançı iştirak edirdi. 1988-ci ildən etibarən Yay, 1992-ci ildən isə Qış Paralimpiya Oyunları Olimpiya Oyunları ilə eyni məkan və tarixdə keçirilir. 2000-ci ildə Sidneydə baş tutan XII Yay Paralimpiya Oyunlarında isə 127 ölkədən 4000 idmançı altı əlillik kateqoriyası üzrə 18 idman növündə iştirak edərək yeni rekord müəyyən etdi.
Azərbaycanda Milli Paralimpiya Hərəkatının rəsmi başlanğıcı 1996-cı ilin 9 fevral tarixində keçirilmiş Azərbaycan Milli Paralimpiya Komitəsinin təsis konqresinə dayanır. Komitənin yaradılmasından cəmi altı ay sonra, Azərbaycan ilk dəfə olaraq beynəlxalq paralimpiya yarışlarında iştirak etdi. 1996-cı ilin avqustunda ABŞ-ın Atlanta şəhərində keçirilən 10-cu Yay Paralimpiya Oyunlarında Azərbaycan 2 idmançı ilə təmsil olundu.
Paralimpiya Hərəkatı çərçivəsində inkişaf edən idman növlərindən biri də amputant futbol olmuşdur. Bu idman növünün Azərbaycanda rəsmi şəkildə təməli 2018-ci ildə qoyulmuş və Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası (QƏDFF) yaradılmışdır. Federasiyanın fəaliyyəti nəticəsində Azərbaycan amputant futbol komandası bu günədək dörd dəfə beynəlxalq qitəmiqyaslı turnirlərdə iştirak etmiş və ölkəmizi uğurla təmsil etmişdir.
Bu idman növü, təkcə fiziki aktivlik deyil, eyni zamanda cəmiyyətə inteqrasiya və sosial dəstəyin simvoluna çevrilmişdir.