Ermənistanı lərzəyə salan "Qoca qurd", "Kölgə adam"-Şəhid Pəncəli Teymurov...

Ermənistanı lərzəyə salan "Qoca qurd", "Kölgə adam"-Şəhid Pəncəli Teymurov...

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Şəhid Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub. 

1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnən Pəncəli hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.

Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Pəncəli toyunda da özünə Şəhadət arzu edib: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün Şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun torpaqlarımıza hücümü zamanı qəhrəmanlıqla Şəhid olub. O, döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə 3 aprel tarixində Talış yüksəkliklərinin alınmasında inanılmaz şücaət göstərib və Şəhid olublar.

Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb. 

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli 2015-ci ilin 24 iyununda işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçini məhv etmişdi. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidmətə görə "İgidliyə görə" medalı ilə təltif olunub.

Pəncəli Nurməmməd oğlu Teymurov Şəhid olandan sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

"Qoca qurd" ləqəi ilə tanınan Pəncəli Teymurov əsl kəşfiyyatçılar haqqında deyilmiş " qarda gəzər izi düşməz" deymini öz fəaliyyətində əks etdirirdi. Bəlkə də buna görə onu tanıyanlar "Kölgə adam" deyirdilər Pəncəliyə.

Ermənilərin başına 1 milyard (dramla) pul qoyduğu bu "Kölgə adam" işlərini nə qədər gizlin görsə də,  qəhrəmanlığından düşmən ordusunda da danışılırdı.

Pəncəli 11 yaşında, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi.

O, illər sonra sözünü tutur. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.

Pəncəlinin qəhrəmanlığı bununla da bitmir. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabirin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir.

Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına bir milyard dram qoyurlar, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər.

Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.