"Galatasaray" azarkeşi Şəhidimiz Fərid Dursunov

"Galatasaray" azarkeşi Şəhidimiz Fərid Dursunov

Fərid Fazil oğlu Dursunov 1986-cı ilin iyulunda Qax rayonunun Qorağan кəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub.

Fərid 1992-2003-cü illərdə Qax rayonu Səfa Rəhimov adına Qorağan kənd tam orta məktəbində təhsil alıb. Məktəbi başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) verən Fərid 2008-ci ildə məktəbi bitirib və qısa müddətliyinə ölkə xaricə təlimlərə göndərilib.

Kapitan Fərid Dursunov xidməti dövründə çoxsaylı medal və təltiflərə layiq görülüb. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Ordusunun 100 illiyi" medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun kapitanı Fərid Dursunov 44 günlük Vətən müharibəsi zamanı Kəlbəcərdə Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində "Koroğlu 3" döyüş mövqeyi uğrunda gedən qızğın mübarizədə şəhid olub. Qax rayon Qorağan kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, kapitan Dursunov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Kəlbəcərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında da şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident Sərəncamına əsasən Dursunov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə də təltif edilib.

Fərid "Galatasaray" Futbol Klubunun sadiq azarkeşlərindən olub. O, döyüşlərə qatılmazdan əvvəl "Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını da asın" , - deyə vəsiyyət edib. Şəhidin vəsiyyətinin sosial mediada ictimailəşdirilməsindən sonra "Galatasaray" İdman Klubu özünün rəsmi twitter hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşaraq başsağlığı verib. Ardınca isə "Galatasaray"-ın "başkan yardımcısı" Yusuf Günay şəxsən əlaqə saxlayaraq Şəhidin atası Fazil Dursunova öz adından və bütün Türkiyə xalqı adından başsağlığı çatdırıb.

Sevib-seçdiyi Məryəm xanımla ailə həyatı quran Fərid Dursunovun Ömər və İsa adında iki oğlu Vətənə əmanət qalıb.