Zəngəzur Ermənistana necə birləşdirildi?
Featured

23 Mart 2020

1921-ci ilin ortalarında Zəngəzurun Ermənistana birləşdirilməsi başa çatdı

Rusiyada fevral inqilabının qələbəsindən ruhlanan ermənilər millətlərin "təyin-müqəddərat hüququ" adı altında Türkiyənin şərq vilayətləri, şimali və Cənubi Azərbaycanın əraziləri hesabına öz dövlətlərini yaratmağa girişdilər.

Onların iddia etdikləri ərazilərin etnik tərkibinə nəzər salaq, hələ 1832-ci ildə İrəvan əyaləti əhalisinin 49,877 nəfəri azərbaycanlı, 20,073 nəfəri yerli erməni idi. 45,207 erməni isə Türkmənçay müqaviləsindən sonra məqsədli şəkildə İrəvana köçürülmüşdü. Ə.Topçubaşovun Paris sülh konfransının sədrinə və müttəfiqlərə göndərdiyi 1919-cu il tarixli etiraz notasında isə göstərilirdi ki, Şərur-Dərələyəzdə azərbaycanlılar əhalinin 72,3 faizini, Sürməlidə 68 faizini, İrəvanda isə 60,2 faizini təşkil edirdi.

S.Şaumyanın Qafqazın fövqəladə komissarı təyin olunması erməniləri xeyli ruhlandırmışdı və onlar Azərbaycan torpaqlarını zorakılıq yolu ilə tutmağa başladılar… Yaxın (Türkiyə, Rusiya, İran, Ermənistan) və uzaq (İngiltərə, ABŞ, Fransa və s.) xarici dövlətlər bu bölgələrə konkret maraqlar göstərmişlər.

Yalnız Türkiyə Azərbaycanda çox qısa müddətdə baş verən və bir-biri ilə kəskin təzad təşkil edən siyasi sistem dəyişikliklərinə baxmayaraq, Naxçıvanla Zəngəzuru, Anadolu ilə Azərbaycanı birləşdirən strateji dəhliz hesab edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hərbi-siyasi yardım göstərirdi.

Rusiya isə bütövlükdə Azərbaycanın yenidən ələ keçirilməsinə çalışır və bu məsələyə özünün "tarixi torpaqlarının geri qaytarılması" kimi yanaşırdı.

İki əsrdən artıq bir müddətdə Qafqaz xalqlarının müstəqilliyi yolunda başlıca əngəl olan, rus müstəmləkəçiliyinin əsas dayaqlarından sayılan, tarixin kəskin dönüş anlarından həmişə faydalanmağa çalışan ermənilər isə növbəti dəfə "Böyük Ermənistan" ideyasının reallaşdırılmasına can atırdılar. Bu niyyətlə də Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ və s. bölgələrinə ərazi iddiaları irəli sürmüşdülər. Onlar Rusiyanın himayəsindən istifadə etməyə çalışırdılar…

1921-ci ilin ortalarında Zəngəzurun Ermənistana birləşdirilməsi başa çatdı. Həmin ilin iyulun 20-də Ermənistanda 9-cu Zəngəzur qəzası yaradıldı. Azərbaycanda bundan əvvəl 1921-ci il 19 may tarixli əhalinin siyahıya alınmasına dair dekretdə Zəngəzur qəzasının adı qeyd edilmədi.

Zəngəzurun Azərbaycan hökuməti tərəfindən tamamilə unudulmasından bəhrələnən ermənilər qəzanın daxili işlərinə kobud müdaxilə edirdilər. Ermənistan hökuməti bölgəyə qaçqınların qayıtmasına imkan vermirdi. Müxtəlif ölkələrdən məqsədyönlü surətdə Ermənistana gətirilən ermənilər isə Zəngəzurda yerləşdirildilər. Onlar bununla kifayətlənməyərək sonralar Zəngəzurun bir sıra ərazilərini də ələ keçirməyə nail oldular.

1929-cu ildə Mehridə erməni rayonu yaratmaq adı altında Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi. Bu kəndlər Zəngilanın idi və Zəngilanın başçıları həmin kəndlərin rayon mərkəzindən xeyli aralı olduğunu və onlarla əlaqələrin çətinliyini əsaslandıraraq öz əməllərinə haqq qazandırmışdılar.

Zengezur-xeritesi

Zəngəzurun xəritəsi

1939-cu ildə Ernəzir Nüvədi ilə, Tuğut isə ermənilər yaşayan Astazurla birləşdirildi. Bununla da Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvandan ayrı salındı, məmləkətimiz parçaparça edildi. Zəngəzuru və İrəvanı ələ keçirməzdən çox-çox əvvəl Rusiya bu siyasəti Türkiyə ərazisində reallaşdırmağa çalışırdı.

Tarix elmləri namizədi Sani Hacıyev 2001-ci ildə "Azərbaycan" qəzetində çap etdirdiyi "Erməni məsələsi" adlı yazısında faktların dili ilə çox maraqlı məqamlara toxunmuşdur: "…İstanbuldakı Rusiya səfirliyinin müşaviri Qulkeviç müharibənin əvvəlində çarın Qafqazdakı canişininə yazırdı ki, ermənilərin köməyi ilə "muxtar" Türkiyə Ermənistanı yaratmaq, Mersin limanı ilə birlikdə bu muxtar vilayəti Rusiyanın müstəmləkəsinə çevirmək lazımdır. O yazırdı ki, "gələcək Ermənistan"ın sərhədləri istinasız olaraq rus dövlət mənafelərinə uyğun müəyyənləşdirilməlidir: "Gələcək Ermənistan"ın, deməli, Rusiyanın Aralıq dənizinə çıxışını təmin etməyə çalıŞmaq lazımdır. "Ermənistan"ın parçalanmasına və bununla bağlı olaraq Kilikiyada hər hansı dövlətin möhkəmlənməsinə yol vermək olmaz. Rusiya Xarici İşlər Nazirliyində bir sıra söhbətlər nəticəsində "Daşnaksütyun" nümayəndələri aşağıdakı təkliflərlə razılaşdılar:

1. Türkiyə imperiyasının ərazisində muxtar əsaslarda Ermənistan yaradılmalı;

2. Türkiyənin suverenliyinin saxlanılması; bu yalnız sultanın iri dövlətlərin general-qubernator təsdiq etməsi və bayrağın saxlanmasında özünü göstərəcəkdir. Ermənistanın daxili işlərinə hər hansı müdaxilə, yaxud orada türk qoşununun saxlanmasına yol verilə bilməz.

3. Üç dövlət – Rusiya, İngiltərə və Fransa tərəfindən Ermənistan üzərində qəyyumluq.

4. Ermənistan ərazisi 6 erməni vilayətini (Qərbdə və Cənubda demək olar ki, bütünlüklə müsəlmanlarla məskunlaşmış ayrı-ayrı kiçik əraziləri istisna olmaqla) Mersində bir Aralıq dənizi limanı ilə birlikdə Kilikiyanı əhatə etməli idi.

5. Çar hökumətinin "Muxtar Türkiyə Ermənistanı" üzərində öz qəyyumluğuna nail olmaq istəyi müttəfiqlərin, birinci növbədə Kilikiyada böyük maraqları olan Fransanın mənafeləri ilə zidd gəlirdi. Buna görə də rus diplomatiyası manevr edirdi.

Petroqraddakı rus-daşnak danışıqlarından sonra Rusiya XTN daşnaklara İngiltərə və Fransa hökumətlərinin qarşısında "erməni məsələsi"nin hazırlanmış həlli layihəsini daşnakların müdafiə etməsini məsləhət gördü. Xüsusilə də Kilikiyanın Şərqi Anadolu vilayətlərinə birləşdirilməsi barədə istinasız olaraq erməni nümayəndələri çıxış etməli idilər".

Gözləmək olardı ki, XX əsrin əvvəllərində yaranan Sovet İttifaqı adlanan güclü bir dövlət 200 ildən artıq davam edən haqsızlığa, erməni xəstəliyinə, çar Rusiyasının millitarist siyasətinə son qoyacaq. Əksinə oldu. Göründüyü kimi, bu haqsızlıq Sovet hakimiyyəti illərində 70 ildə daha da həddini aşmış, 1988-1991-ci illərdə dəhşətli bir zirvəyə çatdı. Məhz bu qısa müddətdə istilaçı sovet ordusunun köməyi ilə Azərbaycanın ərazisinin 20 faizi rusların yardımı sayəsində ermənilər tərəfindən işğal olundu.

Azərbaycan Respublikasının o vaxtkı rəhbərlərinin xəyanəti, bacarıqsızlığı, milli liderin olmaması, hakimiyyət üstündə Xalq Cəbhəsi liderləri ilə sovet ideologiyası ilə tərbiyə olunan, satqın, burnunun ucundan uzağı görməyən kütbeyin və əfəl, satqın dövlət rəhbərləri arasında gedən didişmələr oldu. Nəticədə, on minlərlə günahsız qanlar töküldü, 20% torpaq, onun maddi və mənəvi sərvətləri yağıların əlinə keçdi, bir milyon soydaşımız sonu görünməyən qaçqınlıq həyatına qovuşdu.

1993-ci ilin iyun ayında H.Əliyevin xalqın tələbi ilə respublikada hakimiyyətə gəlişi Azərbaycanı fəlakətdən qurtardı – sülh yarandı, ölkədə özbaşınalığa son qoyuldu, ordu yaradıldı, iqtisadiyyat yoluna qoyuldu, dünya miqyaslı işlər görüldü. Azərbaycan həqiqətləri təbliğ olundu.

Vilayət Əliyev "Zəngəzurda qalan izimiz" (Bakı, 2004) kitabından

Top
JoomlaLock.com All4Share.net