Görəsən tarixin bu harayına tarixçilərimiz niyə susurlar?

Görəsən tarixin bu harayına tarixçilərimiz niyə susurlar?

Bitməkdə olan iyun ayının daha bir milli faciəsi... milli olan, lakin millətin və dövlətin fərqində olmayan Xanölən səngər ağısı...

Qarabağ xanı İbrahim xan Cavanşirin ailəsi, azyaşlı övladları, yaxınları ilə birgə qətlə yetirilməsi... 1806-cı il, 12 iyun gecədən 2 saat keçmiş Şuşa qalasının komendantı mayor Lisaneviç bir yanında erməni, bir yanında gürcü yavərləri və 100 soldatla... İbrahim xanı yatdığı yerdə mühasirəyə aldı. İbrahim xan Şuşa yaxınlığında, Xansəngər deyilən yerdə əyalı və başının adamı ilə çadır qurmuşdu. Bəzi mənbələr həmin düşərgədə İbrahim xanın xanımlarından, övladlarından savayı qonaqlar, xidmətçilər, qorumalarla birgə 50-yə yaxın adam olduğunu yazır...

Mayor Lisaneviç gecənin qaranlığında cani dəstəsi ilə düşərgəni dövrəyə alır, ilkin dirəniş göstərən azsaylı xan qorumalarını, ardıyca gecə yuxusunda olan insanları - İbrahim xanı, xanımları Bikə ağanı, Cavahir xanımı, 12 yaşlı oğlu Abbasqulu ağanı, 8 yaşlı qızı Səltənət xanımı... düşərgədə olan hər kəsi... hər kəsi... yatdıqları yerdə... qanına qəltən edir. Çox adam nə baş verdiyini anlamadan can verir... Ağlasığmaz şərəfsizlik, alçaqlıq və hərbi cinayət törətmiş mayor Lisaneviç həmin gecə Azərbaycanın ikinci böyük dövlət adamını İbrahim Xəlil xan Cavanşiri qətlə yetirdi.

Lisaneviçin qatili olduğu birinci xan Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacar idi. (Bu qətl döyüş zamanı baş vermişdi) Rus imperatoru həm Cavad xanı öldürən, həm İbrahim xana qarşı hərbi cinayət törədən Lisaneviçə general rütbəsi və qəbzəsinə almaz düzülmüş qılınc göndərdi. Azərbaycan tarix elmi Qarabağda ruslar tərəfindən törədilən bu ilk ən böyük hərbi cinayəti araşdırmayıb və araşdırmır. Bu hadisədən 111 il sonra çar II Nikolay və ailəsi - günahsız övladları, həkimi, xidmətçiləri Leninin əmri ilə güllələndi.

Sovetlər dağıldıqdan sonra Rusiya II Nikolaya və ailəsinə qarşı bolşeviklər tərəfindən törənmiş bu cinayəti araşdırdı, monoqrafiyalar yazıldı, filmlər çəkildi, kilsə onları müqəddəs elan etdi. Rus xalqı tarixi gerçəkləri bildi.

Azərbaycanda hələ də İbrahim xana qarşı törənən qanlı cinayət araşdırılmır hələ də Azərbaycan xalqı gecənin zülmətində, eyni ilə Xocalı qırğınında olduğu kimi şərəfsizcə, qatilcə, alcaqca törədilən rus cinayətinin gerçəkliyindən xəbərsizdir...

Tarix elmi bu barədə susur... Azərbaycan iqtidarı bu cinayəti diqqətə gətirmək istəmir... Putinin II Nİkolaya göstərdiyi təəssübü, eyni şəkildə qətlə yetirilmiş Qarabağ xanına göstərmir... Azərbaycan xalqı gerçəkləri bilmir... O gecə qətliamından sonra adı Xanölən səngər qalan o qanlı yerin kədərli əhvalatı tarixin qaranlıqlarında itkin düşüb və axtarılmır...

Tarixin Xanölən səngər səhifəsi öz araşdırmasını gözləməkdədir... Şəhid İbrahim xan Cavanşiri, həmin gecə həlak olmuş günahsız qurbanları rəhmətlə anıram...

Mehriban Vəzir

xudaferin.eu