Göyçayın 20 yaşlı Şəhidi Teymur Qasımov

Göyçayın 20 yaşlı Şəhidi Teymur Qasımov

O, Şəhid olanda hələ 20 yaşını tamam etməmişdi. Göyçayın Çaxırlı kəndi 10-cu Şəhidini dəfn edirdi o gün.

Vetenugrunda.az bu dəfə oxucularına aprel döyüşlərində Şəhid olan Teymur Mikayıl oğlu Qasımovu xatırladacaq.

Teymur Qasımov 1996-cı il iyunun 29-də Göyçayın Çaxırlı kəndində dünyaya göz açıb. Atası oğluna İkinci Dünya Müharibəsində qəhrəmancasına döyüşüb, şan -şöhrətini dünyaya yayan əmisi Teymurun adını qoydu. Atası hardan biləydi ki, adını qoyduğu oğlu da elə əmisinin taleyini təkrarlayacaq. Onun da əmisi kimi gənc ömürünə müharibə son qoyacaq. Əmisi kimi bu dünyaya ancaq qəhrəmanlığı əmanət qalacaq. Teymur Qasımovun adını daşıdığı əmisi 1941-45-ci il müharibəsində Bolqarıstana zəfər bayrağını sancan döyüşçü olub. Onun haqqında Rusiyada, Ukraynada kitablar yazılıb, sənədli filmlərdə bəhs edilib. 

1 il 6 ay idi ki, hərbi xidmətdəydi. Martın 31-də kiçik qardaşı Turala zəng vurub deyib ki, döyüşə başlayırıq. Amma bu barədə evdəkilərə heç nə demə, narahat olarlar. Teymur Qasımov snayper idi.

Aprelin 2-də Vətən qarşısında borcunu yerinə yetirərək evə qayıdacaqdı. Lakin aprelin 5-də doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salındı. 

Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Ruhu şad olsun!