Kasapet yüksəkliyini darmadağın edən Şəhidimiz-Zakir Məcidov

Kasapet yüksəkliyini darmadağın edən Şəhidimiz-Zakir Məcidov

Bu gün Şəhid Zakir Məcidovun mübarək mövlud günüdür.

Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq.

Zakir Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə gedib, təhsilini 70 saylı orta məktəbdə tamamlayıb.

Orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olub. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi alıb.

Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləyir.

1980-ci ildə (1982) təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilib. Gənc leytenant 7 il bu müəssisədə çalışıb. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçib.

1985-ci ildən artıq Mİ-2 vertolyotunda heyətin komandiri təyin olundu. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, göstərdiyi uçuş keyfiyyətinə görə Mİ-2 vertolyotuna baş komandir keçdi. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri oldu o. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Z.Məcidov, ordakı vəziyyəti görüb, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olub.

Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır.

1992-ci il avqustun 6-sı, yayın qızmar günlərindən biri idi. Həmin gün Z.Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Kasapet yüksəkliyindəki mövqələrini darmadağın edir. Növbəti, dördüncü dəfə uçmaq əmri verildi ona. Qərargaha yeni qayıdan Z.Məcidov bu əmri də böyük hünər, igidlik göstərərək yerinə yetirdi. Bu onun son uçuşu oldu. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-24 vertolyotunun cəsur heyət üzvləri baş komandir Z.Məcidov 36 yaşında, təyyarəçi operator, Ukraynalı-Xarkov xilayətinin Zmaev şəhərində doğulmuş, ailəsinin yeganə yadigarı Ruslan Polovinko 22 yaşında və sərrast nişançı-snayperçi, Qax rayonunda dünyaya göz açmış Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimizin aydın səması uğrunda qəhrəmancasına Şəhid oldular.

14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layıq görülüb. Onun yanmış meyiti Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli qəhrəman Z.Məcidovun adını daşıyır.

1991-ci ilin noyabırında yenicə ailə qurmuşdu. Ölümündən üç ay sonra oğlu Fuad dünyaya göz açdı. Ruhu şad olsun!