Ailənin, Vətənin yükünü daşıdı Qabil

Ailənin, Vətənin yükünü daşıdı Qabil
Aprel Şəhidi Qabil Orucəliyevin evində indi üzünü görmədiyi oğlu, balaca Qabil yaşayır. 2016-cı il Şanlı aprel döyüşlərimiz zamanı qəhrəmancasına Şəhid olan Baş-leytenant Qabil Orucəliyev 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. Evin böyük oğlu olan Qabil orta məktəbdə oxuyarkən atasını itirib. Atası Əbdüləli 2005-ci ildə 41 yaşında dünyasını dəyişib. Bundan sonra ailənin bütün yükü həm onun, həm də anasının üstünə düşüb. İki bacısı və bir qardaşını öz himayəsinə götürüb. Sonra hərbçi olmaq qərarına gəlib və buna da nail olub. Qabil 2015-ci ildə Təhminə xanımla ailə həyatı qurub. Övlad yolu gözləyən zabitimiz sonuncu dəfə 2016-ci il martın 29-da anasıyla danışarkən ata olması münasibəti ilə anası onu təbrik edir və Qabil telefonda bu sözləri deyir: “Ay ana, necəsən?” Təhminəyə demişəm, uşağa atamın adını qoyarsınız”. Sonra isə Qabilə zəng çatmır. Aprelin 2-də isə Qabilin Şəhid olduğu xəbərini ailəsinə çatdırdılar. Şəhidimiz aprelin 11-də Naxçıvan şəhərində dəfn edilib. Övladına isə atasının deyil, Qabilin adını qoyurlar. Şəhidimiz Baş-leytenant Qabil Orucəliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!