Altı ay komada olan qazimiz Səbuhi Hüseynli Şəhid oldu

Altı ay komada olan qazimiz Səbuhi Hüseynli Şəhid oldu

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, oktyabrın 26-da Xocavənddə yaralanan və 6 ay komada qalan hərbiçimiz, Xaçmaz rayonunun Maqsudkənd kənd sakini, 24 yaşlı Səbuhi Hüseynli aprelin 15 də Şəhid olub.

155 gün komada qalan hərbiçimiz kəşfiyyatçı snayper olub. O, beynindən qəlpə yarası almışdı.

Şəhidimizin anası Samirə Əhmədxanova dekabrın 16-da unikal.org-a verdiyi müsahibəsində övladının həkim səhlənkarlığının qurbanı olduğunu bildirib: 

"Səbuhi kəşfiyyatçı snayper olub. Müharibə başlayan gün, yəni sentyabrın 27-dən Qusarda N saylı hərbi hissədən əsgərlərlə birlikdə Ağdam istiqamətində döyüşə qatılıb. Sonradan Füzuli rayonunda və digər istiqamətlərdəki döyüşlərdə iştirak edib. Ancaq Xankəndində döyüşlər zamanı yaralanıb. Oğluma bir leytenant kömək edib. Təcili yardım həkimləri yolda oğlumun ölə biləcəyindən, bunun yerinə isə daha az xəsarət alan hərbçiləri Yevlax xəstəxanasına çatdırmaqlarının doğru olduğunu söyləyiblər. Lakin oradakı leytenantın təkidi ilə oğlum xəstəxanaya çatdırılıb. Xəstəxanada əlimi buraxmaq istəmirdi. Başına sol gicgah nahiyyəsinə güllə girib və sol beyininin bir hissəsini dağıdıb. Hətta güllə beyin kökünün 7 mm yaxınlığında olub. Oğlumun beynindən güllə çıxarılarkən 8 saat əməliyyat olundu".

Qazimizin anası bildirib ki, oğlu səhv əməliyyat olunduğu üçün vəziyyəti pisləşib və komaya düşüb: "Onun əməliyyatdan sonra kəllə qapağı tikilməməli idi. Bu barədə həkim də bizə məlumat verib. Onu əməliyyat edən həkim bizə deyib ki, biz Səbuhinin vəziyyətinin yaxşı olduğunu görüb kəllə sümüyünün qapağını tikdik. Ancaq 2 gündən sonra bizə dedilər ki, oğlumun vəziyyəti pisləşib. Yenidən onu əməliyyata götürmüşük və kəllə qapağını çıxarmışıq. Hazırda o həmin kəllə sümüyü saxlanılıb.

5-6 aydan sonra Səbuhi yaşayarsa yenidən yerinə tikiləcək. Əgər vaxtın həmin kəllə sümüyünün qapağını tikilməsəydi Səbuhi bu vəziyyətə düşməyəcəkdi. Düzdür, oğluma həmin yerdə yaxşı baxırlar, nə lazımdırsa, edirlər. Hətta həkimə də demişəm ki, "kəllə qapağı tikilməsəydi oğlum bu vəziyyətə düşməyəcəkdi. Düzdürmü?". Həkim isə mənə "Başqa səbəblər də var, o da var", – dedi".

Qazinin anası ölkə başçısı İlham Əliyevə müraciət etmişdi:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Yaşat Fonduna müraciət edirəm. Yeganə oğul övladım Hüseynli Səbuhi Babək oğlunun vəziyyəti heç yaxşılaşmır, yaradan iltihab gəlir, komadan ayılmır, artıq təzyiqi düşməyə başlayır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, oğlumun müalicəsinin xaricdə davam etdirilməsinə kömək edəsiniz. O zaman oğlum sağlamlığına qovuşar. İki aya yaxındır ki, oğlum xəstəliklə mübarizə aparır, ölümə yenilmək istəmir. Qoymayın, oğlum mənfur düşmənin atdığı minanın qurbanı olsun. Ümidim tək sizədir".

Qeyd edək ki, Şəhidimiz ailəli idi. Onun atasının adını verdiyi Babək adlı bir oğlu Vətənə əmanət qaldı.

Allah Şəhidimizə rəhmət etsin!